Qanunvericilik icazə verir

“Himayəsində azyaşlı uşaq olan qadın məhkum müvəqqəti azad edilə bilər”



Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Cəfərova bildirib ki, iki il öncə həbs edilərkən hamilə olub.

O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib: "Qızım 1 yaş 8 aylıqdır. Sizdən xahiş edirəm ki, vəziyyətimi nəzərə alaraq, körpənin qayğısına qalmaq üçün məni həbsdən azad edəsiniz”. Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib. Qeyd edək ki, E.Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, həbsxanada doğulan uşağın 3 yaşınadək cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququ var. Həmin müddət bitdikdən sonra uşaq ananın əlindən alınaraq ya ailə üzvlərinə, ya da internata verilir.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayeva isə "Şərq”ə açıqlamasında deyib ki, ən ağır cinayətlə həbs olunan qadınlara belə himayəsində azyaşlı uşaq var deyə, müəyyən güzəştlər edilir: "Qanunvericilik də icazə verir ki, himayəsində azyaşlı uşaqlar olan qadınların həbs müddəti saxlanılmaqla müvəqqəti azadlığa buraxılır. Belə hallar təcrübədə də olub. Uşağın 7 yaşı tamam olduqdan sonra qadın yenidən cəzasını çəkir”.

Uşağın həbsxanada böyüməsinin məqsədəuyğun olmadığını vurğulayan ekspert hesab edir ki, əks halda uşaqda psixoloji travmalar yarana bilər. K.Ağayevanın sözlərinə görə, oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti qəbul olunmalı və məhkəmə onun xahişini nəzərə almalıdır: "Çox güman ki, məhkəmə həmin qadının durumunu nəzərə alaraq həbs müddəti saxlanılmaq şərti ilə onu azad edəcək. Amma sözsüz ki, uşaq 7 yaşa çatanda o, yenidən öz cəzasını çəkməlidir”.

Şəymən