"Qəbul nəticələri təhsilin deyil, repetitorluğun göstəricisdir"

"Orta məktəblərin vəzifəsi abituriyent yox, vətəndaş yetişdirməkdir""Azərbaycanda təhsil deyil, tədris zəifdir"
"Ali məktəblərə qəbul imtahanlarında əldə edilmiş nəticələr təhsilin səviyyəsi üçün ölçü meyarı ola bilməz”.
Bu barədə "Sherg.az”a ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7 faizinin 200-dən aşağı bal toplamasına münasibət bildirərkən tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib. 
O vurğulayıb ki, təhsilin göstəricisi orta ümumtəhsil məktəblərinin yekun nəticəsi olan buraxılış imtahanları ola bilər:
"Çünki ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları şagirdlərin sonuncu sinifdə əldə etdiyi bilikləri deyil, ümumilikdə 5-6 il ərzində öyrəndiyi materialları əhatə edir. Qəbul nəticələri təhsilin deyil, repetitorluğun qiymətləndirməsidir. Ali məktəbə sənəd verən heç bir abituriyent repetitor yanına getmədən yüksək nəticəni əldə edə bilər. Əgər təhsil strukturları nəticələrin yüksəlməsini istəyirsə, ali məktəblərə qəbul sadələşdirilməlidir.
Nəticələrin aşağı olması ikrah hissi oyada bilər. Halbuki orta məktəblərin vəzifəsi ali məktəbə abituriyent hazırlamaq deyil, vətəndaş, şəxsiyyət yetişdirməkdir. Təəssüf ki, Təhsil Nazirliyi qəbul imtahanlarını təhlil etmir, burada istifadə olunan test tapşırıqlarının orta-ümumtəhsil məktəbləri proqramına uyğunluğunu yoxlamır. Ona görə, ortaya bu cür paradoksal vəziyyət çıxır”.
K.Əsədov hesab edir ki, abituriyentlərin aşağı nəticə əldə etməsinin səbəbi 2-3 fənnin daha yaxşı mənimsənilməsi, qalanlarında isə problemin ortaya çıxmasıdır:
"Nəticədə, aşağı faizlə mənimsənilən fənlər digər fənlərin qiymətləndirməsinin aşağı düşməsinə səbəb olur. Əslində Azərbaycanda təhsil zəif deyil. Azərbaycan əhalinin oxuma-yazma bacarığına görə, dünyada ilkin yerləri tutur. Amma orta məktəblərdə tədris yüksək səviyyədə deyil. Bəzi direktorlar orta məktəblərə şəxsi biznes obyekti kimi baxır. Yuxarı sinif şagirdlərindən pul alıb, dərsə gəlməməyinə şərait yaradırlar. Onlar təhsilin keyfiyyətində maraqlı deyillər. Amma yenə qeyd edirəm ki, bu Azərbaycanda təhsilin sıfır səviyyədə olması demək deyil”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında 2016-2017-ci il üzrə qəbul imtahanlarının nəticəsi yayımlanıb. Jurnalda yazılan məlumata görə, həmin il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7 faizi 200-dən az bal toplayıb.
Aysel Aslan