“Qələbəyə ehtiyac duyuruq”

Sabir Rüstəmxanlı: “Hər bir qələbə psixoloji cəhətdən insanların ruhunu yüksəldir”
“Cəmiyyətdə barışın, həmrəyliyin tərəfdarı olmuşam”


Hər zaman çıxışları ilə diqqət cəlb edən, millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilə günün aktual məsələlərinə münasibət öyrəndik. Ondan aldığımız müsahibəni təqdim edirik.

- Bakıda keçirilən I Avropa Oyunları bütün dünyada müsbət rezonans doğurur. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu oyunlar tarixə keçəcək. Oyunlar haqqında deyilənlər unudulacaq, amma ilk Avropa Oyunları yaddaşlarda, xüsusən Azərbaycanın tarixində həmişəlik qalacaq. Məlumdur ki, bir çox
dəyərlər var. Bu oyunlar Azərbaycanın odlar diyarı olmasını və atəşgahın önəmini qabartdı. Bilirsiz ki, atəşgahdan od götürüldü və Azərbaycan Avropanın bir növ alov və idman mərkəzinə çevrildi. Yunanların məşhur olimpiya dağı kimi, Atəşgah da idman simvoluna çevrildi. Oyunlar bizim müasir dövrümüzə yazılan bir hadisədir. Bu mötəbər yarışlar başlanana qədər ölkəmizdə bir çox gənclər ciddi hazırlıq keçdilər. Yaxşı məşqçilər cəlb olunmuşdu. Oyunlardan öncə bildirmişdim ki, Azərbaycan təxminən 21 qızıl medal qazanacaq. Çünki oyunlarda birinci yerə çıxmaq o qədər də asan deyil. Dünyanın idman mərkəzləri Avropadadır və bu baxımdan bu oyunlarda birinci olmaq elə dünya birincisi olmaq deməkdir. Qazandığımız 21 qızıl medal Azərbaycan idmanının biz düşündüyümüzdən də yüksək səviyyədə olduğunu göstərir. Bu da uzun illər idman sahəsində görülən ciddi işlərin bəhrəsidir.

İdman millətin gücünü, həm də iradəsini göstərir. Biz müharibə şəraitində, əraziləri işğalda olan bir xalq olaraq qələbəyə ehtiyac duyuruq və hər bir qələbə psixoloji cəhətdən insanların ruhunu yüksəldir. Ona görə idman oyunlarının həm də milli-mənəvi, psixoloji tərəfi var.

Tikilən idman qurğuları Azərbaycanda daimi qalacaq. Mən Olimpiya Stadionunu görəndə qürur duydum. Dünyada çox stadionlarda olmuşam, amma bizim stadion heç biri ilə müqayisə oluna bilməz. Xalqın həmrəyliyi də mükəmməl idi. Açılış proqramı da həm fəlsəfi, həm də milli cəhətdən çox gözəl düşünülmüşdü. Bu proqram Qobustan, Nizami poeziyası və muğam üstündə qurulmuşdu. Dünyada sivilizasiyanın bir dili var, ona görə də mən o gecədə duyğulandım. Orada mən İngiltərə xarici işlər nazirinin müavini ilə görüşdüm. Dedi, idmanda biz udmaq istəyirik və boksdan xoşum gəlir. Mən də dedim ki, biz boksda sizi udacağıq.

Ümumiyyətlə, qurğular texnologiyanın son nailiyyətləri əsasında qurulub və xaricilər çıxıb gedəndə, bu qurğular bizim gənclərimizə qalacaq. Azərbaycan bir idman ölkəsi kimi tanınacaq və Avropanın digər ölkələrindən öndə olmaq Azərbaycanın potensialıdır, gücüdür.

- Bu oyunlarda daha çox hansı idman növünü maraqla izləyirdiniz?

- Məsələyə subyektiv yanaşıram. Bizimkilər güclü olduğu bütün idman oyunlarına baxıram. Daha çox güləş və sambonu izlədim. Bizim idmançıların uğuru həm də sübut etdi ki, bizim beynəlxalq standartlara cavab verən məşqçilərimiz var. Qızların voleybol oyununu xüsusi maraqla seyr edir və sevinirdim. Klassik güləşdə bizimkilər həmişə güclü olur. Eyni zamanda təkbətək döyüş növləri - karate və taekvandoda əldə etdiyimiz uğurlar da bu sahələrdə dünyada ön sıralarda dayandığımızı göstərdi. Yarışların çoxunu izlədim. Çimərlik futbolunda və kişi voleybolunda nəticəmiz olmadığına təəssüfləndim. Qılıncoynatma Azərbaycanda yeni olsa da, iki bacının medal qazanması sevindiricidir.

- Azərbaycan artıq bir idman ölkəsi kimi özünü sübut edib. Növbəti illərdə "Formula 1” yarışları və İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcəyik. UEFA milli komandalar arasındakı bəzi oyunları da ölkəmizdə keçirəcək. Siz bu məsələlərlə bağlı nə düşünürsüz?

