Putin Quranın müdafiəsinə qalxdı

Rusiya prezidenti müqəddəs kitablardakı mətnləri ekstremist adlandırmağı qadağan edib




Rusiyanın prezidenti Vladimir Putin ekstremizm haqqında danışarkən Quran, İncil və digər müqəddəs kitablardan sitatlar gətirməyi qadağan etməyi təklif edib.
O, Rusiya Dövlət Dumasına bu haqda qanun layihəsi də təqdim edib. Həmin qanuna əsasən, Xristianlıq, İslam, İudaizm və Buddizmə aid müqəddəs kitablar ekstremist mənbə kimi təqdim və təsdiq edilə bilməz.

"İncil, Quran, Tanax (İudaizmdə müqəddəs yazı) və Qancur (müqəddəs buddist mətnlərinin toplusu), onların mətnləri və onlardan sitatlar ekstremist material kimi təsdiq edilə bilməz", - deyə qanun layihəsində deyilir. Ehtimal olunur ki, həmin qanun layihəsi rəsmən elan edilən gündən etibarən qüvvəyə minəcək.

Qanuna edilən bu dəyişiklik onunla izah edilir ki, hər kəsin vicdan azadlığı, fərdi və ya başqaları ilə birlikdə istənilən dinə ibadət etmək və ya heç bir dinə ibadət etməmək azadlığı var.

Beləliklə, Putinin bu qərarı ilə insanlara hansısa dinə aid olmaq və ya heç bir dinə aid olmamaq hüququ verilir.

O, həmin azadlıqların təmin edilməsi ilə bağlı da qərar verib. Belə ki, vicdan və din azadlıqlarını həyata keçirmək üçün dini birliklər, qurumlar da qanuna uyğun şəkildə fəaliyyət göstərməlidir.

Putinin qanun layihəsinə təklif etdiyi bu dəyişiklik heç də yersiz deyil. Belə ki, bir müddət əvvəl Rusiyanın Yujno-Saxalinsk rayonunun hakimi Natalya Perçenko Quranın bəzi sürələrini ekstremist adlandırıb. O, "Molba (Allaha yalvarış): İslamda onun qiyməti və yeri" kitabını ekstremist materiallı kitab kimi tanıyıb.(anspress)

Perçenko Müqəddəs Kitabdakı "Fatihə" və bir neçə digər surələri buna səbəb olaraq göstərib. "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!" ("Fatihə" surəsi, 5-ci ayə) və "Allahdan başqa heç kəsə ibadət etməyin!" ("Cin" surəsi, 18-ci ayə) cümlələri xüsusilə ekstremist adlandırılmışdı.

Bundan sonra Perçenkoya qarşı bir çoxları etiraz etdilər. Çeçenistan Respublikasının deputatı məhz bu səbəbdən müqəddəs kitablardakı mətnləri ekstremist adlandırmağı qadağan edən qanun layihəsi təklif edib.
Hətta Çeçenistanın prezidenti Ramzan Kadırov da məsələyə biganə qalmayıb. O, Yujno-Saxalinsk rayonun hakimini və prokurorunu milli satqın adlandıraraq cəzalandırılmaları üçün appelyasiya məhkəməsinə müraciət ediləcəyini bildirib.