Qafqaz uğrunda gizli savaş gedir

Əgər Ermənistan və Azərbaycan öz aralarında razılığa gələcəksə, hansısa sülhməramlıya ehtiyac qalmayacaq



"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mətbuatda biri-birinə zidd olan fərziyyələr irəli sürülür. Amma yeganə reallıq odur ki, Azərbaycan ordusu öz gücünü düşmənə göstərdi, torpaqlarını azad etmək qüdrətində olduğunu dünyaya sübut elədi”.

Bunu münaqişə ətrafında gedən son prosesləri "Şərq”ə şərh edən sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. 

Partiya rəhbəri vurğulayıb ki, artıq beynəlxalq aləm Azərbaycanın haqlı olduğunu dilə gətirir: "Müharibədən sonra bəlli oldu ki, bütün xalq öz ordusunun arxasındadır və bu münaqişənin uzun müddət davam etməsini istəmir. Sonrakı bütün siyasi proseslərin, müzakirələrin hamısı "dörd günlük” müharibə ilə bağlı idi. Bundan sonra əvvəlki susqun mövqeyə qayıtmaq mümkün deyil. Əgər danışıqlar çox uzanarsa, münaqişənin qızışacağı, hərbi əməliyyatların yenidən başlayacağı şübhəsizdir. Təbii ki, istənilən müharibə zamanı insan tələfatı olur və bu itkilər böyük narahatlıq doğurur. Ona görə də danışıqlar prosesindən müəyyən ardıcıllıq və fəallaşma var. Fikrimcə, Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyənlərin gizli savaşı gedir. Rusiya ilə yanaşı, bölgədə Qərbin də maraqları var”. S.Rüstəmxanlı təmas xəttində 100 min ermənidən ibarət bufer zonanın yaradılmasını doğru hesab etmir: "Həmin zona ağla və məntiqə sığmır, heç bir savaş qayda-qanuna uyğun gəlmir. Hesab edirəm ki, bufer zonanın boşaldılması artıq daha realdır”. VHP sədrinin sözlərinə görə, ümumiyyətlə, Dağlıq Qarabağda hansısa sülhməramlıların olmasına ehtiyac yoxdur: "1994-cü ildən bəri tərəflər arasında atəşkəs razılaşması var idi və bütün sərhəd boyu Ermənistan-Azərbaycan qoşunları üz-üzə dayanmışdı. Real müharibə yalnız son dönəmdə meydana gəldi. Yəni demək istədiyim odur ki, əgər Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilsə, hansısa sülhməramlıya ehtiyac qalmayacaq. Azərbaycanın dəyişməz mövqeyi, vazkeçilməz marağı öz torpaqlarını azad etməkdir. Bundan sonra beynəlxalq konvensiyalara uyğun olaraq Dağlıq Qarabağa status verilməsi məsələsi müzakirə oluna bilər. Amma köhnə və yeni Madrid prinsipləri, "Kazan formatı” ATƏT-in Minsk Qrupunun və ermənilərin münaqişənin həllini gecikdirməsinə xidmət edir”.

İsmayıl