
Qadın qadın haqqında...
Yer üzünün mələkləri

20 il balaca tarix sayılmır. Bir igidin ömrüdü - deyirlər. Onu, düz 20 il əvvəl tanıdım. Yenicə işə düzəldiyim kollektivdə başqa şöbədə işləsə də, üzbəüz otaqlarda otururduq. Mehriban çöhrəli, sakit və ağır təbiətli, savadlı və zəhmətkeş olduğu saçının telindən, yerişindən bilinən mələk kimi bir qadın idi. Elə ilk günlərdən hər kəsin ona xüsusi bir hörmətlə yanaşdığının şahidi olurdum.
Sonralar onu yaxından tanıdım. Bu, bütün davranış və xarakteri ilə məni valeh edən qadın - Mələk Bayramova idi. O dönəmdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyirdi. Tanışlığımız da elə onun təşəbbüsü ilə baş tutdu. Liftdə bir yerdə çalışdığımız mərtəbəyə qalxdıq. Məni otağına dəvət etdi. Hansı ali məktəbin məzunu olduğumu, ata-anamı xəbər aldı, hər hansı bir çətinlikdə çəkinmədən ondan yardım ala biləcəyimi söylədi. Mənə həddindən artıq ali görünürdü xanımın bu davranışı. Kifayət qədər tanınan və sevilən birinin hər halda bu qədər sadə və mehriban ola biləcəyini düşünmürdüm... Dövlət məmurları başqa cür olurlar... - deyə, beynimdə bir mif də vardı. Mələk Bayramova o MİFİ dağıtmışdı...
Tez-tez dərdləşirdik, hər şeydə ondan məsləhət aldım. Zəngin daxili aləmi, mədəniyyəti olduğu kimi, analığı, xanımlığı da, sadəcə bir məktəb idi. Günü bu gün də aramızdakı yaş fərqinə baxmayaraq onu özümə rəfiqə kimi bilirəm. Sevimli həyat yoldaşı rəhmətlik Gülab müəllimlə tanışlıqlarından tutmuş, övladlarının xarakterindəki cizgilərə qədər hər şeyi xüsusi tərbiyəvi bir üsulla mənə anladırdı, dərdləşirdi... Daha çox mən öyrənirdim. Həyatı öyrənirdim, övladlığı öyrənirdim, xanımlığı öyrənirdim, analığı öyrənirdim, işinə sevgini, ciddiyyəti, tələbkarlığı öyrənirdim...
O, şöbədə hazırlanan bütün qanunları demək olar ki, əzbərdən bilirdi. Hazırlanmasında yaxından iştirak edirdi. İş yoldaşlarımız ona daim yüksək ehtiramla yanaşırdılar ki, bu, bu gün də davam edir.
Mələk xanım çox yüksək mənəvi keyfiyyətlərə malik olan bir insandır. Onun sevimli övladları Azərin, Anarın toy məclislərində demək olar ki, bütün kollektivlə iştirak etmişik. Hər iki toy bugünəcən xatirimdə iz buraxıb. İnsanların üzündə o qədər fərəh vardı ki... Hamı Mələk xanıma duyduğu mənəvi borcluluq hissinin bir şəkildə altından çıxmağa çalışırdı. Yaxşı gündə də, yaman gündə də hamıya ana-bacı şəfqəti göstərən bu insanın təmənnasız münasibətindən ancaq belə ürəkdən sevinib, rəqs etməklə çıxara bilirdi hər kəs... İndi o, həm də 4 nəvə üçün sevimli nənədir. Ailəsində böyüyən 12 yaşlı balaca Mələk elə həm ötkəmliyi, həm şıltaqlığı, həm dərslərinə çalışması, zəhməti sevməsi ilə adı kimi nənəsinin eynidir...
Ümumiyyətlə, yaxın tanışlığımız ərzində onu gördüm ki, onunla danışanda arada yaş və fərdiyyət fərqi götürülür. Böyük qəlb sahibi olan bu insanla dil tapmaq o qədər asandır ki, ilk baxışda çox sərt görünən, zabitəli və hökmran simanın arxasındakı səmimiyyət adamı heyran edir.
