Putin xəbərsiz deyil

Məhkəmənin ədalətsiz qərarı Rusiyanın tərəfsiz vasitəçiliyinə inamı azaldır
“Burada erməni faktoru olsa da, bununla kifayətlənmək lazım deyil. Çünki bu qərar məqsədli atılan bir qərardır”

Rusiyanın Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Demək olar ki, cəmiyyətin hər kəsimi, o cümlədən dövlət rəsmiləri Məhkəmə tərəfindən verilən qərarın əsassız olduğunu və ikili əlaqələrə böyük ziyan vurduğunu bəyan ediblər. 

Rəsmi Bakının etirazlarından sonra Rusiya tərəfi başqa bir təkliflə çıxış edib. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev soydaşlarımıza yeni təşkilat yaratmağı təklif edib. O deyib ki, əgər məsələ məhkəməyə kimi gedibsə, onda problemi Rusiya qanunvericiliyinə əsasən həll etmək lazımdır: "İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur. İllərlə, onilliklərlə, əsrlərlə qurulan, qorunan bu münasibətlərə lokal bir hadisə xələl gətirməməlidir. Məsələni həll etmək mümkün olmayacaqsa, yeni təşkilat yaratmaq, onun formalaşmasında qanunu bütün dəqiqliyi ilə əsas götürmək və tam həcmdə Rusiyada yaşayan azərbaycanlıların ictimai birliyini bərpa etmək lazımdır”.

"ÜAK-la bağlı qərar erməni təxribatıdır”

Milli Məclisin deputatı Rövşən Rzayev deyib ki, Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələr var. Deputatın fikrincə, ÜAK-ın qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib: "ÜAK-ın ləğvi ermənilərin təxribatıdır. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır. Lakin Rusiya ilə Azərbaycan müttəfiq ölkədir və hesab edirəm ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır”.

"Ali Məhkəmənin qərarı Rusiyanın tərəfsiz vasitəçiliyinə olan inamı azaldır”

Millət vəkili Elman Nəsirov da bildirib ki, Rusiyada müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirmək, iki dövlətin münasibətlərini korlamaqdır: "ÜAK hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verib. İki dövlətin xalqları, vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafına yardım edib. Görünür, Rusiyada müəyyən siyasi dairələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirməkdir. Bu, eyni zamanda, Rusiya kimi böyük dövlətə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın tərəfsiz vasitəçiliyinə olan inamı azaldır. Bu addımlar Azərbaycan ictimaiyyətini ciddi narahat edir. 120 mindən çox Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması da bəyanat yayaraq bildirib ki, Rusiyadakı müəyyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması üçün öz cəhdlərini dayandırmırlar. Heç bir şübhə doğurmur ki, öz həmvətənlərimizə qarşı bu cür münasibət Azərbaycan və Rusiya arasında, xalqlar arasında dostluq münasibətlərinin inkişafına kömək göstərmir. Biz ölkələrimiz arasında münasibətlərin inkişaf etməsindən məmnunuq. Bunun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, biri-birinin maraqlarına hörmət dayanır və imkan vermək olmaz ki, bədxah qüvvələrin fəaliyyəti xalqlarımız arasındakı möhkəm əlaqələri pozsun”.

"Rusiya dövlət rəhbərinin bu məsələdən xəbərsiz olması mümkün deyil”

Millət vəkili Elman Məmmədov deyib ki, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə tərəfindən ləğv edilməsi ilə bağlı çıxarılan hökm sifarişli qərar nəticəsində verilib. Onun sözlərinə görə, Rusiya məhkəməsinin belə bir qərarı təkcə Rusiyada yaşayan milyonlarla azərbaycanlıya qarşı yox, eyni zamanda Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir: "Bu hərəkəti mən Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı növbəti təxribatı və təzyiqi kimi dəyərləndirirəm. Burada erməni faktoru olsa da, bununla kifayətlənmək lazım deyil. Çünki bu qərar məqsədli atılan bir qərardır. Mən o fikirlə razı deyiləm ki, yüz minlərlə insanı öz ətrafına birləşdirən bir təşkilatı Rusiya Ədliyyə Nazirliyindəki bir qrup insan ləğv etsin”. Millət vəkili eyni zamanda, ÜAK-ın ləğvi ilə bağlı məsələdən Rusiya dövlət rəhbərinin xəbərinin olmaması ilə bağlı fikirlərlə də razı olmadığını dilə gətirib: "Rusiya dövlət rəhbərinin bu məsələdən xəbərinin olmaması mümkün deyil. Məsələ uzandığından dövlət rəhbərinin mütləq xəbəri olmalı idi. Çünki bu, sadə məsələ deyil. Ola bilsin, bununla Azərbaycana təzyiq edib, hansısa məsələyə təhrik etmək istəyirlər”.

"ÜAK-la bağlı hüquqi qərarı xeyrimizə dəyişdirməyə çalışmalıyıq”

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması haqqında qərarı bəhanədir. Onun sözlərinə görə, Rusiya ilə dostluq Azərbaycana lazımdır. Çünki Rusiya Azərbaycan üçün vacib ölkədir: "Rusiya hesab edir ki, ona qarşı beynəlxalq hüquq manipulyasiya edilir, onun hüquqları tapdanır. Biz də düşünürük ki, belədir. Amma Rusiya ÜAK-la bağlı qərar qəbul edəndə nəzərə almalıdır ki, onlar da öz qərarlarında hüquqla manipulyasiya edirlər. ÜAK-a qarşı ədalətsiz mövqe tutmaq olmaz. Əgər məsələyə bu gözlə baxsalar, ədalətli qərar qəbul edə bilərlər. Proses hələ başa çatmayıb, ona görə də mübarizəmizi davam etdirməliyik. Azərbaycan diplomatiyası, parlament, diasporumuz bu işdə səfərbər olmalıdır. Çalışmalıyıq ki, önümüzdəki müddətdə ÜAK-la bağlı hüquqi qərarı xeyrimizə dəyişdirə bilək”.


İsmayıl