Qərar cəmiyyətin gələcəyinə hesablanıb
Bundan sonra körpələr televiziya ekranına təhlükəsiz baxa biləcəklər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilir:
"Maddə 11-1. Reklamda uşaqların müdafiəsi: Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda bunlar qadağan olunur. Valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi; Başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması; Qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar; Həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə; Uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində), audio və video materiallarda yerləşdirilməsi; Uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması; Uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi; Alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
Prezidentin sərəncamı kütləvi informasiya vasitələrindən uşaq hüquqlarına daha diqqətli yanaşmanı tələb edir. Eyni zamanda valideynlər də, bizcə, bundan sonra rahatlaşacaqlar. Uşağını televizor qarşısında qoyub mətbəxdə biş-düşə başı qarışan analar ehtiyatlanmayacaq ki, birdən ekranda nəsə lazımsız söz danışılar, zərərli vərdişlər aşılayan reklamlar verilər. Təbii ki, bu çox gərəkli və vaxtında imzalanmış sərəncamdır. Bundan sonra körpələr televiziya ekranına təhlükəsiz baxa biləcəklər.
Tele-təhlükə uşaqlardan uzaqlaşır
"Mama, "kinder” istəyirəm, tez ol, "kinder” al” çığırışlarını azmı eşitmişik. Yoxsa, marketdə iki ayağını bir başmağa dirəyib, özünü yerlərə sürtən ipə-sapa yatmaz uşaqları heç görməmişik?! Ətrafdan keçib gedənlər adətən belə vəziyyət gördükdə, ananı - valideyni qınayır; uşağa tərbiyə verə bilmirlər, belə də uşaq olar?! Hələ bir az da irəli gedib; mənimki qələt eləyər, nəsə istəyər, bir şapalaq vuran kimi səsini kəsir!.. Sadə azərbaycanlı təfəkkürü, sadə azərbaycanlı ailəsinin dəyişilməz mənzərəsi. Amma düşünmürük ki, uşaqları ipə-sapa yatmaz edən həm də evlərin çağırılmamış qonağı televiziyalar və orada reklam olunan ərzaqlar, əşyalar, oyuncaqlardır. Bütün telekanallarda səhər-axşam, fərqi yoxdur, günün istənilən vaxtında hər bir əşyanın, ərzağın, oyuncağın reklamı gedir. "Kinder sürpriz”lər hətta köhnəlmiş də hesab edilə bilər. İndi "Barni”lər, "Ozmo”lar, südlü kinder dilimləri, şokolad yağları, "panda” dondurmaları, tərkibi rəngləndiricilər və qatqı maddələri ilə bol içkilər uşaqların beyninə yeridilir. Bu cür ərzaqların, qida məhsullarının orqanizmə zərərindən yetərincə danışılır, həkimlər, mütəxəssislər, dietoloqlar ziyanlarını deyir. Hələ bu danışılanlar yetkin insanlara aiddir. Yetkin insana zərər vurmaq gücündə olan ərzaq təbii ki, körpələrin və uşaqların orqanizmi üçün daha da böyük təhlükə daşıyır. Amma dünənədək əlimizdən bir iş gəlmirdi. O mənada ki, televiziyalara bununla bağlı irad bildirildikdə, "Reklam haqqında” qanunu ortaya gətirib qanun çərçivəsində çalışdıqlarını bildirirdilər. Bundan sonra isə televiziyalar məsuliyyətdən boyun qaçıra bilməyəcək. Çünki artıq "Uşaq hüquqları haqqında” qanuna müvafiq dəyişiklik edilib və bu dəyişiklik "Reklam haqqında” qanunla da uyğunlaşdırılıb.
