Qəhrəmanlar və şəhidlərimizdən xeyli filmlər çəkilib

Hüseyn Mehdiyev: “Sadəcə, televiziya kanalları bundan istifadə etmirlər, səbəbini biz də bilmirik”



"Azərbaycanda "Yaddaş”, "Səlnamə” studiyalarında milli qəhrəmanlar və şəhidlərimizlə bağlı çoxlu filmlər çəkilir”. Bu barədə "Şərq”ə tanınmış kinorejissor Hüseyn Mehdiyev "ölkəmizdə milli qəhrəmanlar və şəhidlərimiz haqqında filmlərə çox az rast gəlinir” iddiasını dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, televiziya kanalları həmin filmlərdən istifadə etmirlər: "Bu da başqa məsələdir. Bizdən asılı iş deyil. Amma yetərincə film çəkilir. Həmin filmlər çox geniş və əhatəlidir”.

Qəhrəmanlarımız haqda çəkilməli olan seriallara gəlincə, H.Mehdiyev qeyd etdi ki, seriallarla bağlı telekanallara müraciət edin: "Televiziyalardan soruşmaq lazımdır ki, nədən onlar bu mövzulara toxunmurlar? Niyə çəkmirlər? Amma deyim ki, biz filmlər çəkirik. Azərbaycanda çəkilən bədii filmlərin əksəriyyəti Qarabağa, milli qəhrəmanlarımıza və şəhidlərimizə həsr olunub. Söhbət dövlət vəsaiti hesabına çəkilən filmlərdən gedir. Bir daha söyləyirəm ki, Qarabağla və qəhrəmanlarımızla bağlı çox sanballı bədii filmlərimiz var. Sadəcə, onlardan istifadə edilmir. Televiziyalarda ekranlaşdırılmır. Bunun da səbəbini biz bilmirik”.

Rejissor hesab edir ki, çəkdikləri filmlərin kinoteatrlarda deyil, telekanallarda verilməsi daha vacibdir: "Baxın, kinoteatrlarımız çox azdır. Demək olar ki, yox səviyyəsindədir. Telekanallarımız həmin filmlərə diqqət ayırmalıdırlar, yer verməlidirlər. Lakin bunu etmirlər. Dəqiq bilirəm ki, "Yaddaş” ,”Səlnamə” studiyalarında milli qəhrəmanlarımıza dair filmlər çəkilir. Hətta rayonlarda, kinoteatrlarda nümayiş olunur. Sadəcə, indi kinoteatrlar azdır deyə, onun haqqında məlumat ala bilmirsiniz. Çünki televiziyalar onlardan yetərincə istifadə etmirlər”.

Rejissorun fikrincə, heç bir ssenari problemi yoxdur: "Burada söhbət ssenaridən getmir. Əsas rejissorun və studiyanın istəyidir. Qalan işlər həll olunan məsələlərdir. Bir də ki, maliyyə problemi olur. Vəsait ayrılırsa, film çəkilir. Bildiyim odur ki, milli qəhrəmanlarla və şəhidlərimizlə bağlı yetərincə filmlər çəkilir. Lakin onların kütləvi istifadəsində problem var. Bu öhdəlik də televiziyaların üzərinə düşür. Bunu telekanallardan araşdırın. Səbəbini soruşun. Televiziyalar daha çox şou xarakterli verilişlərə yer ayırır. Biz buna neyləyə bilərik? Studiya filmləri çəkir. Kinoteatrlarda onların primyerası olur. Gedənlər də olur. Bu yaxınlarda milli qəhrəmanlardan çəkən Nizami Abbas sərhəd bölgələrində olub. O filmləri nümayiş etdirib. Biz kinematoqraflar imkan daxilində işimizi görürük. Buna rəğmən telekanallar ondan yetərincə istifadə etmir”.

Ayyət Əhməd