Qarabağla bağlı petisiya vətəndaşların aktivliyini artırır

Ancaq Qarabağ problemi ilə bağlı məlumatlı olduğundan Obamadan reaksiya gözləməyə dəyməz




Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.

AVCİYA-nın 12 illik fəaliyyətinin əsas xəttini Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçı siyasətinin, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının təşkil etdiyini vurğulayan E.Süleymanov düşmənlə mübarizədə yanlış informasiyanın qarşısının alınmasında medianın üzərinə böyük vəzifə düşdüyünü deyib. O, dünyada Azərbaycana qarşı ciddi təzyiqlərin olduğunu və bu baxımdan düzgün informasiyaların yayılmasının vacibliyini qeyd edib.

AVCİYA prezidenti beynəlxalq təşkilatların hərbi əməliyyatlarla bağlı bəyanatlarında qərəzli mövqe ortaya qoyduqlarını xatırladıb. Onun sözlərinə görə, münaqişənin həllinin Minsk Qrupuna həvalə edilməsi, Azərbaycana qarşı müxtəlif təzyiqlərin, iftiraların hamısı torpaqlarımızın işğalı faktını bizə unutdurmaq məqsədini daşıyır. Ona görə də biz hamımız birləşərək buna qarşı güclü mübarizə aparmalıyıq.

Bu baxımdan geniş ideoloji mübarizə aparılmasının vacibliyini xüsusi vurğulayan E.Süleymanov hesab edir ki, biz beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etməli və bütün dünyaya yaymalıyıq. Ağ Ev Administrasiyasına ünvanlanan petisiya da məhz bu məqsədi daşıyır. Petisiyanın əhəmiyyətindən danışan E.Süleymanov deyib ki, bu sənədin önəmi ondan ibarətdir ki, Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamə Ağ Evin saytında dünyaya çatdırılır. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra sudan silah kimi istifadə etməsi faktının xüsusi vurğulanması da petisiyanın önəmini artırır.

AVCİYA-nın Obama Administrasiyasına petisiya ilə müraciətinin əhəmiyyətini şərh edən Müsbət Dəyişiklik Hərəkatının həmtəsisçisi, gənc fəal Bəxtiyar Hacıyev petisiyanın daha çox ABŞ vətəndaşlarının hansısa məsələni Obamanın diqqətinə çatdırması üçün bir imkan olduğunu deyib: "ABŞ vətəndaşları diqqətdən kənar qalan hər hansı bir məsələni Ağ Ev rəhbərliyinə çatdırmaq üçün imza toplayırlar və müəyyən imza sayını keçən petisiyalara reaksiya verilir. Bu imkandan dünyanın digər ölkələrində yaşayan insanlar da istifadə edərək, Obamanın hər hansı bir məsələyə reaksiya verməsinə çalışırlar”.

B.Hacıyev deyib ki, vətəndaşlarımızın Qarabağ problemini dünyanın müxtəlif ölkələrinin rəhbərlərinə, siyasətçilərinə, qərarverici şəxslərinin diqqətinə çatdırılması istiqamətində atdığı hər addım effektiv olmasa belə, vətəndaşlarımızın bu məsələdə aktivliyini artırır. Bu mənada AVCİYA-nın petisiya təşəbbüsünü alqışlayıram. Lakin məhz belə petisiyalar nəticəsində Obamanın hər hansı bir fərqli mövqe göstərəcəyini, Azərbaycan dövlətinin Qarabağ məsələsindəki mövqeyini bildiyi, ABŞ-ın Minsk Qrupu həmsədri olduğu halda, yeni, fərqli bir addım atacağını gözləmək də olmaz”.

Azərbaycan-Avropa Hərəkatının prezidenti Ramin Hacılı da hesab edir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq güclərin diqqətinin bu münaqişəyə cəlb olunması istiqamətində atılan bütün fəaliyyət növləri təqdirəlayiqdir: "Kim hansı sahədə bu problemin həllinə töhfə verə bilərsə, o yöndə də öz səylərini davam etdirməlidir. "Biz o dəryada bir damla belə deyilik” deyib əlimizi işdən soyutmamalıyıq. Əksinə, "damlaya-damlaya göl olur” prinsipi ilə hərəkət etməliyik. Maksimalist arzularımız çoxdur. Daha böyük kampaniyalar təşkil edib, geniş tədbirlər keçirməyi istərdik. Bunun üçün də daha çox intellektual fəaliyyət sahələrinin genişləndirilməsinə ehtiyac var. Eyni zamanda, ədalət istəyən tərəf olaraq ilk növbədə ədalətli münasibət sərgiləməliyik. Bəzən dünyanı bizə qarşı qərəzli, ədalətsiz münasibət sərgilədiyinə görə qınayırıq. Bəs biz özümüz dünyada baş verən proseslərə necə yanaşırıq? Biri-birimizə qarşı necə davranış sərgiləyirik? Əgər AVCİYA rəhbərliyi özünün ədalətli mövqeyi ilə seçilsə, onların keçirdikləri petisiyaların effektiv olacağına ümid etmək olar”.

Şəymən