“Qara bazar”ın qarşısını almaq problem deyil

Vətəndaşa istənilən yerdə, əlçatan şəkildə valyutadəyişmə imkanı yaradılmalıdır
Bazarda nə qədər çox oyunçu varsa, daha çox şəffaflıq mühiti formalaşır

 Son günlər ən çox müzakirə olunan mövzulardan biri də dolların "qara bazar”ı ilə bağlıdır. Dollara tələbatın artması fonunda bankların bir hissəsinin dollar satışını məhdudlaşdırması və ya tamamilə dayandırması "qara bazar”ın yenidən aktivləşməsinə səbəb olub. 

Dollara olan tələbin ödənilməməsi isə öz növbəsində "qara bazar” ətrafındakı ajiotajı yenidən yüksəldib. Valyutanı bankdan ala bilməyənlərin üz tutduqları ünvan məhz bu istiqamət olur. Bu isə heç də yaxşı olmayan tendensiya yaradıb ki, məsələyə ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları da qarışıb və artıq "qara bazar”la ciddi mübarizəyə başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini 
Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu "qara bazar”da 135 min manata satan zaman saxlanılıblar. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs - Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də mətbuata açıqlamasında son dövrlər populyar olan dolların "qara bazar”ı ilə bağlı məsələlərə də aydınlıq gətirib. "Qara bazar”la bağlı proseslərin bütün dünyada getdiyini vurğulayan DTX sədri deyib ki, ölkə Prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib. Müxtəlif cinayət işləri qaldırılıb, müəyyən adamlar artıq saxlanılıb. Digərlərinin saxlanması istiqamətində addımlar atılır. Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var”. 

Maliyyə bazarı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli də "Şərq”ə açıqlamasında "qara bazar”ın nə vaxt və niyə yaranmasının artıq hər kəs üçün aydın olduğunu deyib. Onun sözlərinə görə, istənilən sahədə tətbiq olunan məhdudiyyət insanların avtomatik olaraq alternativ yollar axtarmasına gətirib çıxarır: 

"Dollar bazarında da belədir. Vətəndaş banklarda xarici valyuta əldə edə bilmirsə, bazara getmək məcburiyyətindədir. Bununla da "qara bazar”ın çəkisi artmış olur. Dollar bazarı artıq kriminal tərkibli hadisə hesab olunsa da, inzibati yollarla bunun qarşısını almaq uğurlu seçim deyil. Dövlət hər bir vətəndaşın başına təhlükəsizlik xidmət əməkdaşlarını qoyub onları nəzarətdəsaxlamayacaq ki? Əslində bütünlükdə "qara bazar”ın DTX tərəfindən nəzarətə götürülməsi onlar üçün də əlavə yükdür. Hesab edirəm ki, bu problemin həllinə iqtisadi yollarla nail olmaq lazımdır. Maliyyə bazarının özünün qaydaları və həmin prosedurları dollar bazarında tətbiq etmək lazımdır”. 

Azərbaycanda bütün sahələr üzrə dollara tələbat olduğunu deyən ekspert hesab edir ki, tələbat çox olduğuna görə, daha sürətli və çevik əməliyyatı aparmaq üçün vətəndaşa istənilən yerdə, əlçatan şəkildə valyutadəyişmə imkanı yaradılmalıdır: 

"Biz bunun məhdudlaşdırıldığını görürük. Valyutadəyişmə məntəqələri bağlandı. Bankların valyutadəyişmə ilə bağlı məhdudiyyətləri var, rəsmi alqı-satqı üçün valyutadəyişmə ilə bağlı marjalar qoyulub. Qoyulan məhdudiyyətlər bazarın rəsmi qaydada tənzimlənməsini stimullaşdırmır, daha da tərsi olaraq, bunun fərqli yönlərə getməsini stimullaşdırır. Bu isə çox xoşagəlməz haldır. Amma bu bazarı tənzimləmək DTX-nin və ya hüquq￾mühafizə orqanlarının yox, Mərkəzi Bankın və maliyyə sektorunun digər iştirakçılarının işidir. Bazarda nə qədər çox oyunçu varsa, daha çox şəffaflıq mühiti formalaşır. Mərkəzi Bank ilk olaraq maliyyə bazarını dollarla təmin eləməlidir. Yox əgər əlindəki pullarını satmaq istəmirsə, o zaman alternativ yollardan istifadə eləsin. Mərkəzi Bank birinci valyutadəyişmə məntəqələri ilə bağlı əlçatanlığı təmin etməlidir. Valyutanı dəyişmək hər kəs üçün istənilən vaxt əlçatan olmalıdır. İkincisi də banklar bu məhdudiyyətlər çərçivəsində valyutanı sata bilmirlər deyə, bazara gedirlər. Ona görə Mərkəzi Bankın rəsmi kursundan 4 faiz aşağı, 4 faiz yuxarı tətbiq olunan marjaları ləğv etmək lazımdır. Ən azından MB məcburi ehtiyat normasını ciddi şəkildə yuxarı çəkə bilər. Məhdudiyyət məsələsinə baxmaq, onları aradan qaldırmaq lazımdır ki, bazar öz çərçivəsində prosesləri tənzimləsin. Fikrimcə, "qara bazar”ın qarşısı iqtisadi mexanizmlərlə alınsa, problemin uzunmüddətli həllinə nail olmaq olar. Əks halda, güc strukturlarının həyata keçirdiyi əməliyyat problemin qısa müddətə qarşısını alacaq və ara sakitləşən kimi yenə də hər kəs öz işinə qaldığı yerdən davam edəcək”. 

Şəymən