Qarabağ qazisi: “Şəhid ailələrinə verilən müavinətlərin 300 manat olmasını alqışlayırıq”





"Son zamanlar cənab prezidentin sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza olan diqqət və qayğısı artıb”.

"Sherg.az” xəbər verir ki, bu sözləri Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyib.

Birlik sədrinin sözlərinə görə, hər zaman şəhid ailələri və sosial qayğıya ehtiyacı olan digər vətəndaşlarımız ölkə başçısının diqqətində olublar:

"Xüsusilə şəhid ailələrinə birdəfəlik 11 min manatın verilməsi, əlillərin və şəhid ailələrinin mənzillə təmin olunması, bu sahəyə 35 milyon manat vəsaitin ayrılması bunu bir daha sübut edir. O cümlədən yeni fərmanla şəhid ailələrinə verilən müavinətlərin 300 manat olması prezidentimiz tərəfindən atılan çox ciddi və gözəl addımdır. Təbii ki, bütün bunları alqışlayırıq.

Məlumdur ki, Azərbaycan sosialyönümlü dövlətdir. Əsasən sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın maraqları dövlət büdcəsi hesabına təmin olunmaqdadır. İnanırıq ki, bundan sonra da cənab Prezidentin şəhid ailələrinə diqqət və qayğısının nümunələrini fərman və sərəncamlarda görəcəyik.
Bildiyiniz kimi müharibə əlillərinin qan pulları hələ qalmaqdadır. Bu günlərdə ölkə başçısna müraciətimizi göndərdik. Həm verilən qərarlarla bağlı təşəkkürümüzü bildirdik, həm də yaxın gələcəkdə müharibə əlillərinin qan pullarının verilməsini xahiş etdik. İnanırıq ki, tez bir zamanda bu məsələ ilə bağlı qərar veriləcək”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Yeganə Bayramova