“Görürsən ki, biri ofis açır, özünü psixoloq adlandırır, məsləhətlər verir”
“Lakin müraciət edən xəstələr də peşəkarlıq səviyyəsinin aşağı olmasını görür”
Dünən Milli Məclisin plenar iclasında "Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirə zamanı millət vəkili Asim Mollazadə son dövrlər mətbuatda intihar xəbərlərinə rast gəlindiyini xatırladıb: "Ağır psixoloji durumda olan insanların müraciət edəcəyi mərkəzlər yoxdur.
Səhiyyə Komitəsi bununla bağlı müvafiq sistemin yaradılmasına çalışmalıdır. İntihara cəhd etmiş insanların da məcburi müalicəyə cəlb edilməsi mexanizmi yaradılmalıdır”.
Spiker Oqtay Əsədov bildirib ki, inkişaf etmiş ölkələrdən olan Danimarka intiharların sayına görə birinci yerdədir: "Demək istədiyim odur ki, intiharların müxtəlif səbəbləri var”.
Millət vəkili Əhliman Əmiraslanov isə deyib ki, "Psixiatriya haqqında” qanunda bütün məsələlər əksini tapıb: "Ancaq Azərbaycanda "Psixoloji yardım haqqında” qanunun qəbuluna ehtiyac var. Bu sahədə bizdə boşluq var. Müəssisələrin bir çoxunda psixoloq ştatı var, ancaq bu yardımı göstərəcək mütəxəssislər yoxdur, ya da səviyyələri o qədər yüksək deyil”. Bu gün psixoloji yardıma ehtiyacı olan insanların nisbətən çoxaldığını təsdiqləyən psixoloq Dəyanət Rzayev "Şərq”ə açıqlamasında bu problemin həlli üçün normal fəaliyyət göstərən mərkəzlərin də olduğunu deyib: "Psixoloji yardım və psixiatriya tamam başqa məsələlərdir. Təəssüf edirəm ki, hazırda bir çox psixoloqların peşəkarlıq səviyyəsi qənaətbəxş deyil. Əgər düzgün müşahidə etsək, psixoloji yardım göstərən ən çox 10 yaxşı müəssisənin olduğunu görərik. Qanundan daha aktual olan psixoloji yardım göstərən şəxslər savadlı və peşəkar olmalıdır. Çox rastlaşırıq ki, bir ofis açılır, özünü psixoloq adlandıran şəxs psixoloji məsləhət verir. Lakin müraciət edən xəstələr də peşəkarlıq səviyyəsinin aşağı olmasını görür. Bunu tənzimləmək üçün düzgün proqram hazırlanmalı, psixoterapiya və danışmanlıq haqqında kurslar yaradılmalıdır”.
Müəssisələrdə mövcud olan psixoloq ştatlarının düzgün işləməməsinə aydınlıq gətirən psixoloq bildirib ki, psixoloji xidmətin zəif olmasından çox buna təsir edən amil maddiyyatla əlaqəlidir: "Gəlin, düzgün dəyərləndirmə aparaq. Müəssisələrdə psixoloq ştatları var düzdür, elə ilkin formada psixoloji fəaliyyətin vacib olduğu orta məktəbləri nümunə göstərə bilərik. Bir çoxunda istedadlı mütəxəssislər də yer alıb. Əgər peşəkarlıq səviyyəsindən şikayət ediriksə, ilk öncə səbəblərini müəyyən etməliyik. Məsələn, mən özüm idman sahəsində, kifayət edəcək yüksək maaşla psixoterapevt kimi işləmişəm, yüksək maaşım da olub. Bir çox müəssisələrdə isə çox az əməkhaqqı ilə iş təklif edirlər, hansı ki, burada psixoloji yardım vacibdir. Əlbəttə ki, belə təzadla yüksək psixoloji xidmətdən də söhbət gedə bilməz”. Psixoloji yardım baxımından psixoloqların fəaliyyətində boşluqlar olsa da, Azərbaycanda hazırda dünya miqyasında tanınan, ən yaxşı psixiatrlar fəaliyyət göstərir ki, bunu da danmamaq lazımdır.
Aysel Aslan