Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Cəmiyyətin ən həssas təbəqəsi sosial qayğıya ehtiyacı olan fiziki qüsurlu insanlardır ki, onların daim diqqətə və qayğıya ehtiyacı var. Ona görə də, əlillərin cəmiyyətə inteqrasiyası məqsədilə çoxsaylı layihələr gerçəkləşdirilib. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Əlillərin sosial müdafiəsi Prezidentin diqqət mərkəzindədir
Ölkəmizdə əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır. Sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsi ölkə başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına imkan yaradıb. Çünki əlillərin siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsini təmin etmək olduqca həssas işdir.
Azərbaycanda əlillərin hüquq və azadlıqları təmin edilir
Azərbaycan Konstitusiyasında fiziki qüsurlu vətəndaşların hüquqlarını qoruyan 28 maddə mövcuddur. Həmçinin ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulub. Bu Konvensiyaya qatılan ölkələr bütün əlillərin hüquqlarını və azadlıqlarını təmin etməyə borcludurlar. Bundan başqa, əlillərin hüquqlarının beynəlxalq standartlar səviyyəsində təmin olunması üçün 2009-2016-cı illəri əhatə edən layihə hazırlanıb. Proqramda əlillərin müalicəsi, məşğulluğu, sosial problemlərinin həlli, onlara kreditlərin və subsidiyaların verilməsi nəzərdə tutulur. Habelə istedadlı əlillərin aşkara çıxarılması və onların beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, idmanla yaxından məşğul olması və olimpiadalarda təmsil olunması da proqrama daxildir. Həmçinin Nazirlər Kabineti "2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi” barədə dövlət proqramını təsdiqləyib. Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına dair müxtəlif tədbirlər nəzərdə tutulur. Bir sözlə, əlillərlə bağlı son illərdə 10-a qədər yeni hüquqi normativ akt qəbul edilib. Bununla yanaşı, hər bir əlilin öz şəxsi həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul şəxs olması barədə cəmiyyətdə müsbət təsəvvürlər formalaşdırmaq məqsədilə mütəmadi maarifləndirmə tədbirləri gerçəkləşdirilir.
Ulu öndər də əlillərə, qaçqın və məcburi köçkünlərə ciddi dəstək göstərib
Bundan əlavə, hər il 3 dekabr tarixində ölkəmizdə "Beynəlxalq Əlillər günü”nə dair tədbirlər təşkil olunur. Bu mərasimlər isə ilk dəfə olaraq Azərbaycanda ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qeyd olunmağa başlayıb. Əsas məqsəd isə ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, maddi və mənəvi dəstək göstərmək olub.
Reabilitasiya mərkəzlərində onlara peşə öyrədilir
Doğrudur, bütün bunlar fiziki qüsurlu insanlarda həyat eşqini artırsa da, bu sahə ilə bağlı hələ həllini gözləyən bir sıra məsələlər mövcuddur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da fiziki qüsurlu vətəndaşların sayı kifayət qədərdir və onların arasından istedadlıların seçilib işlə təmin edilməsi yaxşı olardı. Məsələn, belə fiziki məhdudliyyətli vətəndaşlarımızdan biri də Abbasov Elçin Rükəxan oğludur. O, 1982-ci ildə Lerik rayon Ərdəbil kəndində dünyaya göz açıb. E.Abbasov 6 yaşında olarkən görmə qabiliyyətini tamamilə itirib. Bundan sonra bir çox üzüntülərə məruz qalsa da, ayaqda durmağı bacarıb. Qüsuruna görə, valideynləri tərəfindən cəmiyyətdən gizlədilən həmsöhbətimizin heç bir təhsili yoxdur. Bununla belə, o, çox qeyri-adi bacarığa malikdir. A.Elçin bir müddətdir ki, şərf, papaq, corab və isti jiletlər toxuyub satmaqla məşğuldur. Müsahibimiz bu sənəti əlillərin reabilitasiya mərkəzində mənimsəyib. O, əmək fəaliyyətilə məşğul olub, pul qazanmaq məqsədilə doğulub boya-başa çatdığı kəndi tərk edərək paytaxta üz tutub. Hazırda Bakının Sabunçu rayonunda kirayədə yaşayır. Elə biz də onunla ötən şənbə metronun "28 May” stansiyası yaxınlığındakı Səməd Vurğun parkında rastlaşdıq. Sözügedən parka yenicə ayaq basmışdım ki, diqqətim axşam saatlarında gözünə qara eynək taxıb, əllərinə baxmadan paltar toxuyan bir şəxsə yönəldi. Gözdən əlil olması aydınca sezilən bu gəncin istedadı və bacarığı məni heyrətləndirməyə bilməzdi. Bu səbəbdən marağımı boğa bilməyib, ona yaxınlaşdım. Qəzetçi olduğumu bildirib, söhbətləşmək istədiyimi söylədim. A.Elçin "Problem yoxdur” deyərək - tərəddüd etmədən, məmnuniyyətlə razılıq verdi. Və söhbətə "Toxuduğunuz nədir” sualı ilə başladıq.
