“Nazir Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”
Məşhur "İzvestiya” nəşrinin iddiasına görə, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə başlayacaq Dağlıq Qarabağ danışıqları üzrə kompromisə nail olmaq üçün aktiv şəkildə səy göstərir. Mənbənin sözlərinə görə, rus lider hər iki tərəfin siyasətçilərini kompromisin zəruriliyi ilə bağlı şəxsən inandırmağa çalışır. Mənbə hesab edir ki, Rusiyanın nizamlama planı ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, münaqişə zonasına sülhməramlıların yeridilməsi, qaçqınların qaytarılması və Qarabağın legitimləşdirilməsindən ibarətdir. Vəziyyət sakitləşəndən sonra isə regionun kimə mənsub olması haqqında referendum keçirmək təklif olunur. Deyilənə görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun İrəvan səfərinin gündəliyi də məhz Qarabağ münaqişəsinin həllinə yönəlib.
Kremlin rəsmi məlumatına əsasən Lavrov səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Lavrovun İrəvana səfəri Dağlıq Qarabağ danışıqlarının aktiv fazaya keçdiyini göstərir.
"Münaqişə tərəfləri danışıqlar prosesini bərpa etməlidir”
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq. Zaxarovanın dediyinə görə, ayın 22-də tərəflər arasında rəsmi görüşlər başlayacaq: "Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Bildiyiniz kimi, Rusiya bütün səviyyələrdə, prezident, xarici işlər və müdafiə nazirləri səviyyəsində Dağlıq Qarabağda atəşkəsin bərpa olunması istiqamətində səylər göstərib”.
Rusiya XİN sözçüsü əmindir ki, münaqişə tərəfləri danışıqlar prosesini bərpa etməlidir: "Əldə olunan razılığa görə, münaqişə bölgəsində hərbi risklər azaldılmalıdır”.
Mariya Zaxarova nazirin Yerevana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planla getdiyini açıqlayıb. İşğal olunmuş 5 rayonun geri qaytarılması və bölgəyə sülhməramlıların yerləşdirilməsinin nə dərəcədə doğru olması barədə sualı cavablandıran XİN rəsmisi Sergey Lavrovun heç vaxt heç yerə boş əllə getmədiyini deyib: "Ortada plan var, amma bunun hansı sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur.
"Yeni təkliflər olmayacaq”
Erməni tərəfi isə Lavrovun səfəri öncəsi bəyan edib ki, təklif edilən şərtlər maraqları daxilində olmayacağı təqdirdə qəbul olunmayacaq. Ermənistanın Respublika partiyası fraksiyasından olan deputat Artak Davtyanın sözlərinə görə, Lavrovun bu ölkəyə səfəri zamanı Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni təkliflər müzakirə edilməyəcək, əksinə, daha əvvəl gündəmdə olan məsələlər gündəmə gələcək: "Hesab edirəm ki, danışıqlar və müzakirələr daha əvvəl gündəmdə olan prinsiplər üzərində aparılacaq. Fikrimcə, yeni təkliflər olmayacaq”. Ümumilikdə, Davtyan şərtlərin Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası” üçün uyğun olmadığı halda qəbul edilməyəcəyini bildirib.
Göründüyü kimi, Ermənistan tərəfi yenə qeyri-konstruktiv mövqedən əl çəkmək niyyətində deyil. Bu baxımdan Lavrovun İrəvan səfərində müsbət nəticələrin əldə olunacağı bir o qədər inandırıcı görünmür.
"Xarici işlər naziri Sergey Lavrovun soyadı Kələntəryandır”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə Lavrovun İrəvan səfərindən ciddi nəticə gözləmir: "Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki niyyətinə inanıram. Hesab edirəm ki, cəhdləri doğrudur və münaqişəni tənzimləmək niyyəti var. Ancaq Putinin bu planının icraçısının, nazir Lavrovun soyadı Kələntəryandır. Putin erməniləri ağıllandırması üçün üç dəfə onu İrəvana göndərib. O isə ermənilərin mövqeyini müdafiə edir. Lavrovun erməni mənşəyinə görə İrəvan səfərindən effekt gözləmirəm”.
İsmayıl