“Putinə bir sual vermək lazımdır...”
Sərdar Cəlaloğlu: “Erməni ilə azərbaycanlı Rusiyada düşmənçilik etmirsə, Qafqazda niyə düşmənçilik etsin ki...?”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə son günlər cəbhədə yaşanan gərginlik, xalqımızın və ordumuzun döyüş əzmi, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatları, həmsədr ölkələrin münaqişəyə ikili standarlarla yanaşması və digər məsələlər ətrafında müakirələr apardıq. Partiya sədri "Şərq”ə müsahibəsində bildirdi ki, Azərbaycan Ermənistana hərbi və siyasi iradəsini göstərdi:
"Düşmən tərəf və havadarları şahidi oldular ki, Azərbaycanda kifayət qədər vətənpərvər, millətini, torpağını sevən, milləti, torpağı yolunda canından keçməyə hazır olan oğullar var. Anladılar ki, öz ərazilərimizi beynəlxalq hüquqa uyğun şəkildə separatçılardan təmizləmək siyasətini aparsaq, biz qalib gələcəyik. Sadəcə, Moskva bu məsələdə ölkəmizə təhdid və əngəllər yaradır. Ərazilərimizi düşmən tapdağından azad etməyə imkan vermir. Problem bundan ibarətdir.
- Cəbhədəki gərginlikdən sonra işğal olunmuş 5 rayonumuzun qaytarılması məsələsi gündəmə gəlib. Bu, nə dərəcədə realdır?
- 5 rayonun qaytarılması uzun illərdir gündəmə gəlir. Son hadisələr bu mövzunu növbəti dəfə aktuallaşdırdı. Dünya ictimaiyyəti açıq şəkildə gördü ki, münaqişənin yenidən başlaması yalnız Azərbaycan və Ermənistan deyil, daha çox ölkənin iştirakına gətirib çıxaracaq. Bir tərəfdən Azərbaycanı dəstəkləyən dövlətlər öz mövqelərini ortaya qoyacaqlar. Digər yandan Rusiya isə birmənalı şəkildə Ermənistanı dəstəkləyəcək. Bu da ciddi bəşəri qarşıdurmalara səbəb ola bilər. Eyni zamanda 4 günlük döyüşlər göstərdi ki, müasir silahlanma şəraitində atəşkəs rejiminin pozulması olduqca ağır nəticələrə gətirib çıxarır. Deyim ki, son döyüşlərdə Dağlıq Qarabağ məsələsində status-kvo dəyişmişdi. Ermənistan və Rusiyanın münasibətlərində müəyyən dəyişikliklər nəzərə çarpırdı. Lakin o da ola bilər ki, Rusiya vaxtdan istifadə edib, Ermənistanı yenidən silahlandırsın. Mövqelərini möhkəmləndirmək üçün yeni planlar həyata keçirsin. Ümumiyyətlə, Moskvanın Azərbaycan dövlətinə və xalqına qarşı xoşniyyətli addım atacağını heç vaxt gözləmirəm. Düzdü, Rusiyada da ədalətli insanlar var. Münaqişənin mahiyyətini çox yaxşı bilirlər. Ədalətli mövqe tuturlar. Bununla yanaşı, şovinist Jirinovski beyinli insanlar da mövcuddur ki, onlar rus xalqının xoşbəxtliyini başqa xalqların torpaqlarını işğal altında saxlamaqda görürlər. Qısası, Rusiyanın siyasəti dəyişilməyənə qədər, 5,7 rayonun və Dağlıq Qarabağın qaytarılmasına ümidim çox azdır.
- Dünən V.Putin ənənəvi olaraq televiziyada canlı yayımla ona ünvanlanan sualları cavablandırıb. Qarabağ münaqişəsinə toxunan Prezident qeyd edib ki, problemin tənzimlənməsi üçün uzunmüddətli həll yolu tapılmalıdır. O, uzunmüddətli həll yolu dedikdə nəyi nəzərdə tutur?