- Şərfdir. Eyni zamanda corab, papaq, jilet və s. geyim növləri toxuyuram. Bununla dolanıram. Gözdən əliləm. Heç bir gözüm görmür. Günün işığı da mənə qaranlıq kimidi. Bununla belə iynə saplayıram. Telefon işlədirəm, kimə lazım olsa, mesaj yazıram. Xalçaçılıq kursunu da keçmişəm. İlmə vurmağı da bacarıram. Bundan başqa xırda muncuqlardan güllər düzəldib, dibçəklərə qoyuram. Düzdür, elə olur ki, ürəyim istəyən adama hədiyyə edirəm. Amma onları satmaq məqsədilə hazırlayıram. Üstəgəl, bir məşğuliyyət kimi başımı qatıram. Eyni zamanda dolanma pulu çıxardıram. Bilirəm ki, pul üçün kiməsə ağız açmıram.
Fiziki məhdudiyyətli vətəndaşlarımız ailə dolandırır
Tək şərfi 8-10, papaqla birgə 15 manata satdığını deyən müsahibimiz diqqətə çatdırıb ki, hazırda mövsümlə əlaqədar sifariş verənlər çoxur: "Toxuduğumun biri də üstümdə qalmır. Əvvəllər toxuyub mağazalara satırdım. İndi özüm satıram. Çünki mağazalar məndən ucuz istəyirlər. Özləri isə aparıb, əl işidi deyib, baha satır. Ona görə də alverçilərə vermirəm. Həm də üstümdə qalmır ki, onu mağazaya verim. Yayda toxuyub, evə qoyuram, payız aylarında çıxardıb, satıram. Ötən il qışı bütün günü toxuyub satmışam. Hətta ötən il anam xəstə idi. Öz pensiya kartımla kredit götürdüm. O kredit borclarını papaq, şərf toxuyub satmaqla ödədim. Hətta ailəmizin də dolanmasını təmin etdim”. Həmsöhbətimiz bəyan edib ki, hazırda Səməd Vurğun parkında olsa da, daha çox Nərimanov parkına gedir: "Orada məni tanıyırlar. Sifariş daha çox olur. Bu səbəbdən ora tez-tez üz tuturam”. Həmişə musiqi və incəsənətlə maraqlandığını söyləyən E.Abbasov qeyd edib ki, toxumanı Yeni Ramanada yerləşən sağlamlıq imkanları məhdud olan gənclərin peşə reabilitasiya mərkəzində öyrənib: "Orada hər şeyi yeni üsullarla öyrədirlər. Kruçokla toxunmalardır. Kataloqa baxıb, müəllim bizə izah edirdi. Bu toxumanı orada öyrəndim”.
Əlillər dövlət hesabına müayinə olunurlar
Müsahibimiz qüsurunun yaranma səbəblərindən də danışıb: "6 yaşıma kimi tam olmasa da, rəngləri seçirdim. Adamları qismən də olsa görə bilirdim. Gözümdə anadangəlmə travma olub və göz təzyiqi yaranıb. Bu xəstəliyi müalicə etdirmək üçün paytaxtdakı göz institutuna gəldik. Burada da dedilər ki, Moskvaya aparmaq lazımdır. Həmin həkim söylədi ki, bunun Rusiyada və başqa xarici ölkələrdə müalicəsi var. Valideynlərim bir gözümü əməliyyat etdirdilər ki, xeyri olsa, o birisini də etdirsinlər. Amma əməliyyatdan sonra evdə oynayırdım, yıxıldım stolun tini əməliyyat olunan gözümə batdı. Ondan sonra həmin gözüm tam tutuldu. Yəni illər keçdikcə, təzyiqdən gözümün görmə siniri sıradan çıxdı. İndi heç bir şeyi görə bilmirəm. Amma anam üçün lazım olanda iynəni də saplayıram. Sonuncu dəfə 2007-ci ildə Zərifə Əliyeva adına göz xəstəxanasına getdim. Dedilər ki, təzyiqdən gözünün görmə siniri tutulub. Amma müalicəsi var demədilər. Ola bilər ki, haçansa, çarə olar. O, Allahın işidi. Qismətlə razılaşmaq lazımdır. Bunu taleyimə Allah yazıb. Ona görə də şükür edirəm. Narahat olmuram. Əslində narahat olsam, vəziyyətim çox pis olar. Düzdü, adam bir az sarsılır. Amma çalışıram, onu da aradan qaldırım. Yəni öz işimi özüm həll edirəm. Heç kimə yük olmuram. İstədiyim bir ləvazimatı marşruta minib gedib, Sədərəkdən alıram. Həm də əsa ilə gəzirəm. Harada maneə olanda onu hiss edirəm. Nəysə çətinlik çəkəndə insanlar köməklik göstərirlər. Şükür ki, cəmiyyətimizdə mədəni, xeyirxah insanlar çoxdur”.
