“Bir konvensiya üzərində işləyirik. Dövlət o konvensiyanı qəbul etsə, qadınların yüksək vəzifələrə çəkilməsi reallaşa bilər”
“Qadınların vəzifəyə çəkilməsinə kişilər imkan vermir”
Novella Cəfəroğlu: “Çoxsaylı savadlı, bacarıqlı xanımlarımız var. Niyə onlardan nazir və yaxud da nazir müavini olmasın?”
“Bir konvensiya üzərində işləyirik. Dövlət o konvensiyanı qəbul etsə, qadınların yüksək vəzifələrə çəkilməsi reallaşa bilər”
“Bir konvensiya üzərində işləyirik. Dövlət o konvensiyanı qəbul etsə, qadınların yüksək vəzifələrə çəkilməsi reallaşa bilər”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq”in suallarını cavablandırıb. Onunla bir müddət öncə ağ bayraq qaldıraraq ölkəmizə keçən Ermənistanın müxalif "Milli azadlıq hərəkatı” İctimai Birliyinin rəhbəri Vahan Martirosyan və ailəsinin hazırkı durumu, yeni tərkibli əfv komissiyasının hazırkı fəaliyyəti, qadınların yüksək vəzifələrə çəkilməmələrinin səbəbi, intiharlar və işsizliyin yaratdığı arzuolunmaz meyillər və digər ictimai-siyasi məsələlər ətrafında müzakirələr apardıq.
- V.Martiosyan Azərbaycanda işlə təmin olunmaq istəyini bildirmişdi. Ona hər hansı bir iş verildimi?
- Xeyr. Hələ belə bir şey yoxdur. Onlarla maraqlanıram. Vəziyyətləri yaxşıdır. Amma hələ ki, işləmir.
- Əfv komissiyasının tərkibi dəyişdi. Məlum dəyişiklikdən sonra sözügedən komissiyanın fəaliyyətində bir canlanma, irəliləyiş varmı?
- İnşallah, yaxın zamanlarda bunun şahidi olacağıq. Hələ bir söz deyə bilmərəm.
- Hər bayram öncəsi əfv fərmanının imzalanması ənənə halını alıb. Əfv üçün siyahı hazırlamısınızmı?
- Bəli, hazırlayıb, təqdim etmişik.
- Gözləntiləriniz nədir?
- Ümid edirik ki, adları siyahıda yer alanların çoxu azadlığa qovuşacaq.
- Məlumdur ki, manatın ikinci dəfə ucuzlaşmasından sonra ölkədəki iqtisadi böhran dərinləşdi. Bəzi müəssisələr ixtisara başladı və bu da işsizlərin sayını artırdı. Qanunsuz işdən çıxarmalarla bağlı sizə müraciət edənlər varmı?
- Çox adam müraciət edir. Əksəriyyəti də gənclərdir. Hamısı, qeyri-leqal şəkildə işdən kənarlaşdırılıblar. Onları "gedin necə dolanırsınız dolanın” deyib, işdən çıxarıblar.
- Bəzi Qeyri-Hökumət Təşkilatlarının da sıradan çıxmasına dair iddialar dolaşır. Bu, doğru məlumatdırmı?
- Bəli, doğrudur. QHT-lər çox pis durumdadırlar. 22 min QHT vardı. Ölkəmizə gəlir gətirirdilər. Hazırkı məqamda onların yaşaması çox yaxşı hal olardı. QHT-lər hökumətə qulluq edirdilər. Hökumətin verdiyi qanunları əhaliyə çatdırırdılar. Təəssüflər olsun ki, bəziləri bağlandı. Onu birbaşa bağlamaq düzgün addım deyil. QHT ilə bağlı qanuna yenidən baxılmalıdır. Nəysə dəyişikliklər edilməlidir. Əlbəttə, məlum vəziyyət böhranla əlaqədar idi. Elə QHT-lər vardı ki, hökumətdən pul almırdılar. Əksinə, dövlətə gəlir gətirirdilər. Əfsuslar olsun ki, bu cür təşkilatların qarşısını aldılar. Niyə belə etdilər, bilmədim.
- Böhranla əlaqədar problemli kreditlərin sayı çoxalıb. Bank krediti ödəyə bilməyənləri məhkəməyə verir. Məhkəmə ilə məsələni tənzimləmək mümkün olacaqmı?
- Krediti qaytarmaq üçün insanların imkanı olmalıdır. İmkanı olmayan şəxsi məhkəməyə verməyin nə mənası var ki? Adamın pulu yoxdursa, guya məhkəməyə verəndə pul tapıb qaytaracaqmı? Bu, vəziyyətdən çıxış yolu deyil. Milyard yarım problemli kredit var. Optimal bir yol seçilməlidir. Banklar çətin durumlarda müəyyən güzəştlərə getməlidirlər. Kreditin müddətini uzatmaq olar. Yəni elə etməlidirlər ki, müştərilər ayda 300-400 manat deyil, 40-50 manat verməklə, kreditlərini uzun müddətə ödəsinlər. Bir sözlə, nəysə etməlidirlər ki, əhalinin sosial şəraiti daha da ağırlaşmasın. Əhalinin maddi durumu ağırlaşarsa, bu, daha dözülməz hallara yol açar.
- Hətta böhrandan sonra bank borclarına görə intihar edənlərin sayı çoxaldı.
- İnsanlar çıxış yolunu, intiharda deyil, yaşayıb mübarizə aparmaqda axtarmalıdırlar. İntihar etmək iradəsizlikdir. Bu, çıxış yolu deyil. Amma deyim ki, hökumət buna ciddi fikir verməlidir. Bunun qarşısını almalıdır. Hökumət düşünməlidir.
- Ötən günlərdə bir sıra Qəbələ sakini ölkədəki yoxsulluğu əsas gətirərək ağ bayraq qaldırıb, Ermənistan tərəfə keçməyə səy göstərmişdilər. Bunu necə dəyərləndirirsiniz?
- Çox pis haldır. Ölkəmizin 20 faizini işğal edən, bizə Xocalı soyqırımı, 20 Yanvar hadisələri və s. kimi müsibətlər yaşadan bir xalqa, bir ölkəyə getmək qəbulolunmazdır. Üstəgəl, Ermənistanda iqtisadi vəziyyət bizdən dəfələrlə ağırdır. Bayraq götürüb, Ermənistana keçirəm sözünü heç qəbul edə bilmirəm. Baxın, həmin şəxslər desələr idi ki, "Azərbaycanda dolana bilmirik deyə, Avropaya gedirik”, bunu müəyyən mənada anlamaq olardı. Lakin Ermənistana keçmək ən pis addımdır. Onları kəskin qınayıram. Ermənistan özü acından ölür.
- Qonşu ölkələrlə müqayisədə Azərbaycanda yüksək vəzifələrdə çalışan xanımların sayı azdır. Bunun səbəbi nədir?
- İndi gender bərabərliyi ilə bağlı bir konvensiya üzərində işləyirik. Dövlət o konvensiyanı qəbul etsə, qadınların yüksək vəzifələrə çəkilməsi reallaşa bilər. Çoxsaylı savadlı, bacarıqlı xanımlarımız var. Niyə onlardan nazir və yaxud da nazir müavini olmasın? Niyə xanım icra başçısı olmasın? Niyə baş nazir olmasın? Bu məsələ Azərbaycanda çox aktualdı. Hökumət ciddi fikir verməlidir. Qadınların yüksək vəzifələrə çəkilməməsinin səbəbi isə kişilərin qısqanclığı ilə əlaqədardır. Vəzifədəkilərin əksəriyyəti kişidir. Onlar da buna imkan vermirlər.
Ayyət Əhməd