“Evli, ailəli olduğu halda, başqasının çağırışına cavab vermək, feysbukda sevgili, ər axtarışlarına çıxmaq xəyanətkarlıqdı”“Görünür ki, bizim qadınlar seriallara baxa-baxa yollarını azırlar”
Ailə dramı bu dəfə Lənkəranda yaşanıb. Lənkəran şəhər sakini Nərgiz Qasımova 2 yaşlı qızını da götürüb Türkiyəyə gedib. N.Qasımovanın həyat yoldaşı Fərəc Qasımov KİV-ə açıqlamasında N.Qasımovanın türkiyəli sevgilisinin yanına qaçdığını deyib. F.Qasımov iddia edib ki, həyat yoldaşı uzun müddət feysbukda kiminləsə yazışırmış. O, xanımın feysbuk yazışmalarını üzə çıxarıb.
F.Qasımovun dediyinə görə, ibtidai siniflərdə ingilis dili tədris edən xanımı ailəsini aldadırmış ki, Türkiyədə özünə yüksək əmək haqlı iş tapacaq və uşağı da orada müalicə etdirəcək. Ailədə razılaşıblar ki, gəlin uşağı da götürüb qayınana ilə birgə Türkiyəyə getsin. Hətta buna inanan ata, uşağın ölkədən çıxmasına notarial qaydada razılıq da verib. Günlərin birində isə N.Qasımova xalasıgilə getmək adı altında uşaqla birgə evdən çıxıb və bir də sorağı Türkiyədən gəlib. Bundan sonra həyat yoldaşının feysbukda "gizli həyatını” araşdıran F.Qasımov onun türkiyəli birisi ilə yazışmalarını görüb. Həmin şəxs N.Qasımova səfər xərci göndərəcəyini deyibmiş. Hazırda vəziyyət qeyri-müəyyəndir. N.Qasımova Türkiyədən qayıdıb və polis idarəsində ifadə verərək F.Qasımovun narkotik aludəçisi olduğunu və onu döydüyünü yazıb. Qarşı tərəf isə təbii ki, bunları təkzib edir və N.Qasımovanın öz hərəkətlərinə "bəraət” qazandırmaq üçün həyat yoldaşına və ailəsinə şər atdığını bildirir. Hələ uşağın üstündə də davadır. Ata və qayınana "ondan ana olmaz” deyərək körpənin atasına verilməsini istəyirlər. Qadınınsa guya boşanmaq istəmədiyini iddia edirlər. Maraqlıdır; başqasının yanına gedən qadın niyə boşanmaq istəməsin?

Baş vermiş olayı şərh edən hüquqşünas İradə Cavadova körpənin taleyinin məhkəmədə həll olunacağını bildirdi:
- Yerli icra hakimiyyətlərinin qəyyumluq şöbəsi var. Bu cür hallarda qəyyumluq şöbəsinin nümayəndəsi ailəyə getməli, vəziyyətlə yerində tanış olmalı, şəraiti öyrənməlidir. İcra hakimiyyəti nümayəndəsi hər iki tərəflə danışıq aparmalıdır və real durumu öyrənməlidir. Bunun əsasında da icra orqanı rəy yazıb məhkəməyə təqdim etməlidir. Əgər icra orqanı körpənin anada qalmamasını əsaslandıra bilib rəy yazacaqsa, qərar vermək məhkəmənin öhdəsinə düşəcək. Amma adətən, azyaşlı uşaqlar anada qalır. Yalnız uşaq 10 yaşına çatdıqda rəyi soruşulur. Qarşı tərəf də ananın hərəkətlərini sübuta yetirməlidir. Çox zaman tərəflər biri-birini ittiham edir. Qadın həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını söyləyir, kişi qadının xəyanət etdiyini və s. Belə hallarda əldə yetərli sübutlar olmalıdır. Son vaxtlar feysbuk yazışmaları məhkəmələr tərəfindən maddi sübut kimi qəbul edilir. Sadəcə, onları təqdim etmək lazımdır. Ata körpənin ölkədən çıxmasına etibarnamə veribsə, qadın onu özüylə apara bilər. Məlumatlara baxanda görünür ki, ata belə bir etibarnamə verib. Hansı səbəbdən verib, aldadılıbmı, ya yox, bunlar başqa mövzudur. Ancaq etibarnamənin də müddətinə baxmaq lazımdır. Etibarnamənin vaxtı bitdikdə təbii ki, ana körpəni ölkədən çıxara bilməyəcək. Gərək buna atanın razılığı olsun. Bütün hallarda körpənin kiminlə qalacağı məhkəmədə həllini tapacaq.
