Putin Lavrovu nəzarətinə almalıdır

Çünki o, Rusiyanın milli maraqlarını özünün erməni maraqlarına qurban verir
Lavrov başda olmaqla, Rusiya XİN-də kök salmış erməni kadrlar Moskvanın xarici siyasətini erməni lobbisinin maraqlarına uyğun formalaşdırmağa cəhd edir




"ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov heç vaxt deməyib ki, Dağlıq Qarabağ "respublikası” münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına qayıtmalıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakyanla görüşü zamanı deyib. Nazir bu məsələdə Rusiyanın mövqeyinin dəyişməz qaldığını deyib: "Bu mövqe hər zaman Dağlıq Qarabağ məsələsinin ATƏT-in Minsk Qrupu vasitəsilə həllində əks olunub. Prosesin iştirakçıları Azərbaycan və digər dövlətlərlə yanaşı, həm də Ermənistandır. Əminik ki, bu, optimal formatdır. Yeri gəlmişkən, bəzi mərhələlərdə "Dağlıq Qarabağ” nümayəndələri də bu prosesdə iştirak edib. Sonra tərəflərin razılığı ilə format dəyişdirildi və indiki kimi oldu. Cənab Popov heç vaxt deməyib ki, onlar qayıtmalıdır. Xahiş edirəm, diqqətli olaq. Əgər tərəflər hansısa mərhələdə "Dağlıq Qarabağ”ın danışıqlarda yenidən təmsil olunması ilə bağlı razılığa gələrlərsə, bu, onların qərarları olacaq və biz bu qərara hörmətlə yanaşacağıq”.

Lavrovun, ümumiyyətlə, Rusiya rəsmilərinin ziddiyyətli açıqlaması Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, son vaxtlar Lavrov başda olmaqla, Rusiya XİN-də kök salmış erməni kadrlar Moskvanın xarici siyasətini erməni lobbisinin maraqlarına uyğun formalaşdırmağa cəhd edir: "Lavrov və onun başına toplaşmış ermənilər Cənubi Qafqazla bağlı məqamları təkbaşına, Rusiya prezidentindən yan keçərək formalaşdırmağa cəhd edirlər. Bu, heç də Moskvanın maraqları ilə üst-üstə düşmür. Dağlıq Qarabağ tərəfində iplərin bütün ucu Lavrovun əlindədir. KİV-lərə, ictimai rəyə verilən mesajlar daha çox Lavrovun tapşırıqları əsasında formalaşır. Bu mənada xüsusilə son vaxtlar erməni maraqlarının qorunmasında Lavrovun yanaşmaları hiss ediləcək dərəcədə qabarıb. Rusiyanın maraqlarını dəqiq bilən və bunu hər zaman ön plana çəkməyə çalışan millətçi əhval-ruhiyyəli ziyalılar bunun Rusiyaya xeyir gətirməyəcəyi qənaətindədirlər. Rusiya XİN başçısı istənilən şəraitdə erməni maraqlarını qorumaq üçün çox ciddi manevrlər edir və bəzən də rus siyasi elitasını istədiyi istiqamətə yönləndirməyə nail olur: "Bu isə Rusiyanın siyasətinə qeyri-ciddilik gətirir və inamsızlıq yaradır. 

Ona görə də Rusiyanın xarici siyasəti ciddi tənqid edilir”. Ekspertin fikrincə, Lavrov Rusiyanın milli maraqlarını özünün erməni maraqlarına qurban verir: "Ümumiyyətlə, hazırda Rusiya xarici siyasətində həqiqətən də çaşqınlıq var. Putin prezident seçildikdən sonra sürətlə dəyişən dünyanın tələblərinə uyğun yeni konseptual baxışların hazırlanmasına ciddi imkan yaradıb. Təəssüf ki, burada aparıcı rollardan biri də Lavrov və onun ətrafına toplaşmış erməni lobbisinə verilib. Düzdür, Qarabağ məsələsinin həlli Rusiyanın əlindədir, ancaq Lavrov və erməni lobbisinin səyləri fonunda son zamanlar qırmızı xəttin keçilməsi baş verir. Bu məsələyə mütləq Putinin müdaxiləsi lazımdır. 

Eyni zamanda, bu məsələdə ikibaşlı oyuna son qoyulmalıdır. Mnatsakyanın Rusiyada Lavrovla qondarma DQR-in tərəf kimi danışıqlar prosesinə cəlb edilməsini müzakirə etməsi çox təhlükəli tendensiyadır. Paşinyan bunu əlində bayraq tutaraq, qondarma respublikanı "de-yure” tanıtmaq istəyir. Bu məsələdə erməni siyasi rəhbərliyi ilə Lavrovun mövqeyi arasında ciddi oxşarlıq var. Hətta bu oxşarlıq bəzən Moskvadan Lavrov vasitəsilə İrəvana nəql edilir və bir növ daha strateji nöqtələrə yönləndirilir”.

İsmayıl