
Qafqazın xəbərləri ilk olaraq Azərbaycan mediasından yayılmalıdır
Ekspertlər hesab edir ki, jurnalistlərimiz milli və dövlət maraqlarını qorumaqla qlobal mediaya inteqrasiya yolunu tutmalıdır

Azərbaycanda beynəlxalq münasibətlər mövzusunun işıqlandırılmasında medianın durumu o qədər də ürəkaçan deyil. Azərbaycan jurnalistlərinin ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində uğurları çox məhdud saydadır. Söz yox ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var.
Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Belə olan halda isə Azərbaycan jurnalistlərinin beynəlxalq münasibətləri zəif işıqlandırması ölkə ictimaiyyətini narahat etməyə bilməz. İnformasiya müharibəsində qalib gəlmək yönündə dünyanın nüfuzlu media qurumlarına azərbaycanlı jurnalistlərin inteqrasiya olunması müasir dövrümüzdə savadlı diplomatların, iqtisadiyyatçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.
Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələri həyata keçirilir, internet portallar yaradılır. Bu mənada, yerli KİV-in dünya mediası ilə əlaqələrinin genişləndirilməsi məqsədi ilə də ətraflı müzakirələrin aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin Avropa ölkələri mediasında işıqlandırılmasının bir növ zəmanətinə çevrilməlidirlər. Avropanın hər hansı bir şəhərində yaşayan adi bir həyat tərzi sürən azərbaycanlı
mediada Azərbaycan həqiqətinin ən güclü, ən obyektiv, en yaxşı nümayişçisinə çevrilə bilər. Heç şübhəsiz, ölkədə fəaliyyət göstərən bütün redaksiyalar beynəlxalq media qurumlarının təcrübəsini öyrənməkdə maraqlıdır və onlarla əməkdaşlıq əlaqələrinin qurulmasını vacib hesab edirlər. Elə bu məqsədlə də bir çox qəzetlər müəyyən qədər xarici media orqanları ilə əlaqələr yaratmağa çalışırlar.
Azərbaycan mətbuatının dünya mediası ilə əlaqələrinin hansı səviyyədə olduğunu araşdırmaq üçün bir sıra media ekspertləri ilə əlaqə saxladıq. Amma Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxış vəziyyəti ilə bağlı media ekspertlərinin fikirləri birmənalı deyil. Buna baxmayaraq onların hər biri ölkə mediasında beynəlxalq mövzunun peşəkarlıqla işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya mediasına daha geniş çıxarılması üçün zəruri olan məsələlərə aydınlıq gətirilməsi məsələsində həmrəy oldular.
Azərbaycanın müstəqil mediasının elə də çox yaşı olmadığını deyən "Azadinform.az” portalının baş redaktoru Niyaz Niftiyev deyib ki, buna rəğmən ötən müddətdə həm media qurumları, həm jurnalist təşkilatları, həm də jurnalistlərimizin fərdi şəkildə xarici mediaya çıxış imkanları genişlənməkdədir: "Rusiya və Türkiyə mətbuatı, xüsusən də MDB məkanı bizim üçün dil baxımından daha əlçatandır. Amma bu o demək deyil ki, Avropa mediası ilə də əməkdaşlıq etmirik. Bu işdə daha çox fəallığı Azərbaycanda bir çox jurnalist təşkilatları və onların rəhbərləri edirlər. Əlaqələrin qurulması, beynəlxalq tədbirlərdə iştirak, yazılarla çıxış etmək imkanı onlarda daha genişdir. Son vaxtlar bəzi gənc jurnalistlərimizin də bir çox xarici mediada çıxış etdiyini müşahidə edirik. Əlbəttə, bu, Azərbaycan mediası və xüsusən də dövləti üçün əhəmiyyətlidir. Düşünürəm ki, bu sahədə problemlər olsa da, zaman-zaman aradan qaldırılmasına nail olacağıq”.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dünyada baş verən proseslərin Azərbaycanda işıqlandırılması baxımından jurnalistlərin peşəkarlıq səviyyəsinə toxunan baş redaktor deyib ki, Azərbaycanda beynəlxalq sahədə yazan jurnalist məktəbi - yəni bu sahədə ixtisaslaşma hələ Sovet dövründən güclü olub: "Bu baxımdan Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ciddi problem görmürəm. Bəlkə həm də bunun nəticəsidir ki, bu gün bəzi məsələlərdə Azərbaycan informasiya mübarizəsində xeyli irəlidədir”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə deyib ki, milli informasiya məkanı ilə qlobal informasiya məkanı arasında sərhədin hardan keçdiyini dəqiqləşdirmək mümkün deyil. Hər bir milli medianın qarşısında böyük bir qlobal media məkanı var. Azərbaycan mediası da milli və dövlət maraqlarını qorumaqla qlobal mediaya inteqrasiya yolu tutmalıdır. Hər bir mətbuat orqanının ən aktual vəzifələrindən biri məhz dünya mediası ilə əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətidir.
