"Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək"
Qəddar valideynlər oğlan sevgisinə aldanır
Vaxt gələcək ölkədə qız tapmayan oğlanlar əcnəbi nikahlara üstünlük verəcək
"Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək"
"Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək"
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas cinsiyyət ayrıseçkiliyi ilə bağlı xəbərdarlıq edib. Aİ nümayəndəsinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər fenomenlikdən əziyyət çəkəcək.
"Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədinin təqdimatında çıxış edən Kestutis Yankauskas deyib ki, cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır. K.Yankauskas problemin həlli və cinsi tarazlığın təmini üçün Avropa İttifaqının Azərbaycana yardım göstərməyə hazır olduğunu da söyləyib.
Sözügedən tədbirdə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Azərbaycanda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Nazirin sözlərinə görə, son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir.
Nazirin sözlərinə görə, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb:
"BMT Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və Fondun dəstəyi ilə "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Layihədə gender nisbəti ilə bağlı ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları və s. ilə yanaşı, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və tövsiyələr əksini tapır".
Son 25 ildə Azərbaycanda kişilərin sayının sürətlə artdığını vurğulayan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, müasir dövrün cavan ailələrində ilk uşaq qız olduqda ikinci övladın oğlan olmasını istəyirlər.
S.Qəhrəmanova bildirib ki, uşaqların cins nisbətinin pozulması qadına, doğulmayan uşağa qarşı törədilən zorakılığın bir növüdür: "Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqları pozulur. Təəssüf ki, bu problemin mahiyyəti insanlara hələ də yetərincə çatmır. Problemin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması zəruridir".
Milli adət-ənənələrimizdən irəli gələrək hər zaman cəmiyyətimizdə oğlan cinsinə meyillilik olduğunu deyən həkim Şəmsiyyə Namazlı da qız uşaqlarının sayında ciddi azalmaların müşahidə olunduğunu bildirib. Məhz bu azalmalar da yaxın gələcəkdə müəyyən problemlər yarada bilər: "Demoqrafik göstəricilərə, statistik məlumata baxanda görürük ki, artıq oğlan uşaqlarının sayı qızların sayına nisbətən daha çoxdur. Yetkinlik yaşına çatanda isə ailə qurmaq üçün öz millətindən olan qızların sayının az olması yaxın 10-15 il ərzində problemlər yaradacaq. Bu məsələnin sosial, milli və genetik tərəfləri var. Cinsiyyətin yoxlanılmasında həkimləri də qınamaq düzgün deyil. Çünki həkimi məcbur edirlər və deyirlər ki, "mütləq uşağın cinsiyyətini de”. Son vaxtlar həkimlər bundan imtina edirlər, çünki qərar çıxarıldı ki, körpənin cinsiyyəti ilə bağlı məlumat verilməsin. Həkim olaraq biz görürük, praktikada, həyatda yaşayırıq. Təcrübəmizə əsaslanaraq rastlaşırıq ki, ailə üzvləri olan qayınana və ər ayrı-ayrılıqda cinsiyyəti soruşur və deyilməsi üçün xahiş edirlər. Bu, sırf olaraq, ailənin, pasiyentin özündən asılı olan məsələlərdir. Onlar istəyir ki, həkimlər cinsiyyəti söyləsinlər. Dəfələrlə şahidi olmuşam ki, həkim imtina edib, amma pasiyent əl çəkmir”.
Sosioloq- jurnalist Lalə Mehralı:
- Biz illər əvvəl deyəndə ki, selektiv abortların sayı vaxt olacaq üzümüzə özünün mənfi nəticələri ilə qayıdacaq. Cəmiyyət bizi ciddi qəbul etmədi. Təəssüflər olsun ki, biz insanlarımıza abortların genefondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik. Azərbaycan vətəndaşlarının oğlan sevgisi, qızların hər zaman bir əşya kimi qəbul edildiyini bilirik. Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək. Selektiv aborta müraciət edən hər bir qadın birbaşa demoqrafik göstəricilərə zərbə vurmuş hesab olunur. Cinsi tarazlığın pozulmasına bütün sahələrdə mənfi təsirini göstərir. Biz məktəblərdə, bağçalarda, universitetlərdə də artıq bu nisbət pozulmasını hiss edirik. İstənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır. Halbuki mövcud qanunvericiliyə görə, hamiləliyin yalnız 12-ci həftəsinə bir tibbi göstəriş olmasa, ananın arzusu ilə abort etmək olar.
L.Mehralının fikrincə, cins nisbətinin pozulmasında müşahidə olunan azalma tibbi göstəriş olmadığı halda dölün cinsi barədə valideynlərə məlumat verilməməsinin nəticəsidir. Həm də əvvəlki illərlə müqayisədə insanların dünyagörüşündə də müəyyən irəliləyişlər var. Sonsuzluğun artması da ailələrin qız-oğlan ayrı-seçkiliyi etməsini arxa plana keçirib.
İllərlə övlad üzünə həsrət qalan ailələr üçün doğulan uşağın cinsiyyəti heç bir əhəmiyyət kəsb etmir. "Təki övladım olsun” deyib, heç cinsiyyətini də öyrənməkdə maraqlı olmur. Bir məsələ var: "Pisi görməsən, yaxşının qədrini bilməzsən”. Bəlkə də ölkəmizdə sonsuzluğun statistikası bu qədər çox olmasaydı, selektiv abortlara tələbat daha çox olardı”.
Sosioloq deyib ki, cinsi tarazlığın pozulması 2000-ci illərin əvvəllərində doğulan gənclərə evlilik zamanı da problem yaradacaq. "Bir var evlilik çağında olan oğlanın ətrafında 15-20 qız olsun, bir də var cəmi tanıdığı 5-6 qız arasında seçim etmək məcburiyyətində qalsın. Ölkədə qız tapa bilməyən oğlan əcnəbi nikahlara üstünlük verəcək ki, bu da artıq milli genefondumuzun dəyişməsi deməkdir”.
Şəymən