Tramp: İranla razılaşmaya çox yaxınıq

Növbəti görüş həftəsonu baş tuta bilər

ABŞ Prezidenti Donald Tramp İranla bağlı aparılan danışıqlarda böyük irəliləyiş əldə olunduğunu və növbəti görüşün həftəsonu keçirilə biləcəyini bildirib. O qeyd edib ki, razılaşma əldə olunmadığı təqdirdə münaqişələr yenidən alovlana bilər.

Trampın sözlərinə görə, İran nüvə silahına sahib olmamaq və əlində olan nüvə materialını təhvil vermək barədə razılıq verib.

“Onlar nüvə materialını verməyə razılaşıblar. Bu, B-2 bombardmançı təyyarələri ilə həyata keçirdiyimiz hücum nəticəsində yerin altında qalan materialdır. İranla bir çox razılaşmalarımız var və hesab edirəm ki, bu, müsbət nəticə verəcək”, - deyə ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, İran üçün nüvə proqramı ilə bağlı 20 illik məhdudiyyət nəzərdə tutulmayıb, lakin ölkə nüvə silahına malik olmayacaq.

Tramp həmçinin vurğulayıb ki, İran razılaşma əldə etmək istəyir: “İki ay əvvəl qəbul etmədikləri məsələlərə bu gün daha açıq yanaşırlar”.

ABŞ Prezidenti əlavə edib ki, İranla razılaşmaya çox yaxın olduqlarını düşünür.

Bundan başqa, Tramp Livanda əldə olunan atəşkəsin “Hizbullah”ı da əhatə edəcəyini qeyd edib.