PKK terror təşkilatı ermənilərlə hər zaman iç-içə olub
Türkiyənin "Yeni Şafak” qəzeti PKK terror təşkilatının Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalar zamanı ermənilərə dəstək göndərdiyi barədə xəbər yayıb. "PKK-dan İrəvana dəstək” başlıqlı yazıda bildirilib ki, hərbi əməliyyatların başlandığı ilk gündən etibarən PKK Ermənistana dəstək üçün 400 terrorçu göndərib: "Kandil və Kamışlıdan gələn qruplar Ağrıdan Ermənistana keçib. Göyçə gölü bölgəsindən PKK-ya ayrılan Vardenis düşərgəsinə dəstə yerləşdirilib, daha sonra Qarabağa göndərilib”.
Terrorçu dəstənin içində İŞİD-çilərin və PKK-nın Suriya qolu PYD sıralarında döyüşən 150 erməninin də yer aldığı deyilib. Qəzetin məlumatına görə, Ağrı üzərindən Ermənistana keçən terrorçular əvvəlcə Laçın, Kəlbəcər və Şuşada yerləşdirilib, oradan isə cəbhəyə göndərilib. Məsələyə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında bu informasiyanın mənbəyinin araşdırıldığını söyləyib: "Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır. Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”. Xatırladaq ki, ötən gün PKK-ya yaxınlığı ilə bilinən Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirtaş verdiyi bəyanatla açıq şəkildə erməniləri müdafiə edib. Terrorçuların ermənilərə dəstək göndərməsi ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, PKK terror təşkilatıdır və istənilən terrorçu qruplaşma məhv edilməlidir: "Türkiyənin PKK-ya qarşı apardığı hərbi əməliyyatlar Azərbaycan tərəfindən yüksək səviyyədə dəstəklənməlidir. Nəzərə almaq lazımdır ki, PKK terror təşkilatı ermənilərlə hər zaman iç-içə olub. PKK-nın 30 faizindən çoxunu ermənilər təşkil edir. Bu da anti-Türkiyə ovqatı ilə bağlıdır. Ermənilər bir əsrdən artıqdır ki, Türkiyəyə, türk millətlərinə qarşı düşmənçilik edirlər. Bu düşmənçiliyin bariz nümunəsi Türkiyədə və Azərbaycanda özünü açıq formada göstərir. Ona görə də düşünürəm ki, harda olmalarından asılı olmayaraq, qardaş Türkiyə ilə Azərbaycan terror təhdidini ciddi qəbul etməli və önünü almalıdır. Terrorçularla danışıq aparılmır”. Terrorçuların Cənubi Qafqaza ayaq açması ABŞ, İran və PKK-nı dəstəkləyən digər dövlətlər üçün də bir dərs olmalıdır. Bu gün Türkiyə və Azərbaycanı təhdid edən terrorçular sabah onları müdafiə edən ölkələri vuracaqlar”. Ekspert HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın ermənipərəst mövqeyinə də münasibət bildirib: "O nakəs erməni mənşəlidir və öz qan qohumlarını müdafiə etməsi normaldır”.
İsmayıl