- Dünya Olimpiya Oyunlarının da bir vaxt Azərbaycanda keçiriləcəyinə inanıram. Yunanıstanda Olimpiya Oyunları üçün Afina yaxınlığında olimpiya şəhərciyi tikilmişdi. Oyunlar bitdikdən sonra uğurusuzluqdan, yaxud lazımsızlıqdan tender elan olundu və söküntü başladı. Bakının Atletlər kəndi isə şəhərin bir parçasıdır.

Bu qurğular heç biri müvəqqəti deyil və daimidir. Ona görə də istənilən yüksək səviyyəli idman oyunları Azərbaycanda keçirilə bilər.

Ailələrin, sıravi vətəndaşların necə həvəslə oyunlara gəldiklərini görürdüm. Təbii ki, müəyyən məhdudiyyətlər olmalıdır, amma bu, ifrat formada edilməməlidir. Fikrimcə, velosiped yarışlarını Bakı kimi sıx şəhərdə yox, digər regionlarımızda keçirmək olar. Sumqayıt və Gəncədə belə yarışlar keçirilə bilər. İndiki vaxt darlığında bunu tətbiq etmək olmasa da, gələcəkdə bunun nəzərə alınacağını güman edirəm.

Bütövlükdə yarışların həm təşkilindən, həm də Azərbaycanda keçirilməsindən, idmançılarımızın uğurlarından sevinirəm. Bakı-2015 oyunları dostumuzu, düşmənimizi bizə göstərdi. Oyunlar ərəfəsində Avropa Parlamenti idmanla siyasəti üz-üzə qoyan açıqlamalar verirdi. AŞ PA-nın vitse-prezidentinin nə haqqı var ki, Azərbaycana müdaxilə etsin. Ermənistanda gecə-gündüz mitinqlər keçiriləndə, güllələnmələr olanda açıqlama vermirlər, amma Azərbaycanda belə mötəbər oyunlar keçiriləndə belə fikirlər səslənir. Dünyanın hər yerində söz azadlığından danışılsa da, istənilən yerdə pozulur. Bu məsələləri oyunlarla bağlamaq ikili standartların mövcudluğunu göstərir. Qarabağ məsələsinə yanaşmada biz bunu açıq görürük. Ölkənin ümumi maraqları üçün hamımız bir yerdə olmağı bacarmalıyıq. Dialoqlar vasitəsilə biz problemləri dilə gətiririk. Deyilən sözlərin onu nahaq, biri haqq olsa da belə, bunlarla razılaşmamalıyıq.

- Ermənistanda baş verən sosial narazılıq fonundakı etirazlar hökumət dəyişikliyi ilə nəticələnəcəyi halda Rusiya hansı addımları ata bilər?

- Ermənistanda baş verən proseslərin hansı ssenari ilə getdiyini bilmirəm. Hakimiyyət beynəlxalq hüquq qarşısında zəif görünəndə, Qarabağ məsələsində addımlar atmağa məcburdur. Biz bu məsələdə dünya ölkələri ilə danışmağın yeni üsullarını öyrənməliyik. Dünyadakı böyük güclər qarşısında öz haqqımızı müdafiə etməliyik.

- Sabir bəy, son zamanlar qardaşınız Əlövsət Əliyevlə bağlı mətbuatda iddialar səslənir, hətta daxili işlər naziri cənab Ramil Usubovla da görüşdüyünüz deyilir. Bunlarla bağlı nə deyə bilərsiz?

- Birinci dəfə deyil, dəfələrlə görüşmüşük. Daxili işlər naziri müraciətlərə həmişə diqqətlə yanaşır. Həm millət vəkilləri, həm də vətəndaşları həmişə dinləyir. Əlövsət miqrasiya ilə məşğul olan bir təşkilat rəhbəri idi, ona olunan müraciətlərə hüquqi yardım göstərməyə vəzifə borcu kimi baxırdı. Xaricə getmək istəyənlər ona müraciət edirdi, o, həmin şəxslərə hüquqi yardım göstərirdi. Ona qarşı qısqanclıq var. Üç rayonda polis rəisi işləyib. Həmçinin mənim də dövlətçilik mövqeyimi hamı kifayət qədər bilir. Cəmiyyətdə barışın, həmrəyliyin tərəfdarı olmuşam. Qaragüruhçu deyiləm. Qardaşlarım da bunu hiss edir. Lakin qardaşım niyə didərgin düşməlidir?

