Qəbul günləri: nəticə azdır

Məmur-vətəndaş münasibətləri ürəkaçan deyil



Son illərdə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. Nəticədə vətəndaşlar elementar məsələlərin həlli məqsədilə aylarla, günlərlə, bəzən isə illərlə icra orqanlarının qapılarını döyməli olurlar. Vətəndaşları qəbul edərək onların şikayətlərinə baxmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həll etmək və yaxud aidiyyəti üzrə göndərilməsi barədə izahat verilməsi vəzifəli şəxslərin birbaşa vəzifəsi olmasına baxmayaraq, bu vəzifələrin icrasında çox ciddi problemlər mövcuddur. Bu problemlər ilk növbədə vətəndaşların qəbulu ilə başlanır ki, indiki şəraitdə məmurların, nazirlər qalsın bir yana, adicə icra başçılarının qəbuluna düşmək qeyri-mümkündür.

Məmurların formal xarakter daşıyan qəbul günləri əslində vətəndaşların pozulmuş hüquqlarının davam etməsi üçün vasitəyə çevrilib. Çünki həmin qəbul günlərində vətəndaşları heç bir səlahiyyəti olmayan şəxs əvəz edir ki, bu zaman şikayət və müraciətlər həllini tapmamış qalır. Vəziyyətdən çıxış yolu isə vətəndaşlara standart formada hazırlanmış cavabların göndərilməsi prosesi tətbiq edilir. Ayda bir, yaxud iki dəfə təşkil edilən qəbul günləri formal keçdiyindən vətəndaşların şikayətləri aylarla baxılmamış qalır. Vətəndaşların qəbulu prosesində ən böyük maneələrdən birini də şöbə müdirlərinin katibələri oynayır ki, onlarla kəlmə kəsmək mümkün deyil.

Hökumətin hesabatı zamanı məmur-vətəndaş münasibətlərinə toxunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı da Azərbaycanda məmur-vətəndaş münasibətlərinin aşağı səviyyədə olmasından gileylənib. Sabir Rüstəmxanlının sözlərinə görə, millət vəkilləri məmurların qəbuluna düşə, onlara ünvanladığı müraciətlərə cavab ala bilmir, nəinki adi vətəndaşlar: "Azərbaycanda məmur-vətəndaş münasibətləri dözülməz vəziyyətdədir. Hansısa nazir, yaxud digər məmur deputatların zənglərinə aylarla cavab vermir. Hansısa quruma gedirsən, orada o qədər polis dayanır ki, sanki qalanı qoruyurlar. Öz seçicilərimizə necə deyək ki, bizim dövlət qurumları ilə aramızda uçurumlar var. Sizin problemlərinizi həll edə bilmirik”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə isə hesab edir ki, Azərbaycanda vətəndaş-məmur münasibətləri prezident İlham Əliyevin vətəndaşlarla görüşü zamanı yaranan münasibət kimi olmalıdır: "Bəzi məmurlar vətəndaşlarla öz aralarında sərhəd çəkirlər, insanlardan, sadə kütlələrdən uzaq olmağa, onlardan dəbdəbəli geyimlərlə, bahalı maşınlarla, qiymətli hədiyyələrlə fərqlənməyə çalışırlar. Özlərinə və yaxınlarına dəbdəbəli ad günləri, toylar keçirir, məclislər qururlar. Fikrimcə, bu hərəkətlər məmurun kütlədən "yuxarıda” deyil, "aşağıda” durmasının göstəricisidir. Onlar bu münasibətlə, var-dövlətlərilə öyünməklə yüksələ bilməzlər. Əksinə, vətəndaşları dinləməklə, onların problemlərini həll etməklə, onlarla təmasda olmaqla, prezidentin siyasətini düzgün yerinə yetirməklə, verilən tapşırıqları vaxtında və dəqiq reallaşdırmaqla bu ucalığı, vətəndaş hörmətini qazana bilərlər. Lakin çox təəssüf ki, məmurların vəzifələrində və hərəkətlərində yol verdikləri neqativ hallar bəzən daha böyük narazılıqlara gətirib çıxarır. Prezident çox haqlı olaraq mütəmadi olaraq çıxışlarında vətəndaş-məmur münasibətləri barəsində çox önəmli fikirlər səsləndirir”.

