Qələm, yoxsa klavyatura?

Yaşlı nəsil qələm və kağızı, gənclər isə kompüteri seçir



(əvvəli ötən sayımızda)

İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı bəşəriyyətə müsbət çalarlarla yanaşı, mənfi tendensiya da bəxş edib. Müsbət hal oldur ki, müasir texnologiyaların vasitəsilə insan dünyaya açılır və yaşanan proseslərdən məlumatlı olur. Arzuolunmaz məqamlar isə budur ki, bəzən müasir texnologiya bizə qədimdən, dədə-babadan yadigar qalan və ənənəyə çevrilmiş dəyərləri unutdurur. Necə ki, kompüterlər əksər qələm adamlarına qələmlə yazmağı unutdurub.

Bəli, bu gün bir çoxları üçün qələmlə yazmaq arxa plana keçib. Səbəbi isə qələmlə kağızın yorucu olması və korrektə imkanlarının olmaması ilə izah edilir. Bununla yanaşı, qələmi əvəzolunmaz hesab edib, "kağızın ağı, qələmin qarası” deyib, bu ənənəni hələ də davam etdirənlərə də rast gəlinir. Bu kateqoriyaya aid olanlar isə yazılarını silinmə təhlükəsinə görə kompüterə etibar etmirlər və iddia edirlər ki, qələmlə yazanda özlərini daha rahat, dolğun ifadə edirlər və fikirləri aşıb-daşır. Bir sözlə, qələm onlara daha da güc və ruh yüksəkliyi verir. Biz də bu fərqli yanaşmaları nəzərə alıb, baş redaktor, yazıçı və jurnalistlər arasında sorğu keçirdik.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, şəraitdən asılı olaraq yazı yazmağın bütün formalarından istifadə edir: "Hətta lazım gələndə mobil telefonda da müəyyən məsələləri qeyd edib, əməkdaşlarımıza göndərirəm. Lazım gələndə fərdi kompüterdə işləyirəm. Lazım gələndə ən klassik forma olan qələmlə yazıram. Ancaq etiraf edim ki, ən çox sevdiyim, ayrılmaq istəmədiyim yazı yazmaq üslubu ağ kağızda avtoqələmlə yazmaqdır. Ümumiyyətlə, diyircəkli qələmə alışa bilmirəm. Sovet dövründən 25-30 il bundan öncə işlətdiyim avtoqələm var ki, hələ də onlardan istifadə edirəm. Mənə elə gəlir ki, "avtoruçka”larla daha məhsuldar işləyirəm. Mənim üçün ağ kağız və avtoqələmlə işləmək daha üstündür. Məhsuldarlığımı artırır. Amma hamısından istifadə edirəm”.

"Qələminə qüvvət” ifadəsi əvəzinə formalaşmış "klavyaturana qüvvət” deyiminə gəlincə, A.Quliyev söyləyib ki, bu fikir bir balaca nataraz səslənir: "Nəzərə almaq lazımdır ki, qələminə qüvvət ifadəsi heç də hərfi mənada deyilmir. Bu ifadənin arxasında daha geniş anlam var. Daha ürəkli və daha gözəl xətlə yazmaq nəzərdə tutulur. O ifadənin məzmunu daha genişdir. Düşünürəm ki, "qələminə qüvvət” formasını işlətmək daha arzuolunandır. Bu ifadəni yaşatmağa çox böyük ehtiyac var”.

Baş redaktorun qənaətincə, gələcəkdə kompüter texnologiyaları o qədər sürətlə inkişaf edəcək ki, jurnalistin yazdığı qeydlər heç vaxt itməyəcək və itmə ehtimalı sıfıra bərabər olacaq: "Ancaq həmin anlarda da avtoqələm və yaxud diyircəkli qələmdən istifadə edənlər hobbilərini yenə də davam etdirəcəklər. Fikrimcə, avtoqələm və diyircəkli qələmdən istifadə hər kəsin içindən gələn bir bağlılıqdır. Bunun uzun illər yaşayacağına şübhə etmirəm”.

A.Quliyev diqqətə çatdırıb ki, avtoqələmlə işləmək ona ruh verir: "Avtoqələmlə işləyəndə insan təkcə düşüncə qabiliyyətini ortaya qoymur. Hətta əlinin nə yaratmaq qüdrətində olduğunu şəxsən öz gözləri ilə görə bilir. Öz xəttini görə bilir. Adamlar var ki, ağ kağızın üzərində yaza bilmir. Məsələn, kompüterdə yazmağa adət etmiş insanlara ağ vərəq və qələm verin, düz xətt boyunca yazmağı bacarmayacaq. Amma avtoqələmlə işləyənlər ağ kağız üzərində yaratdıqlarından da bir növ zövq alırlar. Bu, avtoqələmlə işləməyin üstünlüklərindən biridir. Bax, elə hazırda da əlimdə avtoqələm yazı yazıram”.

"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu, şəraitdən asılıdır: "Qələmlə də yazıram, kompüterlə də. Amma bütövlükdə deməzdim ki, qələm adamları qələmdən uzaqlaşıb. Təbii ki, elə bir yazı olur ki, onu hökmən əlyazma formasında yazmaq lazım gəlir. Düşünürəm ki, işini bilən, peşəkar insanlar bunu yaxşı yadında saxlayır. Elə yazılar olur ki, onu çevik yazmaq lazım olur. Belə olan halda kompüterdən istifadə etmək zərurəti yaranır. Bir daha söyləyirəm ki, o baxır nəyi, nə vaxt və hansı məqamda yazırsan. Bu yazının üslubundan, məqamından və nə yazmağından asılıdır”.

