Paşinyanın partiyası bu seçkidə də qələbəni bayram edəcək - ŞƏRH

Rusiyameyilli qüvvələrin və digərlərinin seçkidə şansları o qədər də yüksək deyil

Ermənistanda 7 iyun tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı gərginlik artıb. 

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının üzvlərinin vətəndaşlara seçki rüşvəti vermələri məsələsinə münasibət bildirib.

Bu taktikanın işə yaramayacağını bildirən Paşinyan qeyd edib ki, o, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistanda seçki rüşvəti taktikası işləmir, bundan sonra da işləməyəcək: “Sizcə, 2021-ci il seçkilərində seçki rüşvəti verilməyib? Cinayət işləri açılıb, insanlar mühakimə olunub, məhkum edilib, onların arasında parlamentə seçilən müxalifət nümayəndələri də var. Artıq belə bir şey yoxdur, o dövr çoxdan geridə qalıb”.

Xatırladaq ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu gün seçki rüşvəti vermək və almaqda şübhəli bilinən “Güclü Ermənistan”ın 14 üzvünün saxlanıldığını açıqlayıb. Hakimiyyət orqanları seçki prosesinin şəffaflığını qorumaq üçün nəzarəti gücləndirdiyini desə də, müxalifət bu cür həbslərin seçki kampaniyasına mane olmaq məqsədi daşıdığını iddia edir.

Politoloq Elvin Baxşəlizadə "Sherg.az"a açıqlamasında artıq Ermənistanda seçki prosesinin başlamaq üzrə olduğunu xatırladıb: “Ermənistanda parlament seçkiləri öncəsi siyasi proseslər aktiv fazaya keçib və əsas fiqurlar arasında rəqabət daha da kəskinləşir. Erməniəsilli rusiyalı sahibkar, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan qarşıdan gələn seçkilərin ən iddialı namizədlərindən biri kimi çıxış edir. Karapetyanın dünən keçirilən məhkəmə prosesində səsləndirdiyi açıqlamalar da seçki kampaniyasının mühüm hissəsi kimi qiymətləndirilə bilər. Belə ki, o, Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını elan edərək yalnız Ermənistan vətəndaşı kimi siyasi mübarizəyə qatılacağını vurğulayıb. Bu addım, əslində, onun elektorat qarşısında legitimliyini artırmağa və “xarici təsirlərdən uzaq milli siyasi fiqur” imici formalaşdırmağa hesablanmış siyasi gediş kimi dəyərləndirilir.

Qeyd edim ki, 2025-ci ilin iyununda həbs olunan Karapetyan, din xadimləri ilə hökumət arasında yaranmış gərginlik fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra saxlanılmışdı. O, həbsini siyasi təzyiq kimi təqdim edərək, bunun hakimiyyət tərəfindən rəqiblərin zəiflədilməsi məqsədi daşıdığını iddia edir. Bu ritorika isə onun tərəfdarları arasında müəyyən simpatiya formalaşdırsa da, geniş elektorat səviyyəsində hələ ki, həlledici təsir gücünə malik deyil”.

E.Baxşəlizadə qeyd edib ki, hazırda Ermənistan xalqının böyük hissəsi Paşinyanın siyasi xəttini dəstəkləyir: “Paşinyanın həm daxili, həm də xarici siyasəti ölkə daxilində böyük dəstəyə malikdir. İqtisadi göstəricilər də artıq neçə ildir müsbət dinamika nümayiş etdirir. Bu da əlbəttə ki, yerli əhalini qane edən məqamlardır. Bu baxımdan Rusiyameyilli qüvvələrin və digərlərinin seçkidə şanslarını o qədər də yüksək qiymətləndirmirəm. Hansısa fors-major hadisələr olmasa, Paşinyanın partiyası bu seçkidə də qələbəni bayram edəcək”.