Qənaət rejiminə hazır olun!

Vüqar Bayramov: “İnsanlar hazırkı çətin durumda səyahət və əlavə geyim xərclərindən imtina etməli, israfçılığa yol verməməlidir”
Əhməd Qəşəmoğlu: “Özünü kimlərəsə göstərmək, meşşanlıq eləmək, yaxud da kimlərləsə bəhsə girmək xatirinə pul xərcləmək dövrü keçib artıq”


2016-cı ildə yaşanan və Azərbaycandan da yan ötməyən qlobal böhrandan çıxış yolları ilə bağlı müxtəlif səviyyələrdə təkliflər irəli sürülür, dövlət proqramları qəbul edilir. Hətta ən böyük dövlət qurumları belə, ötən ilin sonlarından 2016-cı ildə qənaət rejiminə keçdikləri ilə bağlı bəyanat veriblər. Amma hökumət qənaət rejiminə keçidlə bağlı anons versə də, böhran vaxtı insanların necə davranması, hansı xərclərdən imtina etmələrinə dair konkret tövsiyələrdə bulunmayıb.

Amma bizdən fərqli olaraq Rusiya Mərkəzi Bankı ölkədə yaranan dərin iqtisadi böhranla əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Mərkəzi Bank sədrinin köməkçisi Sergey Şvetsov müraciətində ruslara televizor, paltaryuyan maşın və digər bu kimi texniki avadanlıqlara pul xərcləməməyi tövsiyə edib: "Xərclərinizi dəqiq aparın. Artıq israflara yol verməyin. Ciddi ehtiyac və zərurət yoxdursa, televizor, paltaryuyan və bu kimi avadanlıqlara pul xərcləməyin. Çünki hazırda elə bir vəziyyət yaranıb ki, hər kəs işini itirmək təhlükəsi ilə üz-üzədir. Bu üzdən xərcləməmək, qazancınızdan "dar gün” üçün saxlamağınız çox vacibdir”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM), iqtisadçı-eksperti Vüqar Bayramov hesab edir ki, hazırkı durumda vətəndaşlar öz büdcələrinə yenidən baxmalı və bəzi xərcləri təxirə salmalıdırlar: "Düşünürəm ki, qənaət rejiminə keçidlə əlaqədar insanlar pullarına qənaət etməli, əlavə xərclərə yol verməməlidirlər. Belə durumlarda qənaət etmək çox vacib məsələdir. İlk növbədə, daha vacib xərclər ödənilməlidir. Təhsil, səhiyyə xərcləri bu sıradandır. Yalnız vacib olan xərclərin reallaşması daha önəmlidir. Bunun reallaşması hesabına pula qənaət etmək mümkün olacaq. Devalvasiyadan sonra xərclərin artması gözlənilən olduğu üçün qənaət prinsipi mütləq lazımdır”.
İqtisadçı hesab edir ki, insanlar hazırkı çətin durumda səyahət və əlavə geyim xərclərindən imtina etməli, israfçılığa yol verməməlidir.

Devalvasiyanın əksər dükan və restoran şəbəkələrini vurduğunu deyən ekspert qeyd edib ki, alıcılıq qabiliyyəti aşağı düşəcəyindən xidmət sahələrinin bəzilərində təkliflər azalacaq: "Devalvasiyadan sonra monitorinqlər göstərir ki, fəaliyyətlərini dayandıran xidmət sahələrinin sayında artım var. Bundan sonra alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu da xidmət sahələrinə təsirsiz ötüşməyəcək”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, qənaət rejimində əldə olan pulu fiziki sağlamlıq və mənəviyyata xərcləmək lazımdır: "İnsan həyatında, sadəcə maddi dəyərlərə xidmət edən xərclərdən uzaq durmaq lazımdır. Özünü kimlərəsə göstərmək, var-dövləti ilə meşşanlıq eləmək, yaxud da kimlərləsə bəhsə girmək xatirinə pul xərcləmək dövrü keçib artıq. Hər şeyi itirmək olar, onsuz da dünya malı dünyada qalır. Biz var gücümüzlə çalışıb öz sağlamlığımızı, mənəviyyatımızı və əməyə münasibətimizi qorumalıyıq. Bunun üçün də indiki maliyyə böhranından yararlanıb, öz milli kimliyimizə qayıtmalıyıq. Böhrana qədər ölkədə sanki meşşanlaşma prosesi gedirdi. Maddi dəyərlər milli dəyərlərimizi üstələmişdi. Düşünürəm ki, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhrandan milli-mənəvi dəyərlərimizin təbliği üçün bir fürsət kimi istifadə etmək olar”.

Şəymən