Fırıldaqçı iş adamlarını himayə edənlər var
Tikinti şirkətlərinin özbaşınalığı vətəndaşları müflis edir
Ölkəmizdə banklardan külli miqdarda vəsait götürüb, qaytarmayan sahibkarlar sırasına biri də əlavə olunub. Bu şəxs "General Construction” şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənovdur. O, Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar həbs edilib.
Məlumata görə, C.Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Məhkəmədə həbs-qətimkan tədbiri seçilib. C.Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43-ü borclarını ödədikdən sonra sərbəst buraxılıb. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Sözügedən iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir.
Məsələyə aydınlıq gətirən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov "Şərq”ə deyib ki, son zamanlar ölkəmizdə külli miqdarda pul mənimsəmə məsələsi kütləvi hal alıb. Onun sözlərinə görə, bu, Mərkəzi Bankın apardığı yanlış siyasətin nəticəsidir: "Düzdü, kreditlər kommersiya banklarından götürülür. Amma Mərkəzi Bank və digər qurumlar onları nəzarətsiz buraxmalı deyil”.
Tikinti şirkətlərinin özbaşınalığına gəlincə, müsahibimiz söyləyib ki, bu problemə qarşı hələ 2007-ci ildən mübarizəyə başlayıblar: "Baxın, heç bir sənədləşmə olmadan tikinti şirkətləri sizə ucuz qiymətə ev verəcəyik deyib, vətəndaşlardan pul yığırlar. Sonra da o mənzili bir neçə adama sataraq, yığdıqları pulu da götürüb aradan çıxırlar. Ona görə də, biz tikintidə paylı iştiraka dair qanunun qəbul olunması barədə təklif verdik. Təklifimizdə göstərdik ki, kimsə yaşayış binası tikib, satmaq istəyirsə, müəyyən texniki mərtəbəyə qədər tikintini şirkətin özü etməlidir. Bununla göstərməlidir ki, o şirkət tikintini aparmaq iqtidarındadır. Sonrakı mərhələdə isə hər mərtəbə inşa olunduqca, şəxslərlə notarial qaydada müqavilə bağlanmalıdır. Hər mərtəbə üçün alınan pul sığortalanmalıdır. Tikinti başa çatandan sonra artıq o şəxslə alqı-satqı başa çatmalıdır və reyestrə daxil edilməlidir. Proses bu xətlə getməlidir. Əfsuslar olsun ki, belə getmir və yığılan pul bank vasitəsilə deyil, əldən-ələ toplanır. Alınan pulları sığortalanmır. Nəticədə belə dələduzluqlar baş verir. Proseslər dediyim şəkildə tənzimlənməyənə qədər analoji fırıldaqlarla çox rastlaşacağıq”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, bu cür özbaşınalıq törədən MMC rəhbərlərinin arxasında müəyyən qrup məmur dayanır: "Kimsə onları himayə edir. Amma bütün hallarda insanlar çalışmalıdırlar ki, aldanmasınlar”.
Ayyət Əhməd