Qapısı açılan kimi: Zəlimxan Məmmədli də yurda dönüb Borçalıda yaşayacaq

Bakıda yaşayan azərbaycanlıların Gürcüstana köçü başlayıb
Bir vaxtlar paytaxt Bakıya axın edən Gürcüstan azərbaycanlıların son zamanlar geriyə, yəni öz el-obalarına dönüşü müşahidə olunur. İllər öncə Bakıya gələrək, ali təhsil alıb, universitetlərdə, tibb müəssisələrində, qəzet, jurnal redaksiyalarında çalışan bəzi insanlar vətənlərinə dönür. 
Onların arasında professor, həkim və jurnalistlər də var. Əlbəttə, məlum dönüşün səbəbləri müxtəlif faktlarla izah olunur. Kimi bunu Bakının bahalı şəhər olması və ya burada sosial şəraitin ağırlığı ilə əlaqələndirir, kimi yaş faktorunu önə çəkir, kimi isə vətən, ocaq sevgisi və həsrəti ilə bağlayır. "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. Faktı təsdiqləyən birlik sədri qeyd etdi ki, el, yurd və vətən sevgisi imandan gəlir: "Baxın, insanlar yaranır, yurd salır, yuva qurur və o yurdun təbiətinə uyğunlaşır. Qohum əqrəba, vərdişlər, yurdun psixologiyası şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır və yurd cazibəsi yaranır. Hətta səhra belə olsa, millətindən asılı olmayaraq insanlar doğulduğu məkana, yurda meyillənirlər. Soydaşlarımızı geriyə qaytaran birinci amil budur”.
Z.Məmmədli bildirib ki, Borçalı türk dünyasının mənən ayrılmaz bir hissəsidir. Etnik Azərbaycan türkləridir. Qarışıq olmayan türklərdir. Onlar bulaq suyu kimi təmizdirlər: "O təbiətdən, dağlardan alınan enerji, təbiətin gözəlliyi orada yaranan dastanlar və folklor nümunələri Borçalıya cazibə qüvvəsi yaradır. Borçalı hər zaman döyüşlər məkanı olub. Dünya müharibələri və ölkələr arasındakı savaşlarda mərkəz rolunu oynayıb. Borçalı insanları döyüşlərdən çıxıb, yurd salıblar. Bu yurdu da bir elə çeviriblər. İndi də bir dövlətin içində varlıqlarını sübut edirlər”.
Borçalı türklərinin illər öncə Bakıya axınından söz açan təşkilat rəhbəri diqqətə çatdırıb ki, Sovetlər Birliyinin dağılmasından böyük bir təlatüm yarandı: "Moskvanın təxribatları, etnik qarşıdurma elementləri, Gürcüstandakı siyasi hakimiyyətlərin ayrı-ayrı qoçu dəstələrinin və oradakı dini icmaların aqressiv münasibəti soydaşlarımızın o yurda bağlılığını bir az azaltdı: "O cümlədən, toponimləri dəyişdilər. Tarixi yaddaşa və torpaq üzərində mülkiyyət hüququna təcavüz olundu. Milli mənsubiyyətə görə, insanların işdən çıxarılması halları baş verdi. Milli məktəblərin bağlanma tendensiyası başladı. Bütün bunların hamısı Tiflisə nifrət yaratdı. Bu baxımdan, soydaşlarımız Azərbaycanı seçdilər və Bakıya axışdılar. Bu, ictimai-siyasi gedişatın yaratdığı təbii miqrasiya prosesi idi. Amma 2009-cu ildən mən cəmiyyətin rəhbərliyinə gələndə bütün kəndləri gəzdik. Hətta ucqar Zalqadan tutmuş, Dumanisinin kəndlərinə qədər baş çəkdik. O kəndlər köç havasında idilər. Artıq kəndlər xarabalığa çevrilirdi. Onda mən dedim ki, kəndlərdəki evlərin dam örtüklərini yosunlar tutubsa, deməli, orada həyat eşqi sönüb və biz burada həyat eşqini alovlandırmalıyıq. Çünki həyat eşqini bərpa etsək, ilahi qüvvə olan yurd sevgisi insanları geri qaytaracaq. Bütün siyasətimizi və fəaliyyətimizi bunun üzərində qurduq. Həmin kəndlərdəki vəziyyətlə bağlı videogörüntülərimiz də var”.
Həmsöhbətimiz söyləyib ki, el bayramı olan "Elat” bayramı babalarının yaratdığı yurda meyilli insanları bir araya yığa bildi: "Bu bayram insanları ürəkləndirdi. İnsanlarda əks miqrasiya düşüncəsi yaratdı. İnsanlar da artıq bildilər ki, onları himayə edənlər var. Və artıq geri dönməlidilər. Məhz, bundan sonra geriyə dönüş başladı. Və qısa bir müddət sonra yosun basmış dam örtüklərinin dəyişdirilməsi mərhələsi başladı. Hətta 1992-ci ildən Bakıya köçüb bir dəfə də olsun geri dönməyən adam da gedib, öz evinin qapısını açdı. Ortada nümunələr var. Yəni eldə güvən hissi və istinad nöqtəsi yarandı. El özünə və yurduna güvənməyə başladı. Baxdılar ki, türklər, azərbaycanlılar və digər köylər o ellərə axışıb gəlir və deməli, bu millətdir. Onun dəyərləri və tarixi var. Beləliklə deyə bilərik ki, geriyə qayıdışın təməlində 2009-cu ildən qeyd olunan böyük "Elat” bayramının mühüm rolu oldu. Bu bayram vasitəsilə soydaşlarımızın səsinin türk dünyasına çatdırılması, bayrama dair onlarla Türkiyə telekanallarında verilişlərin hazırlanması, Azərbaycan mediasının mütəmadi olaraq Borçalı insanlarını və cəmiyyətini nəzarətdə saxlaması, yurdun nüfuzunu yüksəltdi”.
Z.Məmmədli hesab edir ki, geriyə dönüşə zəmin yaradan amillərdən biri də Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsi və ciddi islahatlar həyata keçirməsi olub: "Bu islahatlar Gürcüstana heç kimin təsəvvür edə bilmədiyi dərəcədə cazibə qüvvəsi yaratdı. Qanunlar işləməyə başladı. Milli və etnik kimliyinə görə, insanlar arasındakı ayrı-seçkiliyə son qoyuldu. Əsasən soydaşlarımızın təməl haqları tanınmağa başlandı. Milli və dini bayramlarımız qeyd olundu. Hakimiyyət rəhbərləri soydaşlarımızın yanında oldu. Bu da mərkəzi Tiflisə, Saakaşvili hakimiyyətinə inamı artırdı. Təbii ki, xətalar da vardı. Amma ümumi götürəndə toplumsal bir güc güvəni demokratiyadan aldı. Sən demə demokratiya o qədər gözəl nemət imiş ki, hər il Azərbaycandan milyondan artıq insan Gürcüstana keçir. Niyə? Çünki rəqabət var. Ədalətli cəmiyyət var. Ucuzluqdu. Monopoliya yoxdur. İnsanlara göstərilən xidmətlər yüksəkdir. Qiymətlər aşağıdır. Bunlar da Gürcüstanın cazibə qüvvəsini artırdı. O qədər ucuzluqdur ki, insanlarımız gedib, Gürcüstandan bazarlıq edir. Bir sözlə, demokratiyanın üstün olması, insanlarımızın yenidən Gürcüstana üz tutmasına təkan verən hadisə oldu”.
Cəmiyyət sədrinin sözlərinə görə, Azərbaycanda miqrasiya ilə bağlı çox ciddi xətalar mövcudluğu, soydaşlar haqqında qanunun qəbul olunmaması, o cümlədən, Borçalı türklərinin əcnəbilərlə eyni tutulması onları çox incitdi, üzdü: "Soydaşlarımız sərhəddə kütləvi şəkildə incidildi. Cərimələndilər. Azərbaycanın miqrasiya siyasətindəki nöqsanlar insanlarımızı Bakıdan uzaqlaşdırdı. Borçalı türkü Azərbaycanın ali məktəblərində heç bir gücə sahib deyil. Əvəzində isə Tiflis soydaşlarımız üçün 4+1 proqramı işləyib, hazırladı. Gürcüstan hökuməti soydaşlarımızı öz himayəsinə aldı, onlara tibbi sığorta tətbiq olundu. Bu kimi faktlar Gürcüstana olan marağı artırdı. Fikir verin, rəsmilər "Gürcüstandakı soydaşlarımız mallarını aparıb gətirməkdə sərbəstdirlər” desə də, gömrük işçiləri buna əməl etmir. Sərhəd keçid məntəqələri insanlarımızı daha qəddar bir formada incitməyə və soymağa başladılar. Qırmızı körpü sərhəd keçid məntəqəsində monitorinq apardıq. Məlum oldu ki, insanlarla çox kobud davranırlar. İnsanla bu cür davranmaq olmaz. Heç Somalidə insanlarla belə davranmırlar. Soydaşlarımız Azərbaycandakı qanunsuzluqdan incik düşdülər. Ona görə də, geri dönürlər”.
