“Ailələr var ki, qızının, ya oğlunun, məsələn, ürək çatışmazlığı olduğunu qarşı tərəfə demir”“Hətta narkotiklərə qurşanmış oğlanları da “aydan arı, sudan duru” kimi təqdim edirlər”
Nikaha daxil olmaq istəyənlərin məcburi tibbi müayinədən keçirilməsi ilə bağlı ötən ilin iyununda fərman qüvvəyə mindi. Ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsinin zəruriliyi əslində, həmişə aktual idi. Lakin məcburiyyət yox idi deyə, cütlüklər könüllü surətdə tibbi müayinədən keçməyi ağıllarına da gətirmirdilər. Baxmayaraq ki, irsi, yoluxucu xəstəliklərdən əziyyət çəkənlərin nəinki özlərini, doğulacaq övladlarının gələcəyini təhdid altına alması faktları hər zaman mövcud idi. Məlum fərmanın qüvvəyə minməsinin problemin həllinə əhəmiyyətli dərəcədə kömək edəcəyi gözlənilirdi və gözlənildiyi kimi də oldu. Məhz, icbari tibbi müayinə sayəsində evlənməyə hazırlaşan cütlüklərdə hansı xəstəliklərin olması artıq bəri başdan aşkarlanır. Bununla belə problemlər yenə qalmaqdadır.
Bu günlərdə KİV-ə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva mövcud vəziyyət barədə məlumat verib.
O qeyd edib ki, talassemiya daşıyıcısı olmasına rəğmən evlənən cütlüklər var:
2015-ci ilin 1 iyun tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən şəxslərdə aparılan tibbi müayinələr nəticəsində 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlandığı üçün onlar evlənməkdən imtina ediblər. Lakin bizə müraciət edənlər arasında elə cütlüklər var ki, qadınlarda artıq hamiləlik zamanıdır. Bu cütlüklərdən birinin qadını 3 aylıq, digərininki isə 4 aylıq hamilədir. Biz onları əvvəlcə müayinə edirik, qan nümunəsi götürülür. Onlarda baş verən genetik dəyişikliyi də analiz edirik ki, burada xromosom səviyyəsində hansı mutasiyalar gedib. İndi onları Perinital Mərkəzə göndərmişik. Onlara vaxt təyin ediblər ki, dölyanı material götürülsün, yenidən molekulyar genetik müayinə olunsun. Aşkarlansın ki, bətndəki uşaqlar xəstədir, yoxsa sağlamdır və ya daşıyıcıdılar. Onlar fevralın 24 və ya 25-də müayinə olunacaqlar” - deyə İnstitut direktoru əlavə edib.
Milli Məclisin Ailə Məcəlləsinə etdiyi dəyişikliklərə görə, nikaha daxil olmaq istəyən şəxslər Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.
Qaydaya uyğun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və siflisə görə tibbi müayinə olunmalıdır.
Nikah bağlayan şəxslərdən tibbi arayış tələb olunması məcburidir. Amma bir məsələ var ki, qanun 2015-ci il iyunun 1-dən qüvvəyə mindiyi üçün tibbi arayış tələbi də bu tarixdən etibarən nikah ərizəsi yazanlara şamil edilir. Belə olduğu təqdirdə, bu tarixdən əvvəl nikaha daxil olmuş cütlüklərdə hansısa xəstəliklərin aşkarlanması da gözləniləndir.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qanunun tələblərinə əməl edilməsini vacib sayır və bunun gələcək nəslin sağlamlığına hesablandığını bildirir. Ekspert bir sıra məqamlara xüsusi diqqət yönəltməyin tərəfdarıdır:
- Nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir. Qanunun qəbulu da onu göstərir ki, ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir. Əslində, evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir. Amma təəssüf ki, Azərbaycan cəmiyyəti bundan hələ çox uzaqdır. Azərbaycan mühitində ailələr çox zaman yalan üzərində qurulur. İstər ailələrin sosial vəziyyəti ilə bağlı, istərsə də evlənməyə hazırlaşan cütlüklərlə bağlı. Ailələr var ki, qızının, ya oğlunun, məsələn, ürək çatışmazlığı olduğunu qarşı tərəfə demir. Hətta narkotiklərə qurşanmış oğlanları da "aydan arı, sudan duru” kimi təqdim edirlər. Nə qədər belə faktlar var ki, evlənəndən sonra oğlanın, hətta bəzən qızların da narkotik aludəçisi olduğu üzə çıxıb, ailələr dağılıb, nəsillər arasında düşmənçilik yaranıb. Bizim cəmiyyət, təəssüf ki, ailə müqəddəsliyini unutmağa başlayıb və ilk gündən etibarən gələcək ailənin təməlini yalan üstündə qurmağa üstünlük verirlər. Anaların bir dərdi var ki, nə olursa-olsun, qızını ərə versin. Daha bunun sonrası necə olacaq, onu düşünmürlər. Bizdə hələ o səviyyə formalaşmayıb ki, elçiliyə gələn oğlandan tibbi arayış tələb etsinlər. Oğlan evi bunu mənliyinə sığışdırmayacaq və qapını çırpıb gedəcək ki, nə çoxdu qız, gedib başqasını alarıq. Amma daha fikirləşmirlər ki, bu, həm adamın özü üçün, həm də gələcək həyat yoldaşı və dünyaya gələcək övladları üçün, ümumilikdə hamı üçün lazımlı və vacib bir işdir. Ailələr var ki, müxtəlif irsi xəstəliklər üzündən xəstə uşaqlar dünyaya gəlir. Müxtəlif yoluxucu xəstəliklər üzündən ər və arvad arasında birgə yaşayışda problemlər ortaya çıxır və bunlar bəzən ailələrin dağılması ilə nəticələnir. Bunu düşünən insan özünün də, həyatını bağlamağı düşündüyü insanın sağlamlığına laqeyd qalmamalıdır.
