Qanvermənin müsbət tərəfləri ilə yanaşı fəsadları da var

Qanı az olan şəxslərə, animiyalılara, şəkər xəstəliyi olanlara qan vermə məsləhət deyil



Hər il Aşura günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyaları keçirilir. Toplanan qan insanların müalicəsinə sərf olunur. Qafqaz Müsəlmanları İdarəsindən də bildirilir ki, insanlar Aşura günlərində qanlarını boş yerə axıtmaqdansa, həmin qanı ehtiyacı olan insanlara yardım məqsədi ilə versinlər.

Həmçinin ilahiyyatçılar da zəncir vurub baş yarmağın düzgün bir əməl olmadığını dönə-dönə vurğulayırlar. Aksiyada verilən qanların bəzilərində müxtəlif xəstəliklərlə qarşılaşmaq da mümkündür. Buna görə də, verilən qanın bütün xüsusiyyətləri dəqiq araşdırılmalıdı. Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla bu cür aksiyaların olduqca vacib olduğunu söyləyib. Onun sözlərinə görə, istənilən şəxsdən götürülən qanın bütün parametrləri mütləq şəkildə araşdırılmalıdır: "Bu aksiya elə-belə keçirilə bilməz. Götürülən hər bir qanın üzərinə bütün göstəricilər əks olunan sertifikat vurulur. Qan verən şəxsin adı, soyadı, qan qrupu, onda hansısa infeksiyaların olub-olmaması sertifikatda əks olunur. Əgər qanın tərkibində hansısa bir infeksiya aşkarlanıbsa, həmin qan artıq köçürülməyə yararlı deyil. Bu, tibbi aksiyadı və götürülən qan hansı şəraitdə olursa olsun, sonra yenidən təkrar olaraq yoxlanılır. Ola bilsin ki, insan hansısa infeksiyalara yoluxub. Bu, həmin şəxsin qanında 3 ay sonra aşkar oluna bilir. İnfeksiyaların neqativ olmasına baxmayaraq, yoluxma təhlükəsi olur. Dünyanın heç bir yerində qanköçürmə zamanı hansısa infeksiyanın keçməyinə zəmanət yoxdur”. Qan verən insanların səhhətində müəyyən müsbət halların baş verdiyi deyilir. Professor isə müsbət təsirin olduğu halda, həmçinin qanvermənin əks təsirləri olduğunu da deyib: "Qanvermə 300-500 ml qanın xaric olması orqanizmin qan dövranında müəyyən bir defisit yaradır, qanyaradıcı üzvləri stimullaşdırır və qan dövranının rahat olmasına təsir göstərir. Yəni, daha gənc eritositləri, leykositləri və digər qan yaradıcı üzvlərin komponentlərini ifraz eləmək üçün bir növ stimulyator xarakteri daşıyır. Hesab edirəm ki, yüksək təzyiqi olan xəstələrdə qan vermənin müəyyən bir effektiv təsiri olur. Lakin, qanvermənin orqanizm üçün yalnız müsbət tərəfləri haqqında düşünmək olmaz. Məsələn, qanı az olan şəxslərdə, animiyalarda, şəkər xəstəliyi olanlarda qan vermə məsləhət deyil. Bu zaman müəyyən əks göstərişlər ola bilər. Bundan başqa orqanizmdə müəyyən mübadilə xəstəlikləri və yoluxucu xəstəliklər olduqda da qan verilməsi düzgün hal deyil. Bu zaman müəyyən əks göstərişlər yarada bilər”.

Yeganə Bayramova