"Qarabağ klanı"nın əhatə dairəsi genişlənir

Koçaryanın da planı Kremlin təlimatı ilə Paşinyanı fürsət düşdüyü zaman devirməkdir
Son dövrlər Qarabağdakı separatçı qüvvələrlə İrəvan hökuməti arasında etimad əlaqələri tamamilə qırılıb. Azərbaycanın hərbi təlimləri və Paşinyanın oğlunu Qarabağdan çıxarması Xankəndində yerləşən qondarma rejimdə əməlli-başlı təlaş yaradıb. Separatçı rejimin əvvəlki və hazırkı rəhbərləri Arkadi Qukasyanla Bako Saakyanın Paşinyanın ən güclü rəqibi hesab edilən sabiq prezident Robert Koçaryanı məhkəmədən zaminə götürmələri isə tərəflərin münasibətlərini daha da pisləşdirib. Artıq separatçı rejim içində Paşinyanı Xankəndində inqilab etməkdə ittiham edirlər. İddialara görə, "Qarabağ klanı”nın üzvləri Koçaryanı qondarma qurumun başına gətirmək istəyirlər. Bu isə birbaşa Paşinyan hökumətinə qarşı ciddi təhdid deməkdir.
Düşmən ölkə rəhbərliyi ilə Qarabağ separatçıları arasındakı qarşıdurmanı "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Paşinyanla "Qarabağ klanı” arasında davam edən siyasi qarşıdurma ölkənin iqtisadi və siyasi sahələrini daha da geriyə atmaqla yanaşı, Ermənistandakı qeyri-stabilliyi gücləndirir:
 "Paşinyanın əsas planı eks-prezident və "Qarabağ klanı”nın rəhbəri Robert Koçaryanı həbsdə saxlamaqla ölkədə dayaqlarını möhkəmlətməkdə idi. Koçaryanın da planı Kremlin təlimatı ilə Paşinyanı fürsət düşdüyü zaman devirməkdir. Göründüyü kimi, Koçaryan Paşinyanla mübarizəsinin ilk raundunda qalib gələrək həbsdən çıxdı. İndi də Qarabağda anti-Paşinyan koalisiyasını formalaşdırmaq üçün toplantılar keçirir. Bu onu göstərir ki, iki qüvvə arasında savaş daha da kəskin xarakter alacaq. 
"Qarabağ klanı” Azərbaycanın işğal olunmuş ərazilərində möhkəmlənərək Paşinyana qarşı silahlı təxribat hazırlaya bilər. Əsas və konkret sifariş Moskvadan gələcək. Yaxın perspektivdə Koçaryanın Ermənistan əhalisinə qarşı yeni cinayətə əl atması mümkündür. Onun bu addımı atıb-atmayacağı isə yaxın günlərdə həyata keçiriləcək senarilərdən asılı olacaq”.
İsmayıl