Ədəbi xidmətlərimi kənara qoyuram, dünyanın müxtəlif ölkələrində əllidən çox kitabım çıxıb. İki gün öncə Almaniyada görmə qüsurlular üçün alman dilində kitabım çıxıb. "Ömür” kitabı İngiltərədə çap olunub. Bu da Azərbaycanı tanıtmağın bir növüdür. Əgər bir cinayətkar qohumum varsa, mənə görə ona güzəşt edilməməlidir. Eləsi olsa, onun cəzasını birinci mən özüm verərəm. Bəziləri, mənə belə nifrətlə baxırlar. Sanki, biz artıq insanıq, kənar planetdən gəlib düşmüşük. Bütün həyatımı bu ölkəyə vermişəm. Bəzən Cənubi Azərbaycandan gələn tələbələrin ödənişi üçün bir çox adama zəng vururam.
Mənə görə kiməsə güzəşt edilsin demirəm. Əsas olan ədalətli yanaşmadır. Azərbaycan hüquqi dövlətdir, cəmiyyətdə ölçüləri qorumaq lazımdır.

- Türkiyədəki seçkilərlə bağlı fikirləriniz maraqlıdır...

- Türk xalqını uzun müddət onun iradəsinə zidd olan yerə itələmək olmaz. Türkiyənin bölünmə təhlükəsi yarandı. Terrorçu kimi tanınan təşkilatlar az qala milli azadlıq mübarizəsi aparan qurum kimi görünməyə başladı. Onlar Türkiyədə otuz minə yaxın qətlə imza atan cinayətkar dialoq obyektinə çevrilib. Xalq da bunu eşidir və görür. AKP-nin yaxşı kadrları var, ancaq Türkiyə millət olaraq öz maraqlarını qorudu və HDP AKP tək başına hökumət qurmasın deyə səs aldı. CHP və MHP ilə danışıqlar gedir. Amma ertələnmiş seçki Türkiyə üçün ağır nəticələr verə bilər. Məncə, ən qısa zamanda hökumət qurulmalıdır. Türkiyə belə situasiyaları çox görüb.

- Bəzən ermənilərlə bağlı pozitiv fikirlər səsləndirən siyasətçilər olur və onları hamı tanıyır. Siz belə fikirlərə necə yanaşırsız?

- Erməniləri ömür boyu silahlandırıb, türklərə qarşı qaldırıblar. Balkan savaşında Türkiyə ağır durumda olanda, ermənilər türklərə qarşı vuruşub. Osmanlıda isə əksinə, ermənilərə yaxşı davranılıb. Şovinizm uydurmaları erməniləri xəstələndirdi. Silahlandılar və Azərbaycanda da 1905-ci il, 1918-ci il və sonrakı dövrlərdə dəstək vasitəsilə İrəvanı, Zəngəzuru, Qarabağı işğal etdi. Birinci sinifdən başlayaraq bütün erməni uşaqlarını öyrədirlər ki, türk xalqı düşməndir. Ermənistanın apardığı siyasət erməni xalqını türk düşməninə çevirdi və torpaqlarımız qaytarılmadan erməni ilə dostluqdan danışmaq olmaz. Erməninin musiqisi, mətbəxi türkdən götürmədir. Dillərində də türk sözləri olub. Qarabağ savaşının acılarını isə unutmaq olmaz. Bu gün erməni-türk dostluğundan danışmaq səngərdə dayanan əsgərin əlini-qolunu boşaltmaqdır. Qarşıda bir düşmən var, biz torpaqları azad edənə qədər ona düşmən kimi baxmalıyıq.

- Qarşıdan Milli Mətbuat Günü gəlir. Jurnalistlərlə bağlı mühüm tədbirlər keçirilir. Keçən 140 il ərzində Azərbaycan mətbuatı nələri itirdi və qazandı?

- Azərbaycan mətbuatının tarixi şərəflidir. "Əkinçi” ilə başlanan xətt davam edir. Bu gün də medianı gözdən salan yazılar tapmaq olur, amma "Molla Nəsrəddin”, "Füyuzat”, "Şərqi-rus” dövrləri möhtəşəm bir tarixdir. Mətbuat tariximizlə qürur duyuram, özüm də ömrümün böyük qismini mətbuata həsr etmişəm. Azərbaycan jurnalistikası müstəqillik dövründə çox böyük inkişaf yolu keçib. Jurnalistikamızda müxtəlif üslub və yazı tərzləri inkişaf edir. Jurnalistika çətin peşədir. Jurnalistlərə indi binalar verilir və bu işlər davam etdirilir. Bununla yanaşı, təsadüfi adamlardan da sığortalanmamışıq. Ali məktəbə girməyib jurnalist vəsiqəsi daşıyanlar və cibə baxan jurnalistika da var ki, onlar heç kimi aldada bilmir.

- Bir neçə gün öncə Məhəmməd Hadi ilə bağlı kitabınız çap olundu. Son olaraq, bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı...

- Hadiyə həsr olunan kitabım "Şair və Şər” adlanır. Həmişə Hadi dühasına nəsə həsr etmək istəmişəm və iki il ərzində bu kitabı ərsəyə gətirdim. Hadi ömür boyu şərlə üz-üzə qalıb. Haqqında yazılanlar isə o qədər çox deyil. Mətbuatda dərc edilən ilk şeirimi də Hadidən təsirlənərək yazmışam.

Vüqar Şahinoğlu,
Tural İsmayılov