- Putin bunu deməklə Qarabağ problemini nə üçün yaratdığını açıq şəkildə ortaya qoyur. Uzunmüddətli həll o deməkdir ki, Moskva Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq üçün İrəvandan silah kimi istifadə edir. Ona görə də gah Azərbaycan, gah da Ermənistan tərəfini qızışdırır. Silahlı qarşıdurma yarananda da özünü barışdırıcı və sülhsevər vasitəçi kimi göstərir. Bunu da dünyaya nümayiş etdirir. Halbuki, münaqişənin törədilməsi və inkişafı Kreml xarici siyasətinin əsas elementlərindən biridir. Baxın, dünya münaqişənin həllini tezləşdirmək istəyir, Putin isə müddəti uzadır. Bax, vaxt uzatmaq nəyə lazımdır? Rusiyanın gücü var deyə kiçik dövlətləri özünün təsiri altındamı saxlamalıdır? Beynəlxalq hüquq var. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir. Rus və erməni qoşunları torpaqlarımızdan çıxarılmalıdır. Dağlıq Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəyirlərsə, dövlətimiz onların təhlükəsizliyinə təminat verməlidir. Yox istəmirlərsə, çıxıb getməlidirlər. Guya müddət uzananda Rusiya nə kəşf edəcək? Yoxsa beynəlxalq hüquqda hansısa dəyişiklik olacaq? Uzanan münaqişələrin nə qədər ağır və faciəli olduğunun şahidi olmuşuq. Putinin müddət uzatması o deməkdir ki, hələ burada çoxlu insanlar həlak olacaq. Böyük dağıntılar baş verəcək. Bəyanatın mənası bundan ibarətdir. Rusiya Azərbaycan və Ermənistanın münaqişədən xilas olmasına imkan vermir. İstəyir ki, münaqişəli vəziyyət davam etsin. Zaman-zaman da münaqişə aktiv fazaya keçsin və Moskva bölgə ilə bağlı istəklərini həyata keçirsin. Putinin bəyanatının mahiyyəti bundan ibarətdir. Əslində belə olmalı deyil.
- Necə olmalıdı?
- Ermənilər işğal olunmuş ərazilərimizdən çıxmalıdır və ya çıxarılmalıdır. Fikir verin, Rusiya Azərbaycan və Gürcüstan torpaqları ilə Ermənistanın ərazilərini genişləndirmək istəyir. Biz nəyə görə, torpaqlarımızı ermənilərə verməliyik? Rusiya torpaq bağışlamağı mütərəqqi hal hesab edirsə, birinci zəbt etdiyi başqa dövlətlərin torpaqlarını qaytarsın. İkincisi, özünün torpağı çoxdur. O torpaqlardan Ermənistana böyük bir ərazi versin. Ermənilər də ora köçüb, istədiyi dövləti yaratsın. Putin doğrudan da erməni xalqını sevirsə, aparsın Rusiyada ən münbit yerdə onlara muxtariyyət statusu versin. Ermənilərdən ibarət respublika yaratsın.
- Putin onu da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə həkim prinsipi - "zərər verməmək” prinsipi ilə yanaşmaq lazımdı. Bu prinsipin altında hansı oyunlar yatır?
- Putin öz siyasətinə gündə bir prinsip əlavə edir. Amma o, problemdə kimin günahkar olduğunu heç kəsdən gizlədə bilməz. Putinin özü Azərbaycan dövlətinə milyardlarla zərər verib. Bu illər ərzində Azərbaycan və Ermənistan tərəfindən nə qədər adam ölüb. Bu, zərər deyilmi? Bu iki dövlət, iki xalq düşmən mövqeyinə çəkilib, heç bir əlaqə saxlamır. Əlbəttə, münaqişənin qalması zərərlidir. Düşüncəli ermənilər anlayır ki, savaş, status-kvo onların əleyhinədir. Biz də anlayırıq ki, müharibə aparmaq və şəhid vermək ziyanlıdır. Bundan artıq nə zərər görməliyik ki?
- Münaqişənin uzun müddət qalması Rusiyanın özünə də zərərli ola bilərmi?
- Əlbəttə, Moskva başa düşməlidir ki, bu cür xroniki toqquşmalar heç də yaxşı sonluqla başa çatmır. Bu məsələdə Moskva düzgün mövqe nümayiş etdirə bilmirsə, kənara çəkilməlidir. BMT tərəfindən qəbul edilmiş beynəlxalq hüquq işə düşməlidir. Ermənistan işğalçı dövlətdir. BMT-nin işğal haqqında qətnaməsinin tələblərinə uyğun olaraq bütün dünya separatçıları işğal olunmuş ərazilərimizdən çıxarılmalıdır. Həmin qətnamələr icra olunmayana qədər Ermənistan blokadada qalmalıdır. Onunla heç bir ölkə əlaqə yaratmalı deyil. Rusiya bir tərəfdən deyir ki, münaqişəyə zərər verməmək prinsipi ilə yanaşmalıyıq. Digər yandan da Ermənistana miqdarı 2 milyard dollarla ölçülən hərbi yardım göndərir. Orda baza tikir. Qoşun yeridir. Bunların hamısı Azərbaycana zərər vermək üçündür də. Putinin bütün addımları Azərbaycana zərər verməkdən ibarət olub.
- Onu daha çox narahat edən Azərbaycanın hansı uğurudur?
- O baxır ki, son günlər Azərbaycanda vətənpərvərlik əhval-ruhiyyəsi artıb. Xalq qanı bahasına belə öz torpaqlarını azad etmək istəyir. Bu, artıq Rusiyanı narahat edir. Ona görə də özünü humanist dövlət kimi göstərməyə başlayıb. İndi də başlayıb həkim prinsipini ortaya atıb. Halbuki, məsələnin ədalətli həllinə imkan verməyən də elə Putindir. Əvvəl-axır Azərbaycan ərazilərini azad edəcək. Torpaqlarımızda erməni yaşayıb deyə onu erməniyəmi verməliyik? Ona qalsa, Rusiyada neçə milyon erməni yaşayır. Rusiya həmin əraziləri versin də erməniyə. Niyə vermir?
- Putin onu da diqqətə çatdırıb ki, Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Tanrıya şükürlər olsun ki, Rusiyada azərbaycanlı və ermənilər arasında qarşıdurma yoxdur. O, bununla hansı mesajı verib?
- Burada etnik düşmənçilikdən deyil, siyasi düşmənçilikdən söhbət gedir. Bu düşmənçiliyi körükləyən də Rusiyadır. Putinə sual vermək lazımdır ki, erməniylə azərbaycanlı Rusiyada düşmənçilik etmirsə, Qafqazda niyə düşmənçilik etsin ki? Bu suala cavab verməlidi. Xalqları biri-birinə düşmən edən kimdi? Bu, dini, etnik dözümsüzlükdürsə, nə yaxşı Rusiyada yaşanmır? Avropada yaşayan azərbaycanlı və erməni arasında baş vermir, yalnız Qafqazda baş verir? Deməli, oyunlar ərazi məsələsi ilə bağlıdır. Bir sözlə, tarixən Rusiya Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmağa çalışıb.
- Bəs Rusiyanın Ermənistana münasibəti səmimidirmi?
- Xeyr, Ermənistana dəstək onlara məhəbbətdən irəli gəlmir. Bunu ermənilər də bilir ki, Rusiya onlardan dəyənək kimi istifadə edir. Həm də ermənilər çox yaxşı anlayır ki, Ermənistanın onlara heç bir aidiyyəti yoxdur. Onların milləti haydır. Özlərini hay adlandırırlar. Erməni hara, hay hara. İrəvanın da kimə məxsus olduğunu hamı bilir. Rusiyanın bizə qarşı düşmənçiliyi uzun illərdir davam edir. Zaman-zaman ərazilərimizi qoparıb, bizi zəiflətmək istəyirlər. Putin özünü və siyasətini nə qədər ört-basdır edir etsin, onun siyasətini hamı bilir. Bütün problemləri yaradan Rusiyadır. Bir sözlə, bu gün Rusiya Ermənistanı dəstəkləsə də, sabah başqa bir vəziyyət yarananda, Moskva İrəvanı qurban verəcək.
- Rusiya Prezidenti onu da dilə gətirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə var-gücləri ilə çalışırlar. Sual yaranır ki, bu illər ərzində nəylə məşğul olublar ki, indi var-gücləri ilə çalışmağa başlayıblar?
