Elxan Şahinoğlu: “Rusiya Ermənistan hakimiyyətinə hələ ki, təsir etmir”
Qarabağ məsələsində Rusiyanın heç bir planı yoxdur
Elman Məmmədov: “Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandıranların vaxtı ilə torpaqlarımızın işğal olunmasında az rolu olmayıb”
Elxan Şahinoğlu: “Rusiya Ermənistan hakimiyyətinə hələ ki, təsir etmir”
Elxan Şahinoğlu: “Rusiya Ermənistan hakimiyyətinə hələ ki, təsir etmir”
Son günlər cəbhədə baş verən hadisələrlə bağlı hər iki ölkəyə səfər edərək ölkə rəhbərləri ilə müzakirələr aparan Rusiyanın Baş naziri Dmitri Medvedyevin "Rossiya” kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Hər kəsin münaqişənin həllini, vəziyyətin dəyişməsini istədiyini vurğulayan Medvedyev əlavə edib:
"Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”. Rusiya Baş nazirinin açıqlamasını şərh edən millət vəkili Elman Məmmədov Rusiya rəhbərliyinə bir neçə sual ünvanlayıb: "Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılmasını təklif edən Medvedyev və digər Kreml rəsmilərinin özlərindən soruşmaq istəyirəm ki, işğal altında qalan torpaqlar bizim yox, sizin yurd-yuvanız, ev-eşiyiniz olsaydı, vəziyyətin dondurulmasına razı olardınız? Əslində onlardan cavab gözləmək lüzumsuzdur. Mən rusların psixologiyasına çox yaxşı bələdəm. Bir çöplərinə toxunsan ətrafı oda verməyə hazırdılar. Biz niyə torpaqlarımızın işğalı ilə razılaşmalıyıq ki!? Qarabağ müharibəsi dondurulmuş müharibə deyil və Azərbaycan heç bir halda onların fikirləri ilə barışa bilməz. Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandıranların vaxtı ilə torpaqlarımızın işğal
olunmasında az rolu olmayıb. Ancaq əmin olsunlar ki, ordumuz torpaqlarımızı son qarışına qədər ermənilərdən azad edəcək. Ölkə başçısı İlham Əliyev bütün görüşlərində birmənalı olaraq, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini qeyd edib. Cəbhə xəttində yaşanan son olaylarla bağlı Rusiya rəhbərliyi hay- həşir salıb, biri-birinin ardınca ölkəmizə səfər etdilər. Sözsüz ki, Azərbaycan atəşkəsə və Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsinə etiraz eləmir. Yeganə şərtimiz isə ondan ibarətdir ki, Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarını tərk etməli və ərazi bütövlüyümüz təmin olunmalıdır. Ancaq bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxmaq olar”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Qarabağ məsələsində Rusiyanın heç bir həll variantı olmadığını deyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən Dağlıq Qarabağın statusunun həll edilməsi fonunda 7 rayonun boşaldılmasının mümkün olduğunu dedi. Hansı ki, bu həll variantı birmənalı olaraq ermənilərin maraqlarına uyğundur. Ermənilər də status məsələsi həll olunmadan işğal altındakı torpaqları boşaltmağa razılıqlarını bildirməyiblər”.
Medvedyevin təklifinin faktiki olaraq Azərbaycanın əleyhinə olduğunu vurğulayan politoloq deyib ki, o, cəbhədəki son döyüşlərdə Türkiyənin rolu olduğunu bəyan edib: "Sanki Türkiyə Azərbaycanı müharibəyə təhrik edib. Halbuki bu fikirlər kökündən yalandır. İkincisi, onun Qarabağ münaqişəsinin dondurulmuş qalmasının daha yaxşı olması barədəki fikirləri o deməkdir ki, məsələni həll edə bilmiriksə, qoy elə də qalsın. Rusiyanın konkret olaraq münaqişənin həllini sürətləndirmək üçün əlində təklifləri yoxdur.
Bizdə atəşkəsdən sonra belə bir yanlış təsəvvür yarandı ki, Rusiya Ermənistana təsir edib. Bununla da ilkin şərt olmadan 5 rayonun azad olunmasını sürətləndirəcək. Amma Rusiya rəsmilərinin açıqlamalarına diqqət yetirdikdə, o qənaətə gəlirəm ki, Rusiya Ermənistan hakimiyyətinə hələ ki, təsir etmir. Məndə elə bir inam yoxdur. Düzdür, Rusiya ilə Ermənistan arasında bəzi anlaşılmazlıqlar yaranıb. Ermənilər Rusiyanın Azərbaycana silah satmasından narazıdırlar. Halbuki, biz o silahları pulla alırıq”.
E.Şahinoğlu hesab edir ki, Qarabağ məsələsində Rusiyanın heç bir planı yoxdursa, Azərbaycan yorucu müharibəni davam etdirməlidir:
"Düşmən daha çox itki verməlidir. Düzdür, biz də itki verdik. Biz öz torpaqlarımızda savaşırıqsa, onlar özgə torpaqlarında savaşırlar. Bu baxımdan bilirəm ki, heç kim bizə yorucu müharibə aparmağımıza mane ola bilməz. İndi atəşkəsdir. Rusiya bizi məcbur edib ki, atəşkəsə razılaşaq.
Amma Rusiyanın planı yoxdursa, biz öz fəaliyyətimizi davam etdirməliyik. İşğalçı bilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları şərtsiz boşaltmayana qədər ermənilər itki də verəcəklər, texnikaları da vurulacaq. Bu, bizim siyasətimiz olmalıdır. Ona görə də heç kim bizi məcbur edə bilməz ki, növbəti atəşkəsi əbədiyyətə qədər qoruyaq. Elə olsa, ermənilərin torpaqları boşaltmağa heç bir həvəsi olmayacaq”.
Şəymən