Qəddar davrandılar: Saakaşvilinin Gürcüstana qayıtmaq yolunu “yandırırlar”





Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu ölkə vətəndaşlığından məhrum edilib. Məlumata görə, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, ölkənin Ədliyyə Nazirliyi M.Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi barədə prezidentə müraciət etmişdi.

Məsələni şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, indiki Gürcüstan hakimiyyəti Saakaşviliyə qarşı çox qəddar davranır: "Sabiq prezident Gürcüstanda olanda ona cinayət işi açmadılar. Ehtiyat edirdilər ki, onun tərəfdarları narazılıq edə bilər. Elə ki Amerikaya getdi, ona qarşı cinayət işi açıldı. Sonra Ukrayna hakimiyyəti sabiq liderə vəzifə təklif etdi və o, Ukraynada çalışdığına görə, bu ölkənin vətəndaşlığını qəbul etdi. Bunu qəbul edəndən sonra keçmiş dövlət başçısını Gürcüstan vətəndaşlığından məhrum etdilər. Məqsəd də odur ki, Saakaşvilinin Gürcüstana qayıtmaq yollarını yandırsınlar. Ona görə ki, indiki hakimiyyəti islahatlar aparıb, uğur əldə edə bilməsə, sosial vəziyyət gərginləşsə, Gürcüstan cəmiyyətində Saakaşvili tərəfdarlarının sayı artacaq. Bu baş verməsin deyə, keçmiş prezidentə qarşı mümkün bütün vasitələrdən istifadə etdilər. Artıq onun öz ölkəsinə qayıtması problemdir”.

Ayyət Əhməd