Qələm onların əlində daha ədalətli olur
Həmkarlarımız hesab edir ki, qadınlar bütün peşələrdə vacib simalardan birinə çevrilə bilirlər
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Eyni zamanda sosial sferada daha cəsarətli və aktivdir. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Bu aktivlik özünü media sahəsində də göstərir. Ancaq təxminən 200 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub.
O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə "Qadına azadlıq vermək olmaz”, "Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, "Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s. kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir. Ancaq o da var ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, xüsusən də qadınların media sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərini xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur.
Hələ də "jurnalistlik qadın sənəti deyil” düşüncəsində olan insanlar var. Halbuki xalqın və cəmiyyətin həyatında qadın yazarların qələminin "boyuna biçilmiş” bir çox mövzular var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, balalarımızın tərbiyəsindən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən gedəndə ana səsi də ucalmalı - qadın-jurnalist də öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü də düşündürən, sirayət edəndir. Hər nə qədər qadınların media sahəsində çalışmasına cəmiyyətin mövqeyi birmənalı olmasa da, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar media sahəsində böyük nailiyyətlər qazanıblar.
Milli mətbuatımızın kifayət qədər qadın siması olduğunu vurğulayan jurnalist, sosioloq Lalə Mehralı hesab edir ki, əksəriyyəti də öz imzasının haqqını vermiş insanlardır: "Əslində yazmaq qadın-kişi fərqinə tabe olmayan sənətdir. Bizim KİV-in peşəkar reportyoru, araşdırmaçı yazarları, siyasi-iqtisadi qadın şərhçiləri də az deyil.
Düzdür, bir az televiziya sahəsi qadın üçün çətinlik yaradır, amma o da yalnız bəzi dönəmlər üçün. Hamiləlik, doğuş, laktasiya dönəmində işinə ara vermələri ola bilər. Amma bu, öz sahəsində peşəkarlığını azaltmağına, itirməyinə səbəb deyil. Demək istəyirəm ki, işini sevənə heç bir problem maneə deyil.
Yaxşı ki, başqa sahələrdə olduğu kimi jurnalistikada gender balansı pozulmur. Hesab elə ki, qadın olduğuna görə bir yazını sənə yox, kişi həmkarına tapşırırlar, necə hiss edərsən özünü? Baş redaktorların mühüm yazını qadın-kişi jurnalistə fərq etmədən tapşırması gözəldir. Reportaja gedə bilməyən qadın jurnalist ola bilər, bəzən ailə durumuna, hamiləliyinə görə bu olur, bu müvəqqətidir əlbəttə. Ümumilikdə, mətbuatda qadın-kişi rəqabəti ola bilər, amma bu rəqabət gender ayrı-seçkiliyi yox, peşəkar yazı rəqabəti olmalıdır. "Sən qadın olduğun üçün zəif yazırsan” yox, "sən zəif yazırsan” rəqabəti ola bilər”.
Az sayda qadınların media rəhbərliyində təmsil olunmasına gəldikdə isə həmkarımız deyib ki, hamiləlik, doğuş, körpəyə baxmaq, süd vermək dönəmləri işdən uzaq qalmağımıza səbəb olduğu üçün rəhbər təyin edilmə məsələsinə təsirini göstərir:
"Bu hallarda qadın jurnalist gündəmi izləyə bilmir, hadisələrin içində yox, xaricində qalır, operativlik zəifləyir. Həm də bir maraqlı məqam da qadın jurnalistlərin özlərini rəhbər olmağa cəhd etməməsidir. Yəni israrla çalışmırlar ki, hansısa media orqanına rəhbər olsunlar”.
Hazırda Azərbaycanda cəmi iki qadının media kapitanı olduğunu xatırladan jurnalist Jalə Mütəllimovanın sözlərinə görə, digər bir neçə həmkarımız isə orta səviyyəli sayt rəhbərləridirlər. Bu faktın özü də vəziyyətin necəliyinin göstəricisidir: "Üstəlik, aydın görünür ki, bizi, yəni qadınları nə qədər yaxın buraxırlar və ya biz özümüz nə qədər yaxına getmək istəyirik. Qaldı o məsələyə ki, mediada qadın əlinin olması nə qədər vacibdir. Deyərdim ki, son dərəcə vacib məsələdir. Qadın insan dünyaya gətirmək bacarığı olandır. Onu böyüdüb tərbiyə eləmək məsuliyyəti altına girəndir. İndi təsəvvür eləyin ki, ölkənin media məkanında bir qrup gerçək istedadı, vətənpərvərlik, dövlətçilik və millətçilik ruhu olan qadına meydan verilsin. Nəticə bir il yox, bir ay ərzində ortada olar. Ümumiyyətlə mən bunu bir dəfə də qeyd eləmişdim”.
Qələmin qadın əlində daha ədalətli olduğunu hesab edən Jalə xanım deyib ki, bu nə üsyan, nə də feminizm göstəricisidir. Demək istədiyi odur ki, qadınlara meydan verilməyən bütün cəmiyyətlər gec-tez deqredasiya ilə üz-üzə qalır:
"Mən ölkəmə və dövlətimə bunu arzulamayacaq qədər vətənpərvər biriyəm. O üzdən məncə, indiki qənaətbəxş olmayan situasiyanı dəyişməklə cəmiyyət də, media da ancaq qazana bilər. Qaldı ona ki, problem nədədir, məncə, problem özümüzdədir. Tənbəlik, rahata alışqanıq və özgüvənimiz aşağı səviyyədədir”.
Bir çox peşələr kimi jurnalist fəaliyyətinin də qadın peşəsi olmaması ilə bağlı stereotiplərin artıq aktual olmadığını deyən J.Mütəllimovaya görə, qadınlar bütün peşələrdə özlərini sınaya, fəaliyyət göstərə və yaxşı kadrdırsa, ən vacib simalardan birinə çevrilə bilərlər: "Bir məsələ var ki, buna təkcə şəxsi keyfiyyətlərin olması vacib deyil. Düzünə qalsa, bu bir qədər də həyatın, şansın məsələsidir. Yəqin çoxlarının çevrəsində yaxınları var həkim olmaq istəyib, müəllim olub.
Müəllim olmaq istəyib, hakim olub. O cümlədən ağlına gəlməyib ki, jurnalist olar, amma olub. Məsələn, bizim ailədə məndən başqa kimsənin planı deyildi jurnalist olmağım. Ailə daha çox kanservatorlardan ibarət idi və hətta bəzi hallarda qızın təhsil almasını istəməyənlər də var idi. Amma həyat elə gətirdi ki, mən jurnalist oldum və bu gün ailəmizdə mənə ən kəskin mövqedə olan yaxınlar da düzgün seçimimi dəstəkləyir. Sevdiyin işlə məşğul olmaq çox böyük məsuliyyət və şərəfdir. Üstəlik, məncə qadın, yaxud kişi olması əsas deyil, jurnalist hamıdan daha çox məsuliyyətli, vətənpərvər, vicdan, ədalət hissini itirməməyi bacarmalıdır. Deyim ki, son dərəcə çətindir. Hətta jurnalistlər arasında belə bu hisslərini tənzimləyə bacaranların sayı son zamanlar xeyli azalıb”.
Azərbaycanda qadınların media sahəsindəki fəaliyyətinin qənaətbəxş olmadığını deyən "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının sözlərinə görə, Azərbaycan qadınlarının rəhbər postlara sahib olmasına mentalitet mane olur:
"Azərbaycanda qadınların siyasi sosiallaşma prosesindəki situasiya hələ ki, bizim arzuladığımız səviyyədə deyil. Lakin müəyyən sahələr var ki, orada qadınlarımız doğrudan da çox fəaldırlar. Məsələn, təhsil sahəsindəki qadın pedaqoqların sayı kişi pedaqoqların sayından daha çoxdur. Sözsüz ki, bu say fərqini jurnalistika sahəsinə də aid etmək olar”.
Xanım baş redaktorun sözlərinə görə, media sahəsində qadınların fəaliyyətindəki çatışmazlıq idarəetmə ilə bağlıdır. Onun sözlərinə görə, qadınlar mətbuatda müxbir, reportyor kimi daha çox fəaliyyət göstərirlər, nəinki hansısa bir orqanın rəhbəri:
"Jurnalistika sahəsində qadın rəhbərlərin sayı çox təəssüflər ki, barmaqla sayılacaq qədər məhduddur. Arzu edərdim ki, xanımlarımızın sayı jurnalistika sahəsində təkcə müxbir qismində yox, idarəçilikdə də artsın. Bütün dünyada qəbul olunmuş prinsipdir ki, qadınlar kişilərlə müqayisədə daha ədalətli olurlar. Düşünürəm ki, media orqanlarının rəhbər strukturlarında qadınların sayı çox olsa, bəlkə də bu gün jurnalistikamızda yaşanan problemlərin bir çoxu heç olmaz. Ancaq biz mental dəyərlərə bağlı bir cəmiyyət olduğumuz üçün bizdə qadınların rəhbər vəzifələrdə olması birmənalı qarşılanmır. Əsassız yerə qadınlar kişilərlə müqayisədə daha bacarıqsızdır və hansısa bir toplumu onlar düzgün idarə edə bilməzlər. Ancaq təcrübə göstərir ki, qadınlar tərəfindən idarə olunan qurumlarda vəziyyət daha yaxşı vəziyyətdədir. Hesab edirəm ki, biz tədricən bu mentallıqdan uzaqlaşmalıyıq.
Sputnik.az saytının əməkdaşı İradə Cəlil də mediada kifayət qədər qadın jurnalistlərin olduğunu deyib. Qadın jurnalistlərin daha cəsarətli olduğunu vurğulayan İ.Cəlilin hesabınca, xanımlar daha kəskin və düz yaza bilir:
"Jurnalistikaya təkcə qazanc mənbəyi kimi baxmaq lazım deyil. Jurnalistikanı sevmək, işini sevə-sevə görməyi bacarmaq lazımdır. Belə olan halda qazanc da olur. Qadınlar bunu daha çox bacarır.
Maneələrimiz də var təbii ki. Məsələn, bu gün bir çox reket qəzetlərin, mətbuat orqanlarının nümayəndələri var ki, jurnalistikada qadın jurnalistin təkcə jurnalist kimi fəaliyyət göstərdiyini kölgə altına alır. Bəzi üzdəniraq KİV-lərə görə, bəzən bizə də başqa nəzərlə baxırlar. Dəfələrlə özüm qarşılaşmışam, gedib hər hansı məsələ ilə bağlı ciddi şəkildə açıqlama almaq istəyirsən, qeyri-ciddi təkliflərlə qarşılaşırsan. Bu xüsusən icra hakimiyyətləri, bələdiyyələr, bu kimi orqanlarda daha çox başıma gəlir. Özümün "reket jurnalistlər” kimi olmadığımı sübut etmək isə çox zaman alıb. Çatışmazlıqlar var. Təbii ki, mətbuat xidmətləri ilə qarşılıqlı işləmək ən böyük problem və çatışmazlıqdı. Vaxtlı-vaxtında sorğularımıza cavab ala bilmirik, bəzən keçirdikləri tədbirləri elə şəkildə yazıb göndərirlər ki, 2-3 səhifəlik cümlə yığınından ibarət olur.
"Jurnalistika qadın sənəti deyil” stereotipi artıq aradan qalxıb. Hətta bir azdan jurnalistika qadın sənətidir deyiləcəyinə inanıram. Çünki qadınlar daha dürüst, daha cəsarətli və "xaltura” etmədən çalışır”.
Şəymən
Davamı olacaq...