Bu pulların ödənməməsi müzakirə obyekti ola bilməz
Uzun müddətdir ki, şəhid ailələrinə və əlillərə "qan pulu” deyilən sığorta haqqının ödənilməsi məsələsi müzakirə mövzusudur. Şəhid ailələri neçə müddətdir ki, deputatlara müraciət edərək qanunla onlara çatacaq dövlət icbari sığorta pullarını almaları üçün köməklik göstərmələrini xahiş edirlər.
Mütəmadi olaraq bu məsələni diqqət mərkəzində saxladıqlarını vurğulayan "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bu məsələni dəfələrlə parlament üzvləri ilə müzakirəyə çıxardıqlarını, həmçinin mütəmadi olaraq mətbuatda danışdıqlarını vurğulayıb: "Nazirlə görüşdə də müzakirə etdik. Yüzlərlə Qarabağ müharibəsi əlili və şəhid ailəsi qanuni haqları olan həmin icbari sığorta - "qan pulu”nun alınması ilə bağlı müraciət edib. Konstitusiya Məhkəməsinin konkret qərarı var ki, bu vəsait şəhid ailələrinə və Qarabağ əlillərinə ödənilsin. Bunun ödənilmə qaydasının müəyyənləşdirilməsi Milli Məclisə həvalə edilib. Milli Məclis də "bu, bizim işimiz deyil” deyib, bunu Nazirlər Kabinetinə göndərib. Biz Nazirlər Kabinetinə də müraciət etmişik. Amma hələ bir nəticə yoxdur. Çox təəssüflər olsun ki, bizim deputatlarla görüşlərimizə, sanballı QHT rəhbərlərinin imzası ilə rəsmi qurumlara göndərdiyimiz müraciətlərə hələ bir cavab verilməyib. İndiki həssas məqamda, ordumuzun yeni şəhidlər verərək bir sıra yüksəklikləri düşməndən təmizlədiyi, Azərbaycan xalqının Vətən uğrunda hər zaman övladlarını qurban verməyə hazır olduğunu növbəti dəfə nümayiş etdirdiyi zamanda şəhidlərin "qan pulu” problemi həll olunmursa, çox təəssüflər olsun. Bunu parlament bilir, Nazirlər Kabineti bilir, yenə də məsələ həllini tapmır. Hətta elə Qarabağ şəhidi var ki, ailəsi bugünədək "qan pulu”nu almayıb, həmin şəhidin övladı da gedib şəhid olub. Mən bunu dövlətə bağlı bir adam kimi deyirəm, dövlət bu vətəndaşa qiymət verməlidir, onun qeydinə qalmalıdır. Bir insan ki, canını qurban verir, onun ailəsinin ehtiyaclarını müəyyən qədər ödəyəcək "qan pulu” mütləq verilməlidir”.(müsavat.com)
Millət vəkili Elman Məmmədov isə "Şərq”ə açıqlamasında ölkə rəhbərliyinin bu məsələyə həssaslıqla yanaşdığını və məsələnin həll olunacağına dair inamını ifadə edib: "Şəhid ailələrinin və qazilərin sığorta pulu mütləq veriləcək. Bu pulların ödənməməsi müzakirə obyekti ola bilməz. Çünki "qan pulu” məsələsi "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir”.
Ortada konkret qərar olmasına rəğmən sığortaların ödənməsinin gecikmə səbəblərinə gəldikdə isə millət vəkili deyib ki, müəyyən prosedurlar var ki, onların tam şəkildə yoluna qoyulması gözlənilir: "Statuslar verilir, sənədləşdirmə aparılır, maliyyə vəsaitləri ayrılır. Bütün bu məsələlər başa çatdıqdan sonra "qan pulu”ları qanunla tənzimlənən qaydada ödənəcək. Şəhidlər hər birimiz üçün əzizdir və dövlətimiz hər zaman öz şəhidinə, qazisinə sahib çıxıb. Bugünə qədər necə olubsa, bundan sonra da şəhid ailələrinin bütün ehtiyaclarının ödənməsi istiqamətində mümkün olan bütün işlər görüləcək”.
Xatırladaq ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlillik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər.
Şəymən