Mehman Əliyev: “Guya o yazılar, hərflər orada qalarsa, nə olacaq, qiyamət qopacaq?! O hərflərin, elementlərin kimə ziyanı var? Hələ bunun üçün maliyyə vəsaiti də istəyirlər. Hərfləri götürməklə heç nə dəyişmir”
Pul olsa, Akademiyanın üzərindəki sovet “iz”ləri tamam silinəcək
Çünki bu binanın fasadındakı qırmızı ulduzlar erməni memarın bizə “yadigarıdır”
Mehman Əliyev: “Guya o yazılar, hərflər orada qalarsa, nə olacaq, qiyamət qopacaq?! O hərflərin, elementlərin kimə ziyanı var? Hələ bunun üçün maliyyə vəsaiti də istəyirlər. Hərfləri götürməklə heç nə dəyişmir”
Mehman Əliyev: “Guya o yazılar, hərflər orada qalarsa, nə olacaq, qiyamət qopacaq?! O hərflərin, elementlərin kimə ziyanı var? Hələ bunun üçün maliyyə vəsaiti də istəyirlər. Hərfləri götürməklə heç nə dəyişmir”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İstiqlaliyyət küçəsindəki AMEA-nın Rəyasət Heyəti binasının üzərində sovetdənqalma atribut və yazıların dəyişdiriləcəyini bildirib. AMEA prezidenti xatırladıb ki, ötən il bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət edilmişdi. Məktuba müsbət cavab verilib, lakin işlərin icrası üçün bir qədər maliyyə vəsaiti ayrılmalıdır.
Məlumdur ki, AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi bina paytaxtın ən ehtişamlı binalarından biri və bəlkə də birincisidir. Bəli, binanın yuxarı hissəsində sovetizm illərinin "izi” qalmaqdadır; "Azərbaycan SSR Elmlər Akademiyası” sözləri yazı qrafikamızda kiril hərflərinin meydan suladığı illərdə həkk edilib. Həmçinin, binanın fasad hissəsində beşguşəli qırmızı ulduzlar da var. Bu element və atributların silinməsi zəruridirmi? Və həmin elementlərin varlığı AMEA-nın bugünkü iş prinsipinə nə dərəcədə mənfi təsir edir? Ümumiyyətlə, edirmi? AMEA-nın Rəyasət Heyətinin o binada nə zaman toplandığı, toplanıb-toplanmadığı da məlum deyil. Bu binanın qapıları bircə seçkilər günü tez-tez açılıb-örtülür. Çünki orada seçki məntəqəsi yerləşdirilir. Digər vaxtlarda ildə-ayda bir kərə qapılar açıla, ya açılmaya. Sanki AMEA bu binanı özəlləşdirib, ancaq ondan istifadə etmir. Bir də ki, AMEA-nın işlək sayılan binasında fəaliyyətin necəliyi sual altındadır, Rəyasət Heyəti hansı fəaliyyətlə məşğuldur, bunun özü böyük bir araşıdırma tələb edən məsələdir.
Müsəlman Şərqində əzəmətli bina...
AMEA-nın Rəyasət Heyətinə qucaq açmış binanın tarixi isə həqiqətən çox maraqlı və eyni zamanda kədərlidir. Beynəlxalq axtarış sistemində "İsmailiyyə binası” adı altında təqdim edilən binanın tarixinə qısaca nəzər salaq: "İsmailiyyə sarayı” Bakı milyonçusu Musa Nağıyev tərəfindən, dünyadan erkən köçmüş oğlu Ağa İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilib. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İ.K.Ploşkodur. Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunub.
1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı olduğu əsaslandırılır. Ona görə də "Kaspi” qəzeti redaksiyası ilə (o dövrdə "Kaspi” qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur.
Bakı şəhər Duması 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir. Lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibəti ilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.
"İsmailiyyə” binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi "Azərbaycan Cumhuriyyəti” kitabında bu bina haqqında yazırdı: "Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir”.
Erməni memarın "qırmızı ulduzları”
1918-ci ilin Mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı binalarına da ziyan vurmağa çalışırlar. Bu zaman böyük zədə almış binalardan biri də İsmailiyyə sarayı olur. Saray əvvəlcə qarət edilir, sonra isə yandırılır. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın arxivi də yanaraq məhv olur.
Belə bir ağrılı tale yaşayan binanın möhtəşəm günləri də olub. Bina Bakının azad edilməsindən sonra Qafqaz İslam Ordusunun fəxri parad yürüşünə şahidlik edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra isə Fövqəladə Təhqiqat Komissiyası binanın hansı vəziyyətdə olmasını təsvir etmişdi və dəymiş ziyanın məbləğini hesablamışdı.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dağılmış İsmailiyyə sarayının yararsız olması səbəbiylə sökülməsinə qərar verilir. Lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan vermir və yalnız bundan sonra sarayın bərpasına qərar verilir. Binada bərpa işlərini memar Vartan Sarkisov həyata keçirib. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişikliklər edilir, vaxtilə Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızıl ulduzlar yerləşdirilir. Demək ki, "İsmailiyyə” binası ikinci dəfə erməni "sovet memarı”nın hücumuna məruz qalıb. İndi binanın fasadındakı qırmızı ulduzlar erməni memarın bizə "yadigarıdır”.
Tarixi dəyişməliyikmi?
Məsələyə münasibət bildirən "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev tarixlə uğraşmağın mənasız olduğunu vurğuladı:
- Hesab edirəm ki, AMEA-nın Rəyasət Heyətinin binasındakı sovetdənqalma elementləri dəyişməyə lüzum yoxdur. Bu, tarixdir. Tarixlə mübarizə aparmaq yersizdir və heç vaxt fayda gətirmir. Hesab etmirəm ki, həmin yazıların, elementlərin dəyişdirilməsinə hansısa zərurət var. Həmin yazıların və ya elementlərin orada qalması və ya silinməsi, dəyişdirilməsi, nə bizim tarixi dəyişdirməyimizə səbəb olacaq, nə də AMEA-nın keyfiyyətli fəaliyyətinə təkan verəcək. Yaxşı olardı ki, AMEA hazırkı durumda böhrandan çıxış yollarını göstərsin, alimlər, ziyalılar bir araya gəlib, ölkəmizin iqtisadiyyatı üçün yararlı olacaq üsulları, yolları arayıb axtarsınlar və ictimaiyyətə təqdim etsinlər. Əsas görüləcək işlər qalıb bir kənarda, bunlar hansısa elementlərin silinməsi, dəyişdirilməsinin "dərdini” çəkirlər. Guya o yazılar, hərflər orada qalarsa, nə olacaq, qiyamət qopacaq?! O hərflərin, elementlərin kimə ziyanı var? Hələ bunun üçün maliyyə vəsaiti də istəyirlər. Hərfləri götürməklə heç nə dəyişmir. Əgər kimlərsə bundan bərk narahatdırsa, bir lövhə vursunlar, üzərində qısa şəkildə yazılsın ki, bina nə zaman tikilib, hansı funksiyanı daşıyıb, nə zaman dəyişikliyə uğrayıb. Azərbaycan nə zamansa Sovet Sosialist Respublikası olub. Bu bizim tariximizdir. Biz o zamana aid bütün abidələri, yazıları məhv etməklə, dağıtmaqla, həmin tarixi onsuz da silə bilməyəcəyik. Lazımsız işlərlə məşğul olmaqdan artıq əl çəkməliyik. Fransa bir vaxtlar monarxiya olub. Kralı devirib, respublika quruluşu yaratdılar. Kral sarayını sökdülər, ya dağıtdılar?! Yelisey Sarayı indi də qalır və milyonlar oranı ziyarət edir.
M.Əliyev bu tip məsələlərin vaxtaşırı qaldırılmasının əleyhinə olduğunu da dedi:
- Bir də görürsən ki, Fəxri Xiyabandakı hansısa məzar daşları məsələsi gündəmə gətirilir. Şəxsən mənim üçün burada problemli bir məsələ yoxdur. Biz tariximizi yaxşı öyrənməliyik və bilməliyik ki, bəli, bir vaxtlar Müsavat partiyası üzvləri bolşeviklər tərəfindən "xalq düşməni” kimi güllələnib. Mən o məzarların başdaşlarında o yazıları oxuyanda həmin ziddiyyətli dövr göz önümə gəlir, düşünürəm. Hər bir abidə, hər bir bina insanda müəyyən hisslər yaradır. Belə çıxır ki, sovet illərində yazılmış, nəşr edilmiş bütün kitabları məhv etməliyik?! İnsan qadağalar yoluyla deyil, şüurlu şəkildə, özü düşünərək yaxşı ilə pisi ayırd etməlidir.
Məlahət Rzayeva