Hər bir millət vəkilinin və hər bir vətəndaşın bu məsələnin həllində prezidentə yardımçı olmasının vacibliyini vurğulayan millət vəkili bildirib ki, istənilən məsələdə baş verən qanunsuzluqlar barədə lazımi orqanlara məlumat verilməlidir. Ç.Qənizadənin sözlərinə görə, bəzi məmurlar tərəfindən qəsdən vətəndaşlar üçün yaradılan problemlərin həll olunması istiqamətində lazımi orqanlara müraciət etmək istəyən vətəndaşlar "Əgər şikayət etsəm, işimi bir az da çətinə salacaqlar” kimi fikirlərə düşürlər: "Lakin vətəndaşlar bilməlidirlər ki, məmurların neqativ hərəkətləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinməməlidirlər. Vətəndaşların bu barədə məlumatlandırılmasına da böyük ehtiyac var. Bunun üçün ən yaxşı vasitə televiziyalardır. Çox təəssüf hissilə qeyd edirəm ki, bu gün Azərbaycanda televiziya məkanında həddindən çox bayağı, milli mentalitetə, əxlaqi dəyərlərə zidd verilişlərin sayı çoxalıb. Bu məsələni də çox vaxt özəl kanalların gəlir əldə etməsilə bağlayırlar. Lakin mən belə hesab edirəm ki, bu kimi məsələlərdə kanallar güzəştə getməli, problemlərin həlli yollarının istiqamətləri barəsində vətəndaşları məlumatlandırmalıdırlar. Burada əsas rolu televiziya məkanı oynayır. Telekanallar bu mövzuların işıqlandırılmasına yardım etsə, tez-tez rəsmi şəxsləri bu kimi mövzuların müzakirəsinə cəlb etsələr, insanların da öz hüquqlarını tanıması asanlaşar. Ümumiyyətlə, bu sahədə maarifləndirmə və təbliğat işi gücləndirilməlidir”. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə isə bir qayda olaraq məmurların davranışı qanunvericiliklə tənzimlənir. Belə ki, ölkədə "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun qəbul olunması, beynəlxalq təşkilatlarla əməkdaşlığımız, o cümlədən, İqtisadi İnkişaf Əməkdaşlığı təşkilatı ilə Azərbaycanda xeyli normativ sənədlər qəbul olunub. Həmçinin "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun qüvvədədir. Belə ki, bu qanun əsasında hər bir müvafiq icra hakimiyyəti və dövlət orqanları özlərinin etik davranış qaydalarını müəyyən etməlidirlər. S.Məmmədovun sözlərinə görə, normativ səviyyədə ölkəmizdə məmurların davranışı ilə bağlı xeyli işlər görülüb. S.Məmmədov hesab edir ki, təvazökarlıq həm islam dinindən irəli gələn, həm də xalq üçün xarakterik xüsusiyyətdir: "Ağac bar verdikcə, başını aşağı salar”. Bu atalar məsəli elə ismarıc olmalıdır. Elə ölkə başçısının dediyi də bu misalın çərçivəsinə sığır. Ölkə başçısı haqlı olaraq hər zaman məmurlara xəbərdarlıq edir ki, sizə etimad göstərilir, yüksək vəzifələr verilir və siz də bu vəzifələrin verdiyi imtiyazlardan bəhrələnirsiniz. Amma sizin xalq qarşısında hesabatınız olmalıdır. Xalqa yuxarıdan aşağı baxmamalısınız, ona arxa olmalısınız. Çünki onların vergiləri olmasa, siz bu vəzifələrdə otura bilməzsiniz”. Amerika dövlət modelindən nümunə gətirən S.Məmmədovun sözlərinə görə, orada məmur vergi ödəyicisinin nökəridir: "Məmur da başa düşməlidir ki, onu bu vəzifəyə xalqa kömək etməkdən ötrü təyin ediblər. Kobud desək, o, xalqın nökəri olsun. Əlbəttə, məmurlar bunu bilməyəndə çərçivələr pozulur və qıcıqlanmalara gətirib çıxarır”. S.Məmmədovun fikrincə, hazırda bizdə yeni nəsil məmurlar sinfi yetişdirilir. Belə ki, ASAN xidmətin daxil olduğu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb: "ASAN xidmətə müraciət edən kəs görə bilər ki, idarəetmənin yeni nəsli artıq öz sözünü deməkdədir. Bu, müsbət bir nümunədir ki, digər orqanlar da ona baxıb öz işini qursun. Belə deyək, agentliyin rəhbəri orada adi işçilərdən heç nə ilə fərqlənmir. Bu, hər bir idarədə, hər təşkilatda, strukturda belə olmalıdır”. Liqa sədri hesab edir ki, məmurun davranış qaydaları təkcə vətəndaşla münasibət demək deyil: "Bu, kompleks məsələdir. Bu, korrupsiya elementlərini, davranış mədəniyyətini, bilik və bacarıqları və s. əhatə edir”.

Şəymən