Qarabağ qazilərini gözdən salırlar

Dövlət nömrə nişanı olmadan avtomobil idarə edilməsi yolverilməzdir



Qarabağ Qaziləri İctimai Birliyi Daxili işlər naziri Ramil Usubova dövlət nömrə nişanı olmadan avtomobil idarə edən şəxslərlə bağlı müraciət edib. Müraciətdə deyilir:

"Cənab Nazir! Bildiyiniz kimi, 1998-ci ildən başlayaraq dövlət tərəfindən Qarabağ qazilərinə (əlillərinə) pulsuz avtomobillər verilir. İlk illərdə Rusiyada istehsal olunan "OKA”, ardınca "Tavriya”, son illər isə Naxçıvanda istehsal olunan "NAZ Lifan” markalı avtomobillər verilir. Bu günə qədər 6 minə yaxın insan dövlət tərəfindən belə avtomobillə təmin edilib. Biz "Qarabağ qaziləri” birliyinin rəhbərliyi də əlillərə avtomobillərin paylanması prosesində iştirak edirik. Avtomobillər əlillərə verilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər bir əlilə fərdi şəkildə dövlət nömrə nişanı almaq üçün sənəd təqdim edilir. Əlillər də həmin sənədlə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə gedərək dövlət nömrə nişanı alaraq avtomobilini idarə etməlidir.
Ancaq çox təəssüf ki, biz bu gün ölkəmizdə dövlət nömrə nişanı olmadan idarə edilən çox sayda əlil avtomobilləri ilə rastlaşırıq. Belə hallar rayonlarda daha çoxdur. Bəzi insanlar dövlətin Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğıdan öz məqsədləri naminə sui-istifadə edərək döyüşçüləri gözdən salır. Bu da bizi narahat edir. Düşünürük ki, dövlət nömrə nişanı olmadan avtomobil idarə edilməsi yolverilməzdir.
Ən acınacaqlısı isə odur ki, müxtəlif markalı avtomobillərə (yük maşınları da daxil) əlil emblemi vurularaq idarə edilməkdədir. Bizdə olan məlumata görə, onların heç də hamısı əlil deyildir.

Cənab Nazir!
Xahiş edirik, kimliyindən və əlillik dərəcəsindən asılı olmayaraq, dövlət nömrə nişanı olmadan idarə edilən avtomobillərin saxlanması və qanun çərçivəsində tədbir görülməsi üçün ciddi tapşırıq verəsiniz”.

Məlahət