Həyatından haşiyələr: Bakının qədim Dağlı məhəlləsində sadə, zəhmətkeş Allahqulu kişi ilə Kübraxanımın ailəsində dünyaya göz açıb. Elə uşaqlıqdan zəhmətə alışıq bir ailə tərbiyəsi alıb. O zamanların adlı-sanlı məktəblərindən olan 161 saylı orta məktəbi əla göstəricilərlə bitirərək Azərbaycan Neft Sənayesi İnstitutuna daxil olub. Ali məktəbi fərqlənmə diplomu ilə başa vurub. İlk əmək fəaliyyətinə gənclik şəhəri - Sumqayıtın Polimer Tikinti Kombinatında mühəndis kimi başlayıb. Həmin dövrlərdə Sumqayıtın ekoloji durumu kritik olsa da, bu mühit ora təyinat alan gənc mühəndis xanımın səhhətinə mənfi təsir etsə də, Mələk Bayramova bütün çətinliklərə - mərkəzdən kifayət qədər uzaq məsafəyə gediş-gəliş problemlərinə, Sumqayıtın kritik ekoloji durumuna mətanətlə dözdü. Atası xəstə olduğundan Mələk xanımın himayəsində 4 kiçik qardaş və 1 bacı var idi. Onların güzəranını yaxşılaşdırmaq üçün Mələk xanım daha əzmlə çalışmalı, plan və tapşırıqlarını vaxtından əvvəl təhvil verməli idi ki, maaşla bərabər mükafat da ala bilsin. Buna ailənin çox ehtiyacı vardı... Hətta bu ehtiyac üzündən, çətin ailə vəziyyəti ilə bağlı Mələk xanım Moskva şəhərində təhsil aldığı aspiranturanın əyani şöbəsindən qiyabisinə keçmək məcburiyyətində qaldı. Çünki o, ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət başçısı olduğu əvvəlki dövrdə Moskvaya aspiranturada oxumaq üçün göndərilmiş azsaylı istedadlı kadrların arasında idi. "Polimer tikinti materiallarının istehsalının sahəsində Azərbaycanın təbii ehtiyatlarından istifadə” adlı dissertasiya işini demək olar ki, az bir vaxtda tamamlamışdı. Onun bu gün də aktual olan elmi əsəri bu sahədə iqtisadi məsələləri əhatə etməklə yanaşı, istehsalata yeni səmərələşdirici təkliflər gətirirdi. Bu məsələyə, sonradan digər alimlər də müraciət etməyə başladı. Lakin Mələk xanımın işi bu sahədə öncül, diqqətçəkən bir əsər olaraq, birinciliyi heç zaman vermədi. İlk səmərələşdirici təkliflər, məhz ona məxsus olsa da, bu sahədə elmi araşdırmalarını davam etdirən kimsədən öz dəyərli məsləhətlərini əsirgəmədi Mələk xanım. Çünki yaxşı bilirdi ki, bunlar hamısı ümumi işin xeyrinədir.
Mələk xanım bu kombinatda vəzifə pillələrində irəlilədikcə, ondakı yüksək təşkilatçılıq qabiliyyətini, insanlarla davranış, kollektivlə işləmək, işçilərə diqqət və qayğı göstərmək kimi mühüm keyfiyyətləri rəğbət doğurur, rəhbərliyin nəzərindən qaçmırdı. Kombinatda ona tezliklə ən yüksək və məsuliyyətli bir iş - Mərkəzi Laboratoriya və Texniki Nəzarət şöbəsinin müdiri vəzifəsi həvalə olundu. Burada da yüksək peşəkarlıq göstərə bildi. 15 il fasiləsiz olaraq Sumqayıt şəhər sovetinin deputatı və kombinatın partiya təşkilatının katibi kimi ağır və məsuliyyətli ictimai işləri də uğurla aparırdı.
Həmin dönəmdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə qadın kadr axtarılırdı. Təqdimat üçün verilən 100 nəfərin içərisindən bu vəzifəyə, məhz Mələk Bayramova seçildi. Sumqayıtda o zaman aparılan bütün yeniliklərdə, tikinti, abadlıq proseslərində, təhsil, xidmət, səhiyyə sahəsində görülən işlərdə dəmir iradəli, güclü intizamsevən, natiqliyi, təşkilatçılığı ilə hamını heyran qoyan Mələk xanımın danılmaz rolu var. Sumqayıtlılar bu günə qədər bu xanımı unutmayıblar. Müxtəlif tədbirlərdə dəfələrlə mən özüm də ona olan böyük ehtiramın şahidi olmuşam.