Baş yazar düşünür ki, qələm yazının və onu yazanın məsuliyyətini artırır: "Həm də qələm insanın düşüncəsində müəyyən yeniliklərin ortaya çıxmasına müsbət təsir göstərir. Qələmə çox üstünlük verirəm. Qələmin üstünlükləri çoxdur. Qələm sözə və yazıya məsuliyyətlə yanaşmaq üçün böyük bir stimul verir”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov həmişə klavyaturada yazdığını deyib: "Qələmi bir az yadırğamışam. Qələm adamı yorur. Həm də hövsələm daralır. Klavyaturada isə çox rahat yazıram. Fikirlərimi daha yaxşı cəmləyirəm. Yazmaq deyil, fikirləşmə prosesinə fokuslaşıram. Qələmlə yazanda adam qələmlə kağıza fokuslaşır. Amma klavyaturada yazanda daha çox fikirləşmə prosesinə fokuslaşıram. Ona görə də, klavyatura mənim üçün daha rahatdır və üstəgəl, redaktə imkanları da qat-qat elastikdir. Klavyaturada yazmağa üstünlük verirəm və qələmlə yazanları baş düşmürəm. Başa düşə bilərəm. Amma bu, praktik deyil”.

Baş redaktor qələmin insana "təb” gətirəcəyini düşünmür: "Fikirləşmə prosesində "təb”dən söhbət gedə bilməz. Fikirləşmə tələb edən yazıda klavyatura daha məqsədəuyğundur”.

Kompüterlə yazılan yazıların itmə təhlükəsinə gəlincə, V.Məmmədov diqqətə çatdırıb ki, indiyə qədər elə bir problemlə üzləşməyib: "15 il əvvəl yazdığım yazılar bu gün də qalırlar. Heç biri itməyib. Hamısı qalır. Amma kağızda yazdığım yazıların heç bilmirəm hansı harada qalıb”.

Jurnalist Mübariz Bayramov isə bunu həyat vərdişi adlandırıb: "Canlılardan xüsusən insan hər mühitə öyrəşə bilən varlıqdır. Yəni, qələmdən klavyaturaya keçid sadəcə, formanı dəyişir, mahiyyət qalır. Sadəcə, vərdiş keçidi insanı incidə bilər. Bir də burada yaş amili sözünü deyir. Bizim yaşlı nəslin böyük əksəriyyəti əlbət ki, klavyaturadan uzaqdır. Amma düşüncələrin qeydə alınması forması texniki iş olduğundan qələmlə klavyatura ciddi fərq etməməlidir. Hansının üstün olması fərdə görə dəyişir. Eyni zamanda mətnin publisist, elmi və s. üslubda olması da vacib amildir. Zənnimcə, bədii üslub ilk olaraq qələmi nəzərə alır”.

Azadinform.az saytının baş redaktoru Niyaz Niftiyev də diqqətə çatdırıb ki, 2000-ci ildən kompüterdə yazmağı öyrənib: "Düşünürəm ki, qələmlə və ya kompüterin klavyaturasında yazmaq nəyisə dəyişmir. Əsas odur ki, öyrəşib fikirlərini ifadə edə biləsən. Kompüterlə yazmağın isə mənə görə üstünlükləri çoxdur. Əvvəla, yazdıqlarının üstündə işləyə bilirsən və bu, tez bir zamanda baş verir. İkincisi, İKT inkişaf edib, müxtəlif proqramlar var, onların köməyi ilə daha az səhv edirsən. Bu proqramlar həm də bizim üçün korrektor rolunu oynayır, bir növ həm də maariflənirik. "Qələmlə daha yaxşı yazmaq” fikrini irəli sürənləri də başa düşmək lazımdır. Əslində bir dövrə qədər, xüsusən də məktəb və tələbəlik illərində qələmlə yazmağın tərəfdarıyam. Təbii ki, hər birimiz bu mərhələni keçmişik, hazırda qələmlə yazmağı demək olar unutmuşam, hətta yazanda belə səhvlər edirəm, bəzi hərfləri ani də olsa axtarmalı oluram”.

Tərcüməçi-yazar Əziz Rzazadə isə vurğulayıb ki, istər sürət baxımından, istərsə də yazıya düzəlişlər etmək baxımından klavyaturanın imkanları daha genişdir: "Kağızı qaraladıqca, yazmaq həvəsi də sönür. Kompüter bu çirkli işin üstündən xətt çəkir. Qələmlə yazmaq indi ancaq tənbəllik əlaməti sayıla bilər. Adamlar öz eyiblərini bu yolla gizlədirlər. Görəsən, quldarlıq dövrünün yazarları da bu dərdi çəkib?! Çox gülməli "səbəb”di”.

Ə.Rzazadə onu da əlavə edib ki, insan nəsli gil səhifələrdən kağıza qədər, nəhayət, çap maşınının ixtirası və kompüterlə yeni yazı texnologiyaları əxz edib. Həmişə də köhnə nəsil yenisini unutqanlıqda, keçmişə xor baxmaqda və s. ittihamlayıb: "Yazı həmişə yaşayır. Mətnin nəylə yazılması və nədə yazılmasından asılı olmadan. Amma yaddaqalan, təbii ki, cana şirin gələn, içindən tikan çıxaran mətn olur”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb