İlqar Vəlizadə: “Avrasiya İttifaqına üzvlük məsələsi gündəmə gələndə, Qazaxıstan bəyan etdi ki, Ermənistan bu birliyə Azərbaycanın əraziləri ilə birgə deyil, yalnız öz əraziləri ilə qatılsın”
Qazaxıstanın iş adamlarından ibarət nümayəndə heyəti Ermənistana səfərdən imtina edib. Bu barədə Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan bildirib.
Onun sözlərinə görə, heyət İrəvanda keçiriləcək "INVEST Armenia - 2016” forumunda iştirak etməli idi: "Təəssüflər olsun ki, qazax nümayəndə heyəti Ermənistana gəlməkdən imtina edib. Biz nə edə bilərik? Onlar totalitar dövlətin vətəndaşlarıdır. Nümayəndə heyətinə bircə əmr lazımdır ki, Ermənistana gəlməsinlər. İmtinanı onlar təhlükəsizlik məsələsi ilə izah etdilər”.
Əslən Qazaxıstandan olan azərbaycanlı politoloq İlqar Vəlizadə "Şərq”ə bildirib ki, burada iki məsələ var: "Birincisi, Qazaxıstan nümayəndə heyəti öz təhlükəsizlikləri ilə bağlı narahatlıq keçirirlər. Son zamanlar Ermənistandan Qazaxıstan rəhbərliyinə qarşı mənfi reaksiyalar verildi. Görünür, biznesmenlərdə təhükəsizliklərinin təminatına dair şübhələr yaranıb, imtina ediblər”. İkinci yanaşmaya gəlincə, ekspert qeyd edib ki, burada Ermənistan siyasi rəhbərliyi anlamalıdır ki, dünya siyasəti keyfiyyət baxımdan dəyişib: "20 il bundan öncə mövcud olan ittifaqlarla, indiki birliklər fərqlənirlər. Proseslər dəyişilib. Artıq bütün ölkələr öz maraqlarından çıxış edirlər. Azərbaycanın regionda mühüm oyunçu olmasını və qazaxlılarla azərbaycanlıların eyni kökdən olmasını Ermənistan dərk etməlidir. Bilməlidir ki, münaqişə yaranarsa, Qazaxıstan Azərbaycanı dəstəkləyəcək. Separatçılar köhnə xülyalarla yaşayırlar. Status-kvo onların beyinlərində qalıb. Amma onlar bunu dərk etmir. Bu da Ermənistan xarici siyasətinin tam böhranı deməkdir. Erməni analitiklər də bunu təsdiq edir. Böhrandan çıxış yolu yalnız Azərbaycanın ərazilərinin qaytarılması ilə bitmir. Onların beynəlxalq məsələlərə yanaşmasında köklü dəyişikliklər olmalıdır. Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanla bağlı məkrli planlarından əl çəkməlidirlər. Bu olmasa, Ermənistanın gələcəyi olmayacaq”.
Politoloqun qənaətincə, biznesmenlərin Ermənistanı boykot etməsi bir növ separatçı ölkəyə mesajdır: "Qazaxıstanın baş naziri Avrasiya İqtisadi Sammitinə qatılmayıb. Bu, siyasi rəhbərliyin razılaşması ilə baş verib. Astana artıq mesaj verib ki, vəziyyətdən narazıdırlar. Biznesmenlərin gəlməməsi bunun təzahürüdür”.
"Nədən Qazaxıstan Azərbaycanı açıq şəkildə dəstəkləmir” sualına gəlincə, İ.Vəlizadə söyləyib ki, bu işdə bir çox proseslər var: "Qazaxıstanın bu məsələləri açıq şəkildə gündəmə gətirməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tam böhranı demək olacaq. Belə
vəziyyətdə Ermənistan bu birliyə üzv olmaqdan imtina edə bilər. Bu da daha mürəkkəb nəticələrə gətirib çıxaracaq. Bu məsələdən ehtiyatlanaraq Qazaxıstan açıq demarşlar etməyəcək. Lakin öz imkanlarından maksimum yararlanaraq Ermənistana mesajlarını verir. Avrasiya İttifaqına üzvlük məsələsi gündəmə gələndə, Qazaxıstan bəyan etdi ki, bizim həmin təşkilata qatılmağımız yalnız o halda baş verər ki, Ermənistan bu birliyə Azərbaycanın əraziləri ilə birgə deyil, yalnız öz əraziləri ilə qatılsın. Artıq o zaman Qazaxıstanın mövqeyi məlum oldu. Eyni zamanda Belarusiya da eyni mövqedə dayanır. Ziddiyyətlər yoxdur”.
Ayyət Əhməd