Qarabağ qaziləri də abunə kampaniyasına qoşuldu - "Şərq"i ziyarət + fotolar





Qarabağ qaziləri «Şərq»i Oxu» kampaniyasına dəstəklərini bildirmək məqsədilə «Şərq»in qonağı oldular. Qarabağ döyüşçüləri – Əlibala Talıbov, "Qarabağ Qaziləri" Birliyinin sədri Asəf Əliyev, Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, «Qazilər.az» saytının baş redaktoru Rey Kərimoğlu «Şərq» qəzetinə hər cür dəstək verməyə hazır olduqlarını ifadə etdilər. Qəzetin baş redaktoru Akif Aşırlı yaranmış situasiya barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, «Şərq»i Oxu» kampaniyasının və redaksiyada «Abunə dəftəri» açılmasının başlıca məqsədi klassik mətbuat ənənələrini yaşatmaqdır. İnternet, sosial şəbəkələrin zamanın reallığına çevrildiyi bir zamanda çap mediasının çətin dövr yaşayacağı məlum həqiqətdir. Lakin nə internet, nə sosial şəbəkələr, nə də ümumiyyətlə, hər hansı müasir texnologiya mətbuatı heç bir halda əvəz edə bilməz. 

Bu, inkişaf etmiş ölkələrin timsalında da, qonşu dövlətlərin, o cümlədən qardaş Türkiyənin timsalında da aydın görünür. ABŞ-da, Avropada, həmçinin Türkiyədə, eləcə də uzaq şərqdə – Yaponiya kimi inkişaf etmiş bir ölkədə çap mediası bu gün də informasiya sektorunun ən dayanıqlı və ən etibarlı sükanıdır. İctimai fikrin formalaşması və yönləndirilməsində qəzetlərin rolu həmişə böyük çəkiyə malik olub, bu gün də əhəmiyyətini qoruyub saxlayır. Peşəkar jurnalistika, peşəkar xəbərçilik istəyiriksə, informasiya cəmiyyətinin alt yapısı – çap mediası sıradan çıxarılmamalıdır. Çünki peşəkar jurnalistika öz inkişafını məhz çap mediasına borcludur. Peşəkar jurnalistlər də qəzet redaksiyalarında yetişir. «Sosial şəbəkələr peşəkar xəbərçiliklə məşğul olmur. Çünki məsuliyyət daşımırlar. Çap mediası olmasa, məsuliyyətsiz, yazdığını bir neçə dəqiqə sonra silib, tamam fərqli tərzdə cəmiyyətə ötürə biləcək səhlənkar bir informasiya mühiti formalaşacaq». 

«Qarabağ Qaziləri» Birliyinin sədri Asəf Əliyev qeyd etdi ki, «Şərq» qəzeti əzəl başdan qazilərin dostu olub. Qarabağ müharibəsi əlillərinin problemlərini işıqlandırıb, onların informasiya dəstəkçisi olub:

- Bu gün də biz – Qarabağ döyüşçüləri «Şərq»in yanındayıq və dəstəyimizi bildiririk. Abunə kampaniyasına qoşuluruq, Qarabağ döyüşçülərinin hərəsinə bir qəzet paylayacağıq…»
Rey Kərimoğlu mətbuatın Azərbaycan dövlətçiliyinin salnaməsini yazdığını dedi:
- Allah Şirməmməd müəllimə can sağlığı versin. Şirməmməd müəllim Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixini o zaman nəşr olunmuş qəzetlərdən araşdırdı. Eləcə də siz, Akif müəllim. Qəzetlər olmasaydı, biz indi öz tariximizi necə öyrənəcəkdik, dövlətçilik tariximiz necə, hansı vasitə ilə araşdırılacaqdı?! İndi də çap mediası dövlətçiliyimiz tarixini yazmaqla, əslində onu hifz etmiş olur. İllər, əsrlər sonra araşdırmaçılar yaşadığımız bu dövrü araşdırmaq üçün qəzetlərə müraciət edəcəklər. Saytlarda heç nə tapılmayanda, yeni xəbərlər köhnələri silib atdıqda, tarix qəzet səhifələrindən «boylanacaq». Buna görə qəzetlərə dəstək verilməlidir.

Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov «Şərq»i milli-mənəvi dəyərlərə sadiq qəzet adlandırdı:

- Biz qazilər «Şərq»ə həmişə böyük önəm vermişik. 23 illik tarixi var bu qəzetin. Bilirsiz ki, Baş Qazimiz Etimad Əsədov da «Şərq»i sevirdi, bu qəzetə dəyər verirdi və həmişə də abunə yazılırdı. Biz qazilərin «Şərq»ə dəyər verməyimizin əsas səbəbi sizin Vətənə, dövlətə və dövlətçiliyə sadiq olmağınız, Vətəni qoruyanlara, onun uğrunda canından keçənlərə, şəhidlərə və qazilərə verdiyiniz dəyərdi. Bu gün biz sizin yanınızdayıq və qəzetinizə abunəni davam etdiririk.

Məlahət Rzayeva