“Milyonlarla manat sərf edib villa tikdirirlər, amma 50 manat verib bir dedektor alıb qoymurlar evə”
Qaz minadan da təhlükəlidir
“Xanımlar plitəni yana-yana, nəzarətsiz qoyub oturub seriala baxmasınlar”
“Milyonlarla manat sərf edib villa tikdirirlər, amma 50 manat verib bir dedektor alıb qoymurlar evə”
“Milyonlarla manat sərf edib villa tikdirirlər, amma 50 manat verib bir dedektor alıb qoymurlar evə”
Abşeron rayonunun Hökməli qəsəbəsində fərdi evdə baş vermiş partlayış 3 yaşlı körpənin həyatına son qoydu. Ailənin digər üzvləri - "Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, ailənin 12 yaşlı qızı Leyla isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. KİV-in yaydığı məlumatlarda partlayışa səbəb evin yaxınlığından keçən qaz xəttindəki sızmanın olduğu bildirilir.
Evin xanımı səhər namaza qalxarkən işıqları yandırıb, həmin an da partlayış baş verib. Partlayışın gücü 3 yaşlı Banıçiçəyi kənara tullayıb. Valideynlər bir müddət uşağı axtarıb. Uşaq tapıldıqdan sonra xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın axtarılmasına sərf olunan vaxt ərzində ailənin digər üzvləri də yanıq xəsarətləri alıb. 12 yaşlı Leylanın durumunun qənaətbəxş olduğu, M.Qurbanovla Ş.Novruzovanın isə müalicə üçün Türkiyəyə aparıldığı deyilir.
Prokurorluq əməkdaşlarının apardığı ilkin araşdırmadan sonra əraziyə qaz-qəza xidmətinin əməkdaşları gəliblər. Hazırda evin yaxınlığındakı qaz xəttinin torpaqdan çıxarılması istiqamətində iş aparılır.
Bədbəxt hadisə ilə üzləşmiş ailənin qonşuları bildiriblər ki, təxminən səhər saat 5 radələrində partlayış səsinə oyanıblar. Partlayış o qədər güclü olub ki, evin damı küçənin əks tərəfindəki həyətə düşüb. Yataq otağının altına - zirzəmiyə yığılmış qazın partlaması nəticəsində evin döşəməsi tamamilə yerindən qopub, mənzildəki əşyalar küçəyə, həyətə dağılıb. Hadisə vaxtı
yataq otağında yatmış 3 yaşlı Banıçiçək isə yerindən çıxmış döşəmədən evin zirzəmisinə düşüb və oradaca keçinib.
Hadisənin başvermə səbəbinə gəlincə, ilkin ehtimala görə, partlayış evin yaxınlığından keçən qaz boru xəttindən baş vermiş sızma nəticəsində olub. Yəni borudan sızan qaz mənzilin zirzəmisinə toplanıb. Mənzilin bir neçə metrliyində kanalizasiya quyusunun olması isə qazın burada toplanması və kanalizasiya xətti ilə hamama və digər otaqlara dolması variantını da gündəmə gətirib.
Faciəvi hadisə ilə bağlı "Şərq”ə danışan "Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov qeyd etdi ki, hazırda dövlət komissiyası tərəfindən təhqiqat aparıldığından konkret fikir bildirmək doğru olmaz:
- Mənim söyləyəcəyim fikir təhqiqata maneçilik yarada bilər. Ona görə də təhqiqatın nəticəsini, rəsmi açıqlamanı gözləməliyik. Ümumi olaraqsa, bunu deyə bilərəm ki, bir çox hallarda istər fərdi evlər, istərsə də hündürmərtəbəli binalar tikilərkən təhlükəsizlik qaydalarına əməl edilmir. Qaydalara əsasən tikinti aparılan ərazidə alçaq təzyiqli qaz kəməri keçirsə, binanın fundamentindən 2 metr, orta təzyiqlidirsə 4 metr, yüksək təzyiqlidirsə 7 metr dərində olmalıdır. Təəssüf ki, belə məsələlərə ciddi riayət edilmir, kim harda gəldi, necə gəldi tikinti aparır, əlaqədar qurumlar tikintiyə lazımi qaydada nəzarət etmir, nəticədə belə ağır faciələr yaşanır. Zirzəmiyə qaz dolması bir günün işi deyil. Görünür, zirzəmiyə uzun müddətdir qaz sızırmış. Təəccüb edirəm ki, ev sakinləri qazın qoxusunu niyə hiss etməyiblər. Mavi yanacağa lax yumurta qoxusu verən xüsusi maddə vurulur. Bu maddə məhz ona görə vurulur ki, kəmərdə nəsə bir nasazlıq və ya sızma olduqda hiss edilsin. Adicə, mətbəxdə qaz plitəsinin üzərinə bir şey dağılanda qaz keçir, bir neçə saniyənin içində pis qoxu yayılır. Baş verən bədbəxt hadisələrin bir çoxunda biz özümüz günahkarıq. Bizim məsuliyyətsizliyimiz, səhlənkarlığımız öz başımıza bəla açır. Tikintilər aparılarkən layihələr bütün müvafiq qurumlarla razılaşdırılmalıdır. Bilinməlidir ki, hansı ərazidən qaz kəməri, haradan yüksək enerjili cərəyan keçir, harada neft quyusu var. Qaz kəmərləri vaxtaşırı yoxlanmalıdır, nasaz kəmərlər təmir edilməlidir. Xüsusən də yaşayış evlərinin yaxınlığından keçən, mənzillərə mavi yanacaq daşıyan xətlər. Görün, nə qədər sənədsiz evlər var, kommunikasiya xətlərinin üzərində tikilib. Bunlar hamısı real təhlükədir. Xarici ölkələrdə, qardaş Türkiyədə bütün ofislərə dedektorlar qoyulur. Bu, qaz siqnal aparatıdır. O aparatı quraşdırırlar, azacıq sızma, ya da lap azacıq tüstü yaranan kimi, dedektor siqnal çalır. Yanğın təhlükəsi olduqda isə dedektorun sayəsində klapan qapanır və qazın verilişi dayanır. Bu aparat baha deyil. Milyonlarla manat sərf edib villa tikdirirlər, amma 50 manat verib bir dedektor alıb qoymurlar evə. Əhaliyə yenə müraciət edirəm ki, təhlükəsizlik qaydalarına riayət etsinlər. Xanımlar qaz plitəsini yana-yana, nəzarətsiz qoyub oturub seriala baxmasınlar. Qaz minadan da təhlükəlidir. Hər şey ani baş verir. Gərək ehtiyatlı olaq ki, həyatımızı, yaxınlarımızı itirməyək.
Məlahət Rzayeva