Az sonra Mələk xanım Sumqayıt XDS İcraiyyə Komitəsinin sədr müavini və sədri vəzifələrinə irəli çəkilir. Bu vəzifələrdə də Mələk xanım sadəliyi, səmimiliyi, bilik və bacarığı, idarəçilik bacarığı ilə hamının diqqətini cəlb edə bildi. Hər kəsə əlindən gələn köməkliyi etməyə çalışan bu sevimli xanımın bu sahədə göstərdiyi məharət də dillər əzbərinə cevrilir. İnsanların xoş günündə də, bəd günündə də yanlarında olurdu. Hər kəsin dərdinə biganə qalmırdı, şəhərdə keçirilən bütün maraqlı tədbirlərdə onun zəhməti vardı.
Tezliklə, Ali Partiya Məktəbinin müdavimliyini də fərqlənmə diplomu ilə bitirən yorulmaz insan Azərbaycan Kommunist Partiyasının Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi seçildi. Bu vəzifəyə uzun zaman layiqli kadr axtarılmışdı. Bunun da əsas məğzi ondan ibarət idi ki, bura bütün keyfiyyətləri ilə yanaşı, insanları sevən, zəhməti bilən, təşkilatçılıq və natiqliyi ilə seçilən kadr olmalı idi. Təbii ki, Mələk xanım belə məqamda unudula bilməzdi. Çünki onun sumqayıtlıların yanında olan hörməti dillərdə danışılırdı. Mələk xanım uzun müddət bu vəzifədə ləyaqətlə çalışır.
O, 1990-cı ildən isə Azərbaycan Ali Sovetinə İqtisadi qanunvericilik şöbəsinə baş məsləhətçi kimi dəvət olunur. Bu onun həyat salnaməsinin ikinci dövrünü təşkil edir. O, bu gün də bu kollektivdədir. Həm deputatlar, həm Aparat əməkdaşları, həm rəhbərlik arasında xüsusi hörmətə sahibdir. Müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstərir.
1995-ci ildə Pekində IV Ümumdünya Qadınlar Konfransında, 1996-cı ildə İstanbulda keçirilən "Həbitat” - II Beynəlxalq Konfransda Azərbaycanı layiqincə təmsil edib. 1998-ci ildə İsraildə keçirilən Ahıllarla bağlı konfransda Mələk xanımın məruzəsi xüsusi maraqla qarşılanır. Bundan əlavə, 1999-cu ildə Haaqa Sülh Konfransında, 2001-2002-ci illərdə İstanbul İqtisadi Sammitində və bu kimi müxtəlif beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi ləyaqətlə təmsil edib, Azərbaycan qadınları adına fikirlərini bildirib. 2001-ci ildə BMT-nin 46-cı sessiyasında "Qadınların statusu haqqında” məsələnin müzakirəsində çıxış edib və çıxışı toplantı iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 50 ilə yaxındır ki, respublika Qızıl Aypara Cəmiyyətinin üzvüdür. Bu cəmiyyətin xeyirxah prinsiplərinə, humanist ənənələrinə sadiqlik göstərir, minlərlə köməyə ehtiyacı olan insana, imkansıza bacardığı köməkliyi göstərir. Bu gün də Mələk xanım ölkə həyatı üçün əhəmiyyətli olan heç bir gücü çatan işdən geridə qalmır. Ömrünü yorulmadan, usanmadan dövlətimizə və dövlətçiliyə, el-obasına və insanlara təmənnasız xidmətə xərcləyir. Mələk xanımın zahirən ciddi görünən simasının altındakı olduqca gözəl, böyük ürək və yorulmaz zəhmət aydınca özünü göstərir. Bu gün də gənclik şövqü ilə çalışır, öz enerjisini, potensialını, bilik və bacarığını kimsədən əsirgəmir. Deyirlər, ad insan həyatında çox əhəmiyyətlidir. Özündə müəyyən kodlar daşıyan ad o zaman mötəbərləşir ki, onu doğrulda bilirsən. Yaxşı adamların çiynində dayanan yer üzünün mələkləri onlardır - adlarını doğruldanlar! Mələk xanım onlardan biridir. Adı ona yaraşır... O, adına hörmət gətirib...
Bahar nəfəsinin özünü hiss elətdirdiyi bu gözəl gözlərdə yaşının müdrik çağına qədəm qoyan Mələk xanıma uzun ömür, fəaliyyətində yeni-yeni uğurlar, nəvə-nəticə səadəti arzulayıram!
Qərənfil Mansurova, Milli Məclisin
Mətbuat xidmətinin əməkdaşı, jurnalist