Operativlik və prinsipal yanaşma baxımından Azərbaycan mediasının regionda lider olduğunu vurğulayan H.Babaoğlu deyib ki, bu, bizim üçün kifayət deyil: "Qafqazla bağlı xəbərlər dünya mediasına məhz Azərbaycan mediasının operativliyi nəticəsində çatdırılmalıdır. Bir növ Azərbaycan KİV-i regionla beynəlxalq arena arasında körpü rolunu oynamalıdır. Azərbaycanın coğrafi, enerji ehtiyatlarının tranziti nöqteyi-nəzərindən Qafqazla Qərb arasında bir körpü rolunu oynaması müxtəlif parametrlər üzrə irəlidə olmasının göstəricisidir. Bu gün ölkəmizdə milli sərhədləri aşmış, "transmilli media” adlandıracağımız media orqanları var. Amma biz bununla kifayətlənməməli, onların sayının daha da artmasına nail olmalıyıq. Bunun üçün də Azərbaycan mediasının intellektual keyfiyyətləri və peşəkarlığı artırılmalı, jurnalistlərin dil bilmək qabiliyyətinə xüsusi əhəmiyyət verilməlidir. Həmçinin ölkədə analitik düşünməyi bacaran jurnalist ordusu formalaşmalıdır. Əks təqdirdə, beynəlxalq informasiya mübadiləsində Azərbaycanın dövlət maraqlarını düzgün qiymətləndirmək jurnalistlər üçün müəyyən çətinliklər törədə bilər. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan jurnalistlərinin beynəlxalq media orqanları ilə əlaqələri yetərlidir, amma bu, heç bir halda bizim üçün qaneedici olmamalıdır. Medianın inkişafı və jurnalistlərin sosial qayğılarının aradan qaldırılması istiqamətində dövlət tərəfindən lazımi addımlar atılıb. Yeganə məsələ Azərbaycan jurnalistikasının nüfuzunun və keyfiyyətlərinin artırılması üçün jurnalistlərimizin öz üzərində işləməsidir”.
Baş redaktorun sözlərinə görə, xarici jurnalistlərin Azərbaycana gəlməsi, eyni zamanda bizim jurnalistlərin xarici ölkələrə səfər edib, aparıcı xarici media orqanlarına səfər etməsi müntəzəm
xarakter almalıdır. Çünki onların ölkəmizə gəlməsi yerli mətbuatımız üçün faydalıdır: "Bu istiqamətdə mütəmadi olaraq işlər görülür: "Bu günə kimi xarici jurnalistlərin ölkəmizə gəlməsi, adətən, böyük miqyaslı tədbirlər ərəfəsində baş verir. Amma xarici jurnalistlərin müntəzəm olaraq ölkəmizə səfərləri təşkil olunmalıdır. Ölkəmizdə gedən quruculuq və abadlıq işlərinin, inkişafın yerli jurnalistlərlə yanaşı, xarici jurnalistlərin də müşahidə etməsi yaxşı olar. Onların ölkəmizdə gördükləri barədə öz vətənlərində ətraflı məlumat verməsi Azərbaycanın xeyrinədir. Ona görə də həm dövlət, həm də ictimai qurumlar xarici jurnalistlərin Azərbaycana gəlməsində maraqlıdırlar.
Hesab edirəm ki, beynəlxalq media orqanları ilə Azərbaycan KİV-ləri arasında etibarlı körpü yaradılmalıdır. İkitərəfli münasibətlər Azərbaycanın informasiya dairəsini genişləndirər, həmçinin yerli jurnalistlərin öz yazıları ilə dünya mətbuatına da çıxışını təmin edər. Həmçinin birbaşa təmaslar daha effektiv nəticələrə yol açar və inteqrasiya asanlaşar. Qarşımıza qoyduğumuz əsas məqsəd ölkənin vəziyyəti ilə bağlı xarici media vasitələrində obyektiv informasiya yayılmasına nail olmaqdır. Xarici jurnalistlərin ölkəmizə mütəmadi səfərlərini təşkil etməklə Azərbaycanda görülən işlərlə özlərinin və təmsil etdikləri ölkələrin məlumatlanmasına nail ola bilərik”.
"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli isə deyib ki, bu gün Azərbaycan mediası hələki formalaşma dövrünü tam başa çatdırmayıb. Onun fikrincə, bu həm subyektiv, həm obyektiv səbəblərlə bağlıdır: "Yəni, qəzetlər, televiziyalar və digər media quruluşları tam şəkildə hara istiqamət almasını müəyyən etməyib. Amma bütövlükdə Azərbaycan mediasına nəzər salsaq görərik ki, son 10 ildə dünya mediasına inteqrasiya və əlaqələrin qurulmasına cəhdlər var. Dünya mediasının Azərbaycanda işıqlandırılması isə yetərincədir. Yerli media daxildə xəbər axtarışından daha çox xarici KİV-lərin internet saytlarına istinadən məlumat yayır. Lakin Azərbaycanda bir media orqanına istinadən xarici KİV-lərdə xəbər veriləndə Bakıda sanki toy-bayram olur. Hesab edirəm ki, bu gün dünyada İKT-nin günbəgün inkişafı fonunda necə ki xarici KİV-lər öndədir, biz də buna çalışmalıyıq. Çünki hələ də yerli mediada sovet şablonları özünü qoruyub saxlayıb və biz bundan uzaqlaşmalıyıq. Əgər buna doğru istiqamət almasaq, "filan ölkənin filan qəzetində yaxşı bir yazı var idi” deyib, özümüzü geridə görəcəyik”.
Həmkarımızın sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlahiddə bir işə ehtiyac yoxdur: "Sadəcə, media ilə bağlı təşkilatlar jurnalistləri dil kurslarına, xaricə təcrübə mübadiləsinə göndərmək üçün əməli addımlar atılmalıdır. Bu, jurnalistlərin yolunu açacaq və özü xarici KİV-lərlə, onun nümayəndəsi ilə birbaşa əlaqə qurmuş olacaq. Əslində bu işlər bir neçə il əvvəl görülməli idi, ancaq indi də gec deyil. Azərbaycana qarşı son hücumlar da göstərdi ki, ilk olaraq yerli jurnalistlərin dünyaya çıxışı olmalıdır və belə olan halda həqiqətləri xarici ölkələrin KİV-lərinə çıxara bilərik”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb