Sosial bazası olmayan, amma qeydiyyatdan keçən partiyalar birləşməlidir
"Partiya hüquq və vəzifələrini yerinə yetirmirsə, xarici ölkələrdə olduğu kimi, ləğv edilməlidir”.
Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov bildirib. Millət vəkili deyib ki, partiyalar alqı-satqı vasitəsinə çevrilib, hərə bir partiya alıb, qoyub evinə, vaxtı gələndə ondan istifadə edir: "Əvvəla, büdcədən maliyyələşən və maliyyələşməyən partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Lakin onlar buna əməl etmir, qanunda da məcburiyyət yoxdur. Ya da partiya ağ kağız göndərir ki, maliyyə gəliri yoxdur. Lakin baxırsan ki, neçə cangüdəni, maşını, ofisi var, bəs bu gəlirlər haradandır?” Deputatın sözlərinə görə, "Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir: "Biz bununla bağlı təkliflərimizi hazırlayıb təqdim edəcəyik”. Məsələni "Şərq”ə şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, partiyaların təkrar təftişi keçirilməli və bu təftiş nəticəsində mövcud qanunvericiliyə uyğun olmayan partiyalar haqqında ölçü götürülməlidir. Politoloq partiyaların bağlanmasına müsbət yanaşmadığını deyib: "Sosial bazası olmayan, amma qeydiyyatdan keçmiş siyasi qurumların birləşdirilməsi daha məqsədəuyğun olar. Ölkədə müəyyən qədər sosial dayaqlara malik və ya ümumiyyətlə elaktradı olmayan, sadəcə quru adı olan partiyalar var. Düşünürəm ki, Ədliyyə Nazirliyi bu cür partiyalardan sosial dayaqları barəsində hesabat tələb edə bilər. Xatırladım ki, hazırkı "Siyasi partiyalar haqqında” qanuna görə, 1000 nəfərdən çox üzvü olan partiyalar qeydiyyata alınır. Yeni qanun layihəsində bu norma 5 minə qaldırıla bilər. Yəqin ki, ondan sonra bir çox partiyalar avtomatik sıradan çıxacaq. Fəaliyyətini davam etdirmək istəyən partiya rəhbərləri isə beş min nəfərin imzasını onların şəxsiyyət vəsiqəsi ilə birlikdə Ədliyyə Nazirliyinə təqdim etməlidir”.
İsmayıl