Pulsuz təhsil “yaraları” sağaltmayacaq

Onsuz da ölkəmizdə dini təhsil qənaətbəxş deyil
“Bizdəki din anlayışı ancaq molla yetişdirməklə kifayətlənir”

"Azərbaycanda Bakı İslam Universiteti pulsuz təhsil versin”. Bunu "Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərə münasibət bildirən millət vəkili Zahid Oruc deyib. Millət vəkili çıxışı zamanı təklif edib ki, xaricə pulsuz təhsil üçün gedən gənclərin sayının azalması və bu prosesin qarşısının alınması üçün Azərbaycanda Bakı İslam Universiteti, o cümlədən dini təhsil verən təhsil müəssisələrinin pulsuz təhsil verməyi məqsədəuyğun olar.

Deputat bildirib ki, dövlətin bu xərcləri qarşılamaq üçün kifayət qədər gücü var. Təklifə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə deyib ki, ilk növbədə Azərbaycanda verilən dini təhsilin qaneedici olub-olmamasına baxmaq lazımdır. Ekspertə görə, ölkədə verilən dini təhsil qənaətbəxş deyil: "Bizdəki din anlayışı ancaq molla yetişdirməklə kifayətlənir. İlahiyyat fakültəsində verilən dərslər də təəssüflər olsun ki, "zina edənin daş-qalaq edilməsi, dindən dönənin öldürülməsi” üzərində dayanan ənənəvi islam anlayışını əhatə edir. Orada hansısa yenilikdən, Qurana əsaslanan elmdən söhbət getmir. Bu gün kənar ölkələrdə dini təhsil alanlar arasında sorğu keçirsələr, görəcəklər ki, onların 99 faizi Azərbaycan universitetlərinə qəbul ola bilməyən, ölkə təhsilindən bixəbər olan, xaricdə kiminsə refransı, dəstəyi ilə təhsil alan insanlardır. Valideyndən pul alaraq xarici ölkəyə gedənlər orada təhsil alır və geri qayıdanda burada işləyib o pulu çıxardırlar. Ancaq problem ondadır ki, buradan gedənlər pulsuz gedirlər və xarici ölkədə onlara verilən təqaüd hesabına təhsil alırlar. Hətta qayıtdıqdan sonra da xaricdəki fondlardan onlara yardım göstərilir. Məsələ bu cür araşdırılarsa, başqa səbəblər orataya çıxar. Görərik ki, xaricdə bakalavr dərəcəsini 9 ilə oxuyub qurtaran bir insan Azərbaycanda bizə böyük şəxsiyyət kimi sırınır”. İlahiyyatçı bildirib ki, Azərbaycanda pulsuz təhsilin, ümumiyyətlə, hər kəsin təhsil almasının tərəfdarıdır: "Bu gün hüquqda oxuyan fikirləşir ki, oranı bitirdikdən sonra vəkil olacaq və yaxşı pul qazanacaq. Jurnalistikanı oxuyan fikirləşir ki, telejurnalist olacaq, efirlərdən pul qazanacaq. Amma dinlə bağlı təhsil alan şəxsin hansı karyerasından söhbət gedə bilər? Fikirləşəcək ki, gələcəkdə qazi və ya şeyxülislam olacaq, molla olacaq, gedib kiminsə yasında dua edib oradan aldığı pulla öz keçimini təmin edəcək. Bu cür yanaşma tamamilə yanlışdır və dinə uyğun deyil. Ona görə də təklif edərdim ki, bu məsələləri qabartmaqla yanaşı, vurğuladığım məqamlara da diqqət yetirilsin. O zaman bir çox mətləblərin üstü açılır”.

İsmayıl