“Rusiyanın bu günə qədər danışıqlar adı altında sadəcə imitasiya ilə məşğul olduğu hər kəsə bəllidir”
Qarabağ münaqişəsi ətrafında həlqə getdikcə daralır. Sülh danışıqlarında növbəti görüşlər və təşəbbüslər perspektivsiz nəticələnsə, silahların işə düşməsi istisna olunmur. Ordumuzun aprel müharibəsində Ermənistana vurduğu sarsıdıcı zərbələr fonunda işğal altında qalan torpaqlarımızın mərhələli şəkildə müharibə yolu ilə geri qaytarılması əsas variant kimi qüvvədədir.
Aprel müharibəsində psixoloji və hərbi üstünlüyə malik olan Azərbaycan beynəlxalq aləmə sübut etdi ki, sülh yolu ilə razılaşma olmasa və Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirsə, status-kvonun dəyişməsi üçün hərbi variant nəzərdən keçiriləcək. Müdafiə naziri Zakir Həsənovun bu dəfə Azərbaycan ordusunun Ermənistanı vuracağına dair səsləndirdiyi fikirlər də Qarabağ müharibəsinin yenidən alovlanacağına dair ehtimalları artırır. Nazir Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi xidməti müşavirədə ölkə üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Qafqazdakı ixtilafların savaşlara dönmə riskinin artdığına diqqət çəkib.
Qarabağda gərginliyin yenidən artacağı ehtimalından danışan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, proseslərin aktiv hərbi fazaya keçməsi istisna deyil: "Rusiyanın bu günə qədər danışıqlar adı altında sadəcə imitasiya ilə məşğul olduğu hər kəsə bəllidir. Bütün bunların arxasında isə Ermənistana zaman qazandırmaq məqsədi dayanıb. Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsinə dair süni görüntü yaratmaq niyyətinin arxasında da ermənilərə zaman qazandırmaq siyasəti dururdu. Nəticədə isə Rusiya ən müasir silahlarla Ermənistanı silahlandırdı və iki ölkə arasında birgəqoşun növlərinin yaradılması haqqında saziş imzalandı. Məhz Rusiyanın verdiyi dəstəyin nəticəsidir ki, Ermənistan ordusu yenidən Qarabağ cəbhəsində hərbi təlimlər keçirərək Azərbaycana qarşı "əzələ nümayişi” etdirir. Azərbaycan tərəfi də öz növbəsində yeni silahlar alır, eyni zamanda müasir silahların Azərbaycanın hərbi zavodlarında istehsalı ilə bağlı konkret addımlar da atıb. Əgər yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesində hər hansı bir irəliləyiş əldə olunmasa, Azərbaycan Ermənistanla hərbi dillə danışmaq məcburiyyətində qalacaq. Əgər beynəlxalq güclər Dağlıq Qarabağda müharibə ocağının alovlanmasını istəmirsə, ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkələri Ermənistanla bağlı ciddi ölçü götürməlidir. Əks təqdirdə, Suriyadakı savaş bitmədən regionda yeni bir yanğın alovlanacaq”.
Şəymən