Qulu Məhərrəmli: “Digər bir tərəfdən biz hələlik dil qaydalarını kifayət qədər mükəmmələşdirə bilməmişik”
"Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilə bilər”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə, xüsusilə Pribaltika ölkələrində dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tədbirləri tətbiq olunur: "Yəni ədəbi dilin normalarını pozanlara qarşı maddi, yəni pul ödəmə cəzası tətbiq edilir. Tutaq ki, kimsə, çimərlik əvəzinə "plyaj” deyirsə, "tıxac” əvəzinə "probka” deyirsə, onlar pulla cərimələnir. Azərbaycanda da bunu kiçik məbləğdə pul cəriməsindən başlamaq olar. Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirləri görülür və bu tədbirlər effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib. Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldıra bilər”. Ədəbi dilin normalarının pozulması hallarının qarşısının alınması üçün institutun monitorinq şöbəsi tərəfindən daim monitorinqlərin keçirildiyini deyən M.Nağısoylu qeyd edib ki, belə halların olmaması üçün yalnız Bakıda deyil, digər rayon və şəhərlərdə də afişa, raklamlarla məşğul olan idarələrlə, hətta Səhiyyə Nazirliyi ilə (dərmanların, içkilərin hazırlanması ilə bağlı) müqavilə bağlamaq istəyirlər: "Bu tədbirləri həyata keçirmək istəyirik ki, ədəbi dilin normalarının pozulması hallarının qarşısı alınsın. Ədəbi dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu yalnız Dilçilik İnstitutunun işi deyil”. Filologiya elmləri doktoru Qulu Məhərrəmli "Şərq”ə açıqlamasında bu addımın heç bir effekti olmayacağını deyib. Onun sözlərinə görə, vaxtilə dil polisi yaratmaq haqqında da təşəbbüslər var idi. Amma bununla bağlı dərin müzakirələr getmədi və bu məsələ sadəcə kağız üzərində qaldı: "Dil normasının pozulduğu halda cərimələrin tətbiqinin real əsası yoxdu. Bu gün Azərbaycan vətəndaşı onsuz da müxtəlif vergilərə cərimə ödəyir. Həmçinin dil cəriməsi tətbiq edilərsə, hesab edirəm ki, bu bir az ədalətsizlik olar. Burada iki məsələ var. Əvvəla onu qeyd edim ki, cərimə ilə dili sevdirmək mümkün deyil. Digər bir tərəfdən biz hələlik dil qaydalarını kifayət qədər mükəmmələşdirə bilməmişik. Dildə olan bir çox mübahisəli məsələləri aradan qaldırmamışıq. Vətəndaşların şüuruna dilimizin hopmasını, onların bir subyekt olduğunu dərk etdirmək lazımdır. Bu gün Azərbaycan dilinə bir az barmaqarası münasibət var. Məsələn, bu gün iki azərbaycanlı bir-biri ilə rus, türk və ingilis dilində danışır. Hesab edirəm ki, bu, yolverilməz haldı. Ona görə də biz dərk etməliyik ki, dil bizim milli varlığımızı ifadə edən göstəricidir. Dilimizi bilməli və qaydalarına əməl etməliyik. Düşünürəm ki, bu cərimələrlə dilimizi sevdirə bilmərik. Konseptual yanaşma belədir ki, bu məsələ şüur və düşüncə ilə həll ola bilər”.
Yeganə Bayramova