Qarabağa erməni terrorçular səpələnib

Ordumuz yalnız işğalçılardan deyil, onlardan da qisasını alacaq



İsrailin Qüds şəhərində yerləşən Şərq Tərəfdaşlığı İnstitutunun prezidenti Avraam Şmuleviç deyib ki, ermənilər cəbhədə yaranan son gərginliklərdən dolayı Qarabağa dünyanın müxtəlif ölkələrindən terrorçular dəvət edir. Şmuleviçə görə, Ermənistan hakimiyyəti erməni diasporunun gücündən istifadə edir. Diaspor şəbəkəsi isə bir neçə mənbədən, o cümlədən mütəşəkkil cinayətkar dəstələrin maliyyəsindən formalaşır.

Bundan əlavə, türklərə qarşı hücum aktları törədən hərbləşdirilmiş dəstələr də mövcuddur”. Onun fikrincə, hazırda erməni terror qruplarının üzvləri Qarabağa toplaşıb: "Qarabağa gələn erməni terrorçularının bir qismi "KQB”-nin təlimlərini keçmiş professioanl qatillərdir. Şübhə yoxdur ki, ermənilər bu terror şəbəkəsini və müxtəlif ölkələrdə olan diasporunun gücünü Qarabağdakı döyüşlərdə istifadə edəcək”. Xatırladaq ki, ötən günlərdə Türkiyə mətbuatı da cəbhədə artan gərginlik zamanı 400-ə yaxın PKK terrorçusunun Qarabağ ərazisinə yerləşdirilməsi barədə məlumat yayıb. İnformasiyalarda PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndikləri qeyd edilib.

  Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Dağlıq Qarabağda terrorçuların döyüşməsi, təlim keçməsi barədə yayılan məlumatlar həqiqətə uyğundur: "Nə qədər ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarında nəzarət yoxdur, kim nə istəyir, onu da edir. Xüsusilə ermənilər və onların havadarları narkotik vasitələrin becərdilməsi və satışını həyata keçirir, müxtəlif terrorçu qruplaşmalar Qarabağda təlimlərdə iştirak edirlər. Bu, birinci dəfə deyil. Terrorçu-snayperlərin əlləri Azərbaycan əsgərlərinin qanına batıb. Ermənistan Suriya, Livan və digər ölkələrdən terrorçuları Qarabağa gətirir. Birmənalı olaraq demək olar ki, Azərbaycan əsgərinin qatillərindən biri onlardır. Ordumuz yalnız ermənilərdən deyil, terrorçulardan da qisas alacaq”. Ermənilərin PKK terror təşkilatına böyük simpatiyasının olduğunu deyən hərbi ekspert bunun səbəbini onunla izah edir ki, PKK dağıdıcılıq, separatçılıq fəaliyyəti ilə məşğuldur və onların maraqları ermənilərinki ilə üst-üstə düşür: 
"Terrorçuların törəmələrinin həyata keçirdikləri kirli əməllərinin nəticəsidir ki, Azərbaycan bu gün şəhid verir. Hesab edirəm ki, beynəlxalq terrorizmlə hərtərəfli mübarizə aparılmalı və bunun kökü kəsilməlidir”. 

Təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev də bildirib ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı silah qaldıranların hamısı layiqli cəzasını alacaq: "Ermənistan rəhbərliyi bu gün atdığı addımlarla bir daha sübut edir ki, istər Ermənistan prezidenti Serj Sarkisyan, istərsə də onun ətrafında olanlar Qarabağ müharibəsindən, Xocalı soyqırımından, terror hadisələrindən, ümumilikdə qan üzərindən hakimiyyətə gəlmiş səhra komandirləridir. Onların tərəfdarları isə elə özləri kimi terrorçular ola bilər. Məlumdur ki, ASALA bütün dünya tərəfindən terror təşkilatı kimi tanınıb. Əgər onların Vazgen Sislyan kimi nümayəndəsi bu gün Paris terrorunun təşkilində iştirak etdiyini, eyni zamanda Livan ermənisi kimi Qarabağa gəldiyini açıq şəkildə elan edirsə, bunun özü bir sübutdur. Lakin belə terrorçular, məsələn, istər Monte Melkonyan, istərsə də digərləri burada çoxdan öz paylarını layiqincə alıblar, Sislyan da onlardan biri olacaq”. Ekspert hesab edir ki, bununla ermənilər Azərbaycan tərəfdə qorxu hissi yaratmağa çalışırlar: "Bütün bunlar sübut edir ki, "Böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərləri indi də Qarabağa hansısa erməni terror təşkilatlarının üzvlərinin gəlməsinə və bunun guya qorxu hissi yarada bilməsinə ümid bağlayıb. Lakin bütün terrorçular qarşılarında Azərbaycanın böyük ordusunu, gücünü görəcəklər”.

Ekspert İlham İsmayıl isə deyib ki, Qarabağda PKK-çıların, erməni terrorçuların yerləşdirilməsiylə bağlı dolaşan məlumatlar sadəcə təbliğat vasitəsi də ola bilər: "PKK-nı maraqlandıran Türkiyə və orada olan olaylardır. Onları Qarabağda hazırlayıb Türkiyəyə göndərmək çox çətin prosesdir. PKK heç vaxt Qarabağda erməninin tərəfindən Azərbaycana qarşı vuruşmayacaq. Çünki PKK-nın hədəfində yalnız Türkiyə dövlətidir. Bu, təbliğat vasitəsi ola bilər”.

İsmayıl