Onların pensiya və mənzil şəraiti yaxşılaşdırılır
Qohumlarilə Sabunçuda kirayədə qaldığını dilə gətirən həmsöhbətimiz bəyan edib ki, rayon yeri bir az qapalıdır deyə, dura bilməyib: "Ona görə də Bakıya gəldim. Burada əl işlərimi satmaq imkanı var. Həm də cəmiyyətə çıxmaq mənə çox rahatlıq gətirir. A.Elçin dövlətin fiziki qüsurlu insanlara göstərdiyi diqqət və qayğıdan da söz açıb: "127 manat pensiya alıram. Bu da müəyyən mənada ada köməyi olur. Həm də burada qeydiyyatdan keçdim ki, qeydiyyatım olsun. Çünki gözdən əlillərə və Qarabağ əlillərinə dövlət tərəfindən ev tikilib, istifadəyə verilir. Növbədə duranlar var. Burada qeydiyyatım olandan sonra növbəyə duracam. İndiyə kimi heç kimdən təmənnasız pul istəməmişəm. Həmişə xoşlamışam ki, öz əməyimlə dolanım. Halal zəhmətimdi. Amma istəyərəm ki, dövlət bizə daha geniş şəkildə köməklik göstərsin”.
Əlillərin təhsili həmişə önə çəkilir
Orta və ali təhsil almadığını deyən müsahibimiz əlavə edib ki, uşaq olanda valideynləri utandıqlarından onu hər kəsdən gizlədiblər: "Mənim ictimaiyyətə çıxmağımı istəmirdilər. Bunu hiss edirdim. Valideynlərimin bu cür rəftarı məni mənən əzirdi. Amma çalışırdım özüm gizlənim ki, bunu valideynim mənə deməsin. Onların deməsi mənə daha böyük zərbə idi. Elə bir vərdiş almışdım, paltarsız bir insanın qaçıb gizləndiyi kimi hamıdan qaçırdım. Bir adam gəlib yanımdan keçəndə həyəcanımdan udqunurdum. Sonra gördüm ki, belə yaşamaq mümkünsüzdür. Hətta ürəyimdən intihar etmək keçirdi. Öz-özümə deyirdim ki, mən yararsız bir insanam. Yaşadım, yaşamadım, kimə lazımam? Sonra düşündüm ki, bədbinliyə qapılmağımın da mənası yoxdur. Bütün sarsıntıları yenib, ayaqda durmağı bacardım. Açıb, valideynlərimə dedim ki, məni niyə başqalarından gizlətməyə çalışırsınız? Düzdü, onlar fikrimi inkar etdilər. Buna rəğmən dedim ki, hiss eləmişəm. Amma belə etməyin, sabah siz həyatda olmayanda mən neyləyəcəm? Cəmiyyətdən gizlənəcəmsə, onda yaşamağımın da mənası yoxdur. Çünki mən insanlardan qaçanda, fikirləşirdilər ki, mənim əqlim, şüurumda da problem var. Bunu da hiss edirdim. Hətta özümə o qədər qapanmışdım ki, heç kimə salam vermirdim. Sonra isə hər şeyi əksinə dəyişdim. Onda da artıq gec idi. Həmyaşıdlarım orta məktəbi bitirmişdilər. Təhsilsizliyimin yeganə səbəbi bu oldu”. Sonda həmsöhbətimiz onu da əlavə edib ki, valideynlərinin onu qapalı mühitdə saxlaması onda ağır bir təsir qoyub: "Nə qədər aradan qaldırmaq istəsəm də, baş tutmur. Baxın, sınmış xrustal qabı nə qədər ustalıqla bərpa etsən də, onda həmin qırıq izləri qalacaq. Amma deyim ki, mənim etirazımdan sonra onlar da məni anladılar. Ondan sonra heç bir işimə qarışmadılar. Əlbəttə, onlar da dərd çəkirdilər. Hətta anam hər gün məndən gizlin ağlayırdı. Bunu da bilirdim. Bir gün anama dedim ki, bu ağlamağının heç bir mənası yoxdur. Sənin ağlamağın gözlərimə işıq gətirməyəcək. Daha da həyata olan ümidlərimi param-parça edirsən. Dedi yox da, bala, narahat oluram. Dedim millət öləni ağlayır. Sənin ağlamağın belə məna verir ki, mən ölmüşəm. Ana qəlbidi də, istər-istəməz narahat olur. Amma anama təskinlik vermək, göz yaşı axıtmaması üçün dedim ki, iynə-sapı bura gətir. Dedi neynirsən? Dedim paltarımı tikirəm. İynəni götürüb sapladım. Bundan sonra anam söylədi ki, sənə yox, özümə ağlayacam. Çünki görməyən sən yox, mənəm”. İndi anam məndən nigaran deyil. Artıq məni ailədə daha əlil kimi görmürlər. Bir sözlə, üz qırxmaqdan tutmuş dırnaq kəsməyə qədər hər bir işi özüm edirəm. Heç kimə möhtac deyiləm. Hətta boş vaxtım olanda bəzi yeməklərdən də bişirirəm”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.