Ekspertin sözlərinə görə, həmsədrlik institutunda təmsil olunan üç dövlətin heç biri Azərbaycanın maraqlarına uyğun hərəkət etmir
Avropa İttifaqının Ermənistan üzrə nümayəndəsi Petr Svitalski Dağlıq Qarabağ münaqişəsindəki son durumu şərh edib. O deyib ki, Avropa İttifaqı Cənubi Qafqazdakı vəziyyətdən narahatdır və bölgəyə böyük əhəmiyyət verir. Svitalskinin sözlərinə görə, Avropa İttifaqı münaqişədən sonrakı bərpa prosesinə töhfə verməyə hazırdır:
"Atəşkəs rejiminin pozulması halları narahatedicidir, çünki belə sülh 2016-cı il aprel hadisələri fonunda həssas ola bilər. İyulun əvvəlində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Gerbert Zalber bölgəyə səfər edəcək. Onun səfəri Avropa İttifaqının bölgəyə verdiyi böyük əhəmiyyətin və burada baş verənlərdən narahat olmasının göstəricisidir”. Aİ rəsmisi düşünür ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mürəkkəb və müxtəlif çağırışların olduğu mühitdə yaxşı işləyirlər: "Biz həmsədrlərə dəstəyimizi ifadə edirik. Bizim rolumuz ATƏT-in Minsk Qrupuna dəstək verməkdir”. Əksər ekspertlərin fikrincə, Qərb dövlətləri, xüsusən Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməz.
Ümumiyyətlə, buna həvəs göstərməzlər. Əgər Avropa İttifaqı münaqişənin tamamilə çözülməsində heç bir rol oynamırsa, sülhdən sonrakı bərpa prosesində fəallaşmasının nə əhəmiyyəti var?
Məsələni "Şərq”ə şərh edən politoloq Əli Orucov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması və vasitəçilik missiyasının ATƏT-in Minsk Qrupuna verilməsi bizə baha başa gəldi.
Ekspertin sözlərinə görə, həmsədrlik institutunda təmsil olunan üç dövlətin heç biri Azərbaycanın maraqlarına uyğun hərəkət etmir:
"Siz tərkibə baxın, Rusiya, Fransa və ABŞ. Münaqişəni yaradan və işğalçıya hər cür dəstəyini əsirgəməyən Moskva, Ermənistana "kiçik bacı” kimi yanaşan Paris və ikili standartlar ustası Vaşinqton. Belə olduğu təqdirdə Avropa İttifaqının münaqişənin həllinə yardımçı ola biləcəyi ciddi şübhələr doğurur. Svitalskinin bəyanatından aydın görünür ki, Aİ münaqişənin uzanmasından deyil, eskalasiyasından narahatdır. Ötən ilin aprelində baş verən qısamüddətli hərbi əməliyyatlar Qərbi də silkələdi. Münaqişə super güclərin və regional oyunçuların toqquşma məkanına çevrilib. Qərb belə riskli vəziyyəti, yəni münaqişənin böyük bir çoğrafiyaya yayılmasını gözardı edə bilməz. Bu həm də Avropa qitəsində yeni bir humanitar fəlakət yarada, qaçqınlar ordusu kimi başağrısı ola bilər”.
Siyasətçi bəyan edib ki, Cənubi Qafqaz nəqliyyat kommunikasiya xətlərinin keçdiyi və Qərbin enerji təhlükəsizliyini təmin edən geostrateji regiondur:
"Xəzər hövzəsi də həyati əhəmiyyətə malikdir. Problemin həllindən sonra bərpa prosesində aktiv rol oynamaq istəyi Qərbin maraqlarına xidmət edir. Stabillik olmayan yerdə sərmayə qoyuluşu və transmilli layihələrin həyata keçirilməsi böyük risklər yaradır. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və İpək Yolu kimi böyük layihələr artıq reallaşdırılıb. TAP və TANAP kimi layihələrin də üzərində ciddi işlər gedir. Bu layihələr Rusiyadan başqa Cənubi Qafqaz ölkələrinin mənafelərinə cavab verir və böyük iqtisadi-siyasi dividendlər gətirir. Bunu Ermənistan da anlayır, lakin Moskvanın təsir dairəsindən çıxa bilmir. Amma gec-tez Cənubi Qafqaz əhəmiyyətini və əvəzolunmaz dəyərini Qərbə tam anladacaq.
Son dövrlər Avropa İttifaqının münaqişənin həlli istiqamətində aktivləşəcəyi və təşəbbüskarlıq göstərəcəyi gözləniləndir. Hesab edirəm ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində və regionda davamlı, möhkəm sülhə nail olmaq istiqamətində öz sözünü hələ deməyib. Siyasi iradə göstərilərsə, münaqişəni tezliklə çözmək mümkün olar”.
İsmayıl