Qaribaşvili qabaqlayıcı addım atdı

Ola bilsin ki, Gürcüstan Azərbaycanla yanaşı, Rusiyadan da qaz alsın



"Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu siyasətimiz dəyişməzdir”. Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində deyib.

Baş nazir bəzi siyasi rəqiblərinin Rusiyadan təbii qazın alınması müqabilində Gürcüstanın Azərbaycan ilə münasibətlərinə yenidən baxılacağı ilə bağlı bəyanatlarını absurd adlandırıb: "Azərbaycan qazının başqa ölkədən alınacaq təbii qazla əvəzlənməsi barədə heç bir söhbət gedə bilməz. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Qarşılıqlı münasibətlərimizə yenidən baxılması məsələsi müzakirə mövzusu deyil və ola da bilməz. Azərbaycan ilə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi Gürcüstan dövlətinin və hökumətinin əsas hədəflərindən biridir. Azərbaycanla bağlı siyasətimiz dəyişməzdir. Hazırda Azərbaycan Gürcüstanın əsas qaz təminatçısıdır”. Baş nazirin bəyanatını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, İ.Qaribaşvili bu açıqlaması ilə qabaqlayıcı addım atdı: "Söz-söhbət vardı ki, Gürcüstanın enerji naziri Rusiyanın "Qazprom” şirkəti ilə danışıqlar aparıb. Ola bilsin ki, Gürcüstan Azərbaycanla yanaşı, Rusiyadan da qaz alsın. Bu, ölkəmizdə də müəyyən narahatlıqlar yaratmışdı. Ona görə də Qaribaşvili gəlib dövlət başçısı ilə görüşdü və Azərbaycan cəmiyyətinə belə açıqlamlar verdi. İki gürcü nazirin fərqli açıqlama verməsi narahatlığa səbəb olmuşdu. Amma Baş nazirin son bəyanatı ondan xəbər verir ki, əməkdaşlıq və strateji tərəfdaşlıq davam edir”.

Ayyət Əhməd