“Qanun”u ötənilki oğrular qarət edə bilər

Şahbaz Xuduoğlu hadisəni törədənlərin eyni adamlar olmasını istisna etmir
"Qanun” nəşrlər evində yenə də oğurluq hadisəsi baş verib. "Qanun”un əsas qapısı açılaraq mühasibatlığın qıfılı sındırılıb, şkaflar ələk-fələk edilib. Ən üst mərtəbənin damından tavan dağıdılıb, "Əli və Nino”nun seyfi yarılıb.
Kassadan 3 mindən çox pul aparılıb, "Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kamera görüntüsündə hadisənin iki maskalı şəxs tərəfindən törədildiyi məlum olub. Məlumat üçün bildirək ki, ötən il 27 sentyabr tarixində də "Qanun”da oğurluq hadisəsi baş verib. O zaman açılmış cinayət işi isə hələ də bir nəticə verməyib. Buna rəğmən yenidən polisə müraciət etdiklərini deyən nəşriyyat rəhbəri Şahbaz Xuduoğlunun sözlərinə görə, keçən il eyni vaxtda baş verən həmin oğurluq açılsaydı, bu gün bu hadisə baş verməzdi: "Hələ ki, oğruların kimliyi bəlli deyil. Polis araşdırılma aparıldığını deyir, amma heç bir irəliləyiş yoxdur. Bir-bir əməkdaşlarımızı çağırıb ifadələrini alırlar”.
Hadisənin qəsdən törədilmə ehtimalını istisna edən Ş.Quliyev adi bir oğurluq hadisəsi olduğunu deyib: "Biliblər ki, "Qanun”un kassasında müəyyən qədər vəsait var. İmkan tapan kimi də hadisəni törədiblər. Bu addımın hansısa bir məqsədlə atıldığını zənn etmirəm. Sırf pul oğurlamaq məqsədi ilə törədilən bir cinayətdir”.
Onun sözlərinə görə, budəfəki oğrularla ötən il eyni gündə nəşriyyatdan oğurluq edənlərin eyni adamlar olması istisna deyil: "Polis bizim ehtimallarımızı da nəzərə alaraq araşdırmaları davam etdirirlər. Gözləyək, görək bir nəticə olacaq, ya yox?!”
Şəymən