- Yaxşı olar ki, Putin kənara çəkilib, bitərəfliyini saxlasın. Beynəlxalq hüquq tətbiq olunsun və problem avtomatik olaraq həll olunacaq. Rusiya çəkilsə, ermənilərin özləri könüllü çıxıb gedəcəklər. Ermənilərin münaqişədən çəkilməsinin qarşısını alan Moskvadır. Problemi yaradan da, onun həllini ləngidən də Rusiyadır. Son hadisələr də göstərdi ki, Azərbaycan bir qədər hərbi üstünlük əldə edən kimi Rusiya diplomatiyası, rəsmi dairələri Azərbaycan hakimiyyətinə hər cür təzyiq göstərməyə başlayır. Azərbaycanı öz torpaqlarını azad etməyə imkan vermir. Müharibəyə başlayıb, ərazilərimizi güclə də olsa azad etmək iradəmizi oraya qoyanda, Moskva ortaya düşür ki, uzunmüddətli atəşkəs rejimi olmalıdır. Uzun illər keçməlidi. Ondan sonra məsələ yoluna qoyulacaq. Anlaya bilmirəm ki, bu illər nəyi həll edəcək? Hüquqda vaxt məsələsi yoxdur. Cinayətkar cinayətini nə qədər çox davam etdirsə, bir o qədər təhlükəli vəziyyət yaranar.
- Son gərginlikdən sonra Ermənistan bəyan etdi ki, yeni atəşkəs danışıqlarında qondarma Dağlıq Qarabağ respublikası da üçüncü tərəf kimi iştirak etməlidi. İddia etdi ki, döyüşlər Azərbaycan-Ermənistan arasında deyil, eyni zamanda Azərbaycan və qondarma Dağlıq Qarabağ respublikası arasında gedir. Bu yanlış yanaşmanın kökündə nə dayanır?
- Doğrudan da münaqişə Ermənistanla Azərbaycan arasında deyilsə, son döyüşlərdə ölən əsgərlər hansı ölkənin əsgərləri idi? Bəs onda niyə Ermənistanda əsgər anaları etiraz aksiyasına çıxır? Bu erməni əsgərlər niyə öldü? Qarşı tərəf bu suallara aydınlıq gətirməlidir. Füzulidə, Tərtərdə və başqa rayonlarda erməni zabitlər həlak oldu. Aydınca görünür ki, Sarkisyan demaqoqluq edir. Biz Dağlıq Qarabağ adında qurum tanımırıq. Çünki belə bir qurum yoxdur. Doğrudan da Sarkisyan belə erməni sevəndirsə, öz ölkəsində yaşayan ermənilərin hüquqlarını qorusun. Ermənistanın inkişafı ilə məşğul olsun. Bu ölkədə həyat səviyyəsi tamamilə aşağıdır. Camaat gündə meydanlara axışıb, etiraz edir. Ölkəsi acından ölür. Bu da Qarabağdan danışır. Adama deyərlər ki, qondarma Dağlıq Qarabağ rejimi danışıqlar masasında tərəf kimi oturacaqsa, onda Sarkisyan niyə o danışıqlar prosesinə qatılmalıdır? Ona demək lazımdır ki, sən çıx get, biz ərazimizdə yaşayan etnik qrupla danışıqlar aparıb, başa salacağıq və onları yerində oturdacağıq. Bunların hamısı beynəlxalq ictimaiyyəti aldadan məsələlərdir. Bunu guya dünyaya ciddi proses kimi təqdim edirlər. Status-kvonu saxlamaq üçün Rusiyanın ortaya atdığı modeldir. Deyim ki, beynəlxalq təşkilatlar da münaqişənin həllinə ciddi maraq göstərmirlər.
- Beynəlxalq təşkilat demişkən, bu günlərə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanı sülhə, barışığa çağırdı. Maraqlıdır, görəsən, həmsədrlər niyə təcavüzkarla təcavüzə məruz qalanı tərəzinin eyni gözünə qoyur?
- Hələ də dünyada beynəlxalq hüququ və mədəniyyətlərarası mübarizə gedir. Hələ də bir çox dövlətlər öz maraqlarını düşünür. Ədalət arxa plana keçib.
- Qeyd etdiniz ki, Moskva Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan vermir. Belə olan halda ölkəmiz hansı addımlar atmalıdır?
- Azərbaycan beynəlxalq hüquq yolunu seçməlidir. Beynəlxalq hüququn tələblərinə uyğun davranmalıdır. BMT-nin işğal haqqındakı əsas qətnaməsi qaldırılmalıdır. O qətnamə qəbul edilib, tətbiq olunmalıdır. Ondan sonra proseslərdə ciddi dönüş yarana bilər.
Ayyət Əhməd