İ.Cavadova gənc qadının başqa birisiylə internet üzərindən tanış olub, çıxıb getməsi hadisəsini təəssüflə qarşıladığını bildirdi:
- Çox təəssüf edirəm ki, son illər bu cür ailə dramları tez-tez yaşanır. Ailəli qadının yad bir insanla feysbukda yazışması, sonra da çıxıb getməsi, ailəsini, həyat yoldaşını aldatması ağrılı məqamdır. Bu, bizim qadınlara yaraşan hərəkət deyil. Azərbaycan qadını hər zaman sədaqəti, ləyaqəti, namusu ilə seçilib. Son dövrlər gənc qızlarımız da, xanımlar da "avropasayağı” yanaşmalar sərgiləməyə başlayıb. Amma sizə deyim ki, Avropanın özündə ailə dəyərləri müqəddəs sayılır. Və bəzən çox yanlış olaraq bizim insanlarda belə fikir formalaşır ki, Avropada kim nə istəyir, edir. Hara istəyir, gedir, kiminlə gəldi, münasibət qurur. Bu, çox yanlış təsəvvürdür və bizim ailələrin dağılmasında, ailə münasibətlərinin sarsılmasında bu yanlış bilgilərin və yanlış təsəvvürlərin rolu olduqca böyükdür. Valideynlər də gərək gənclərə doğru yol göstərsin, ailə bir yerə yığışıb yığıncaq keçirsinlər, ağsaqqal, ağbirçək sözü dinləsinlər. Cavanları başa salsınlar. Bəziləri sosial şəbəkələri, feysbuku tanışlıq yeri kimi qavrayır. Feysbuk tanışlıq yeri deyil. Sosial şəbəkələr də, internet də məlumat bazasıdır. Qoy lap ər-arvad feysbuka birgə daxil olsunlar, müzakirələrə qatılsınlar. Amma qadının həyat yoldaşından gizlin, həmçinin kişinin də qadınından gizlin kiminləsə tanış olması, yazışması ailəyə xəyanətdir. Bunun başqa adı yoxdur.
Ümumiyyətlə, tarixdə xəyanətkarlar heç vaxt bağışlanmır.
Makedoniyalı İsgəndər hətta düşməni Daraya xəyanət edib öldürən Baktriya canişinini edam etdirdi. Sadə bir məntiqlə ki, satqın xəyanətkardır. Bu gün Daraya xəyanət edən, sabah da mənə edəcək. Bu gün Nərgizi hansısa vasitə ilə ələ alıb evini, ailəsini atmağa vadar edən bir insan onu yalnız "xəyanətkar qadın” gözündə görəcək. O qadının nə hörməti ola bilər?! Həyat yoldaşından narazı qadın bunu rəsmi qaydada həll edib sonra kiminsə yanına getməlidir. Evli, ailəli olduğu halda, başqasının çağırışına cavab vermək, feysbukda sevgili, ər axtarışlarına çıxmaq xəyanətkarlıqdı. Belə görünür ki, bizim qadınlar dizilərə, seriallara baxa-baxa yollarını azırlar. "Qara sevda” tipli - əri ola-ola başqasını sevən, biriylə ərli olub başqasından uşaq dünyaya gətirən, "anlaşmalı” evlilikləri "təbliğ”inə həsr olunmuş dizilərə, seriallara bəh-bəhlə baxıb özlərini həmin həyatın içində zənn edirlər. Zənnə düşməksə, adətən insanı yanıldır.
Məlahət Rzayeva