M.Zeynalova hesab edir ki, qanunun icrası mexanizmində bəzi detallar nəzərə alınmalıdır:
- Evlənməyə hazırlaşan cütlüklərin tibbi müayinədən keçməsini təmin edəcək bir mexanizm varmı? Biz hardan bilirik ki, evlənməyə hazırlaşanlar tibbi arayışları saxta yolla əldə etmir? Bu gün fəaliyyət göstərən VVAQ strukturunda köklü islahatlar aparılmalıdır. VVAQ şöbələrində məlumatlandırma büroları yaradılmalı, hüquq məsləhəti, psixoloq məsləhəti verilməlidir. VVAQ şöbələri bu xidmətləri paket halında təklif etməlidir. Həm də pulsuz! VVAQ şöbələrində xüsusi kataloqlar yaradıla bilər və orada vətəndaşların sağlamlığı barədə gərəkli məlumatlar toplana bilər. Elektron sistemə də keçmək mümkündür. Səhiyyə Nazirliyi ilə bu işi birgə həyata keçirmək olar. Müraciət edənlərlə bağlı onlar tibbi arayış təqdim etməmiş, ilkin məlumat əldə etmək olar ki, bu insanlar hansı xəstəlikləri keçirib, daşıyıcıdırlarmı və s.
Xüsusilə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Məsələn, telekanallarda maarifləndirici proqramlar olmalıdır. Qanun imzalanıb, bundan siz jurnalistlər xəbərdarsınız, biz qeyri-hökumət sektorunda çalışanlar, hüquqşünaslar, bu sahə ilə bağlılığı olanlar xəbərdardırlar. Kütləvi şəkildə əhalinin bundan xəbəri olmaya da bilər. Bəlkə sabah cütlük VVAQ şöbəsinə müraciət edəndə, elə oradaca onlara rüşvət müqabilində bu tibbi sənəd təklif olunacaq? Yəni, biz çalışmalıyıq ki, hərtərəfli iş aparılsın. İnsanlarla maarifləndirmə aparılsın ki, evlənməyə hazırlaşanlar sağlamlığa diqqətin necə vacib amil olduğunu anlasınlar. Biz təklif edirik ki, tibbi arayışın təqdimatı VVAQ şöbələrinin daxilində olsun. Gəncləri daha harasa, hansısa poliklinikaya göndərməsinlər. Məsələlər yerində həll edildikdə, rüşvətə, başqa mənfi hallara da az rast gəlinir, bunların qarşısı alınır. Yaxşı olardı ki, qanun dini kəbinə də aid edilsin və bu məsələdə məsuliyyət dini qurumların üzərinə qoyulsun. Ailənin də, gələcək nəslin sağlamlığını da evlənən cütlüklər düşünməlidir. Evlənənlər anlamalıdırlar ki, sağlamlıq ailə həyatında ən önəmli məsələdir. Həmçinin, doğulacaq uşaqların da gələcəyinin sağlam və ya qeyri-sağlam olacağı bu gün qurulan ailədən asılıdır. Gərək elə kimdənsə nəsə tələb olunsun ki, bizim gənclər, valideynlər tibbi arayış alsınlar?! Hər bir sağlam düşüncəli insan öz sağlamlığının təminatçısı olmalıdır.
Məlahət Rzayeva