Sahibkarlıq fəaliyyəti üçün mülkiyyət, kapital əsas şərt deyilSadəcə bir həqiqəti qəbul etməliyik ki, əhalinin müəyyən faizi işgüzardır, bu faizin içində də müəyyən qadınlar var
"Azərbaycanda sahibkar qadınlar” mövzusunda keçirilmiş dinləmələrdə müasir cəmiyyətin qadına çoxsaylı əlavə statuslar verdiyi vurğulanıb. Bu statuslardan biri də qadınların sahibkar kimi fəaliyyət göstərə bilmələridir. Lakin bu da qeyd edilib ki, bəzi hallarda qadınlar xüsusi mülkiyyət sahibi olmadığından sahibkarlıq fəaliyyəti göstərmələrinə əngəl yaranır.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdən biri kapitala sahib olmaqdır. Ancaq bir çox hallarda qadınların üzərində mülkiyyət olmadığı üçün bu məsələlərdə onlar ciddi problemlərlə rastlaşırlar.
İqtisadçı-ekspert Vahid Məhərrəmov isə "Şərq”ə açıqlamasında mülkiyyətə sahibliyin sahibkarlıq fəaliyyəti üçün əsas şərt olmadığını dedi:

- Qadının sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi üçün mülkiyyət, kapital əsas şərt deyil. Heç kimin qarşısına belə bir şərt qoyulmur. Kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti üçün də ümumiyyətlə, belə bir şərt irəli sürülmür. Mən nə qədər qadın tanıyıram ki, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Fermer qadınlarımız var. Qadınlar müqavilə ilə torpaq sahəsi götürür, bəzən bələdiyyələrdən alır və sahibkarlıqla məşğul olur. Kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olmaq ümumiyyətlə, asandır. Qadınların da adına torpaq sahələri var, işlədirlər. Bundan başqa, pay torpaqları olanlar var ki, özləri işləmir, torpaq sahələrini icarəyə verirlər. Qadınlar bu torpaq sahələrini də götürüb işlədir. Amma bir problem var ki, kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olanlar nə fiziki, nə də hüquqi şəxs kimi rəsmi qeydiyyata alınır. Qeydiyyat aparılmadığından istehsal edilən məhsul barədə də dövlət qurumları məlumatsız qalır. Bilinmir ki, kənd təsərrüfatı sahəsində nə qədər sahibkarlıq subyekti var. Əsas kapital deyil, əsas qadının bacarığı, istedadı, işgüzarlığıdır. Bunlar varsa, qadın sahibkarlıqla da məşğul olacaq, özünə yol açacaq, yaşayışını təmin edəcək. Məsələn, bizim keçirdiyimiz tədbirlərdə xeyli sayda qadınlar iştirak edir, görürük ki, əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Bütün məsələlərlə maraqlanırlar, tədbirlərdə aktiv iştirak edirlər, onları maraqlandıran suallara cavab axtarırlar. Mən deməzdim ki, qadınlarımız passivdir. Sadəcə, bir həqiqəti qəbul etməliyik ki, əhalinin müəyyən faizi işgüzardır. Bu faizin içində də müəyyən qədər qadınlar var.
V.Məhərrəmov QHT-lərin sahibkar qadınlarla bağlı əndişəsini əsassız saydığını da dedi:
- Təəssüf ki, bəzən QHT-lər əllərində fakt olmadığı halda, uydurmalara əsaslanırlar. Qadınlar niyə mülkiyyət sahibi deyil ki?! Mənim evim həyat yoldaşımın adınadır. Həmişə də belə olub. Sorğu keçirsəniz, qadınların mülkiyyət sahibi olduğunu görərsiniz. Nadir hallarda kişilər qadınları mülksüz qoyur. Əksər hallarda kişi hətta həyat yoldaşından boşananda da evi xanımına verir, onun adına rəsmiləşdirir, çünki balaları var. Evdə ana, övladları ilə yaşayır. Mülk də onların adına rəsmiləşmiş olur. Hesab edirəm ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasında əmlakla bağlı problem yoxdur. Qadın passivdirsə, işləmək istəmirsə, adına nə qədər mülk olur-olsun, xeyri yoxdur. Hesab edirəm ki, qadınların problemi yalnız siyasi statusla bağlıdır. Azərbaycanda neçə nazir qadın var? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sədri və ombudsman qadındır. Baxın, Nazirlər Kabineti ilə keçirilən müşavirələrdə masa arxasında bir nəfər də qadın xeylağı əyləşmir. Halbuki orada qadınlar da iştirak etmiş olsaydı, problemlər qaldırılardı. Və onların həllinə də daha tez və effektiv nail olunardı, çünki qadının dilindən eşidilən məsələyə münasibət daha ciddi olur. Qadın özü də məsuliyyətlidir. Bəzi kişi nazirləri qadınlar əvəzləsəydi, hökumətin fəaliyyəti daha səmərəli olardı.
V.Məhərrəmov bildirdi ki, sahibkarlıq fəaliyyəti üçün şəxsin adına mülkiyyət olması kimi bir tələb yoxdur:
- Kiçik və orta sahibkarlıq üçün banklar güzəştli kreditlər verir. Bu, mövcud qanunda da əksini tapıb. Sadəcə, qanun qəbul olunduqdan sonra Nazirlər Kabinetinin bundan irəli gələn qaydaları müəyyənləşdirməsi lazım idi, təəssüf ki, bu qaydalar müəyyənləşmədi və təsdiqlənmədi. Banklar böyük məbləğli kreditlər üçün girov qoyulmasını tələb edir. Burada da düşünmürəm ki, qadınlar çətinliklə üzləşsin, çünki əksər qadınların adına mülkiyyət var. Amma olmasa belə, həyat yoldaşı ona kömək edər. Qadın bir iş görmək istəyirsə, yəqin ki, ailəsi ilə də məsləhətləşir. Gəlirli işdirsə, ailəsi də ona dəstək olur. Digər tərəfdən onsuz da qadınlar böyük məbləğ tələb olunan işlərə baş qoşmurlar. Deyək ki, ofis icarəyə götürmək, mini-market işlətmək, qonşu ölkələrdən mal və məhsul ixracı, parfümeriya, geyim malları... Adətən qadınlar bu işlərlə məşğul olur. Bunun üçün də böyük məbləğlərə deyil, orta kapitala ehtiyac var. Bunu da əldə etmək mümkündür. Çünki sahibkarlıq fəaliyyəti üçün güzəştli və uzunmüddətli kreditlər verilir. Əlbəttə, yaxşı olardı ki, əlverişli şərtlər tətbiq edilsin. Məsələn, Rusiyada sahibkarın təqdim etdiyi biznes-plan yaxşı tərtib edilibsə, iqtisadi cəhətdən əsaslandırılıbsa, gəlirli olacağına inam böyükdürsə, birinci il üçün bankdan alınmış kreditin faizinin tən yarısını dövlət ödəyir. Bununla sahibkara dövlət dəstək olur. İkinci il isə artıq layihə gəlir gətirməli və özünü maliyyələşdirməlidir. Bizdə də belə şərtlər tətbiq edilsə, sahibkarlıq subyektlərinin sayı artar, o cümlədən qadın sahibkarların da.
Məlahət Rzayeva