Z.Məmmədli bəyan edib ki, Gürcüstanda iş adamlarımız var ki, Azərbaycandan gediblər və orada çox ciddi işlər qura biliblər: "Çünki qabiliyyətləri var. Qanunla işləyirlər. Məmur basqısı və monopoliya yoxdur. İnsanlarımız işini qurmaq üçün Gürcüstana gedirlər və bundan məmnundurlar. Hətta tanışlarım var ki, işlərini Gürcüstanda qurublar və ora köçmək istəyirlər”.
"Özünüz dədə-baba yurdunuza dönmək istəyirsinizmi” sualına gəlincə, birlik rəhbəri qeyd etdi ki, qapısı açılandan sonra Gürcüstana vətən deyib, geri dönənlərdən biri də Zəlimxan Məmmədli olacaq: "Bizim "Böyük qayıdış” proqramımız mövcuddur. Burada məqsədimiz o idi ki, Azərbaycanın ictimai-siyasi həyatında, idarəetmə sistemində, elmdə fərqlənən nüfuzlu insanlar yaşlanıb, əldən düşməmiş yurd deyərək, Borçalıya geri dönsün. Bu, böyük geriyə dönüş proqramı idi. Təşəbbüskarı da özüm olmuşam. Qapım açılandan sonra Gürcüstana vətən deyib, geri dönənlərdən biri də mən olacam. O yurda əl qoyarsan, el olar çiçəklənər, bir növ şənlənər, gözəlləşər, qonaq-qaralı olar, get-gəlləri çoxalar. Bax, hazırda bu proses gedir”.
Z.Məmmədli onu da əlavə edib ki, Saakaşvili dönəmində həbsə alınan və indiki hakimiyyətin azad etdiyi erməni əsilli Çaxalyan Gürcüstan azərbaycanlılarının baş ağrısına çevrilib: "O adam həmişə bizə qarşı qərəzli fikirlər səsləndirir. Qeyd edir ki, Gürcüstana türklər, azərbaycanlılar çox gəlirlər və burada iş qururlar. Üstəgəl, milli maraqlarımızı təhdid edən bəyanat verib. Yəni Azərbaycan siyasi fəaliyyətini gücləndirməlidir”.
Müsahibimiz düşünür ki, Gürcüstandakı dini siyasətimiz çox yanlışdır: "Hacı Allah Şükür Paşazadə ilə də görüşmüşəm. Demişəm ki, insanların ibadət imkanlarını tanımaq lazımdır. Dini kadrlar lazımdır. Borçalı elindəki dini boşluğa Ayəttüllahlar girib və bu gün bizim üçün ciddi təhdid mənbəyinə çevriliblər. Orada məzhəb etnik kimliyin üzərinə çıxıb ki, bu, da çox yanlış yoldur”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan, Türkiyə və Gürücstan arasında mənəvi körpü ucaltmaq olar: "Qafqazda etnik problemlərin həll olunmasının çox unikal bir modelidir. Borçalı toplumu bir dövlətin yanında dimdik durub. O qorxaq deyil, cəsarətlidir. Dəyərlərinə, dostluğa, kəsdiyi çörəyə sadiqdir. Arxadan balta saplayan deyil. Bu toplumu Gürcüstanla birgə Azərbaycan və Türkiyə himayə etsə, oradakı etnik Rusiya ocaqlarını söndürmək olar”.
Z.Məmmədlinin qənaətincə, siyasətimizi düzgün qursaq, Borçalı insanlarının intellektual bilikləri artar və onların siyasi hakimiyyətə təyinat gözləmədən seçki yolu ilə yerli, mərkəzi hakimiyyət orqanlarına və parlamentə seçilmə imkanları artar. Soydaşlarımız bunu dərk etməlidirlər. Artıq Gürcüstanda əksər hakimiyyət strukturlarının üzvləri və sədrləri seçki yolu ilə seçilirlər. Soydaşlarımız anlamalıdırlar ki, sovet sistemindəki kimi, təyinat gözləmək olmaz. Seçkiyə hazırlaşıb, səs qazanmaq lazımdır. Görünür, icmalaşma prosesi sona çatmayıb və yaxud da ləng gedir”.
Ayyət Əhməd