"Burada KİV-in hüququ pozulmur, əksinə, uşaqların hüquqları qorunur”
Qeyd edək ki, "Uşaq hüquqları haqqında” qanuna məlum dəyişiklik bəzi telekanalları, yumşaq desək, təsirləndirib. Məlumdur ki, telekanallar reklam gəlirlərinə çox böyük önəm verir və reklamlardan əldə olunan gəlirlər telekanalların büdcəsində əhəmiyyətli yer tutur. Qanuna edilən dəyişiklik isə istər-istəməz televiziyaları qanunla ayaqlaşmaq məcburiyyətində qoyacaq, bu da gəlirlərə təsir etməyə bilməz. Hansı telekanal könüllü razılaşar ki, cizgi filmi nümayiş olunduğu vaxt "Kinder dilimləri” reklamı verilməsin. Axı, qazancını itirir.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bununla bağlı fikirlərini bölüşdü:
- Görürük ki, Azərbaycan dövləti cəmiyyəti narahat edən məsələlərə, o cümlədən də uşaq hüquqlarının qorunmasına çox həssas yanaşır. Uşaq hüquqları ilə bağlı qanunvericilik bazası formalaşıb, lakin bazanın təkmilləşməsinə də zaman-zaman ehtiyac duyulur. "Uşaq Hüquqları haqqında” qanuna edilən dəyişiklikləri bu mənada mütərəqqi hesab edirəm. Dəyişikliklərin məzmunu ilə tanış olduqda hər bir müddəanın çox xeyirli olduğu görünür. Kütləvi informasiya vasitələrində uşaq hüquqları, televiziyalardakı reklamlar hər zaman müzakirə predmeti olurdu, uzun müddət biz özümüz də bu məsələ barədə fikir mübadiləsi aparmışıq və bəzi reklam çarxlarının uşaqlara zərərli olduğunu dönə-dönə demişik. Amma danışmaqla problem həll olunmur. Görürük ki, televiziyalarda uşaq orqanizmi üçün zərərli qidaların reklamı gedir, dərsliklərdə, gündəliklərdə müəyyən əşyalar reklam olunur. Amma artıq qanun qəbul olunub və belə ziyanlı məsələlərə artıq son qoyulacaq. Televiziya cəmiyyətin ayrılmaz hissəsidir. Bunu hamı təsdiqləyir. Uşaqlar da, valideynlər də günün böyük hissəsini televiziya ilə təmasda keçirir. Əgər televiziyada bir zərərli ərzaq məhsulu reklam olunursa, uşaq onu görüb valideynindən tələb edir. Nə qədər belə hallarla rastlaşmışıq ki, uşaqlar ağlaya-ağlaya ana-atalarından reklam olunan hansısa şirniyyatı, oyuncağı almasını tələb ediblər. Elə valideyn var qətiyyətlidir, uşağın istəyini reallaşdırmır, amma elə valideyn də var ki, yumşaq xasiyyətlidir və uşağın istəyinə təslim olur. O zaman kimlərinsə əldə etdiyi gəlir kiminsə övladına ziyan vurur. Bunu da anlayışla qarşılayırıq ki, özəl televiziyaların pul qazanmaq, gəlir əldə etmək hüquqları var.
Televiziyalar cəmiyyətin həyatında xüsusi rol oynayır. Məhz bunu nəzərə alaraq özlərini düşündükləri kimi, cəmiyyəti də düşünməlidirlər. Ola bilməz ki, bütövlükdə cəmiyyətin formalaşmasında iştirak edən halqalar yalnız öz mənfəətini düşünsün. Uşaq verilişlərini reklamla kəsmək qadağan edilirsə, uşaqların zərərli reklamlardan qorunmasıyla bağlı qanun qəbul olunubsa, televiziyalar da buna əməl etməlidir. Hesab etmirəm ki, qanunun qəbulu ilə televiziyalar gəlirlərini itirsin. Reklam işləri ilə məşğul olanlar günün 24 saatında şübhəsiz, "kənarda qalmış” reklam çarxları üçün də vaxt tapa biləcəklər. Həm də diqqət edin ki, "Uşaq hüquqları haqqında” qanuna edilən dəyişikliklər digər mövcud qanunlarla uyğunlaşdırılıb. Yəni, burada kiminsə, hansısa kütləvi informasiya vasitəsinin hüquqlarının pozulmasından söhbət gedə bilməz. Və təbii ki, qanuna dəyişikliyin ən ümdə müsbət cəhəti uşaqlarımızın hüquqlarının qorunmasıdır. Kim istəyər ki, övladı zərərli təsirlərə məruz qalsın, yaxud ziyanlı ərzaqla qidalansın?! Bildiyim qədər, əlaqədar strukturlara 3-5 ay ərzində təkliflərini hökumətə təqdim etmək tövsiyə olunur. Buyursunlar, təkliflərini versinlər. Mövcud qanuna dəyişikliklə KİV-in reklam əldə etmək və yaymaq hüququna müdaxilə edildiyi fikrini qətiyyən qəbul etmirəm. Bizim üçün əsas övladlarımızın gələcəyidir. Uşaqlarla bağlı bütün məsələlərə həssas yanaşmalıyıq. Qəbul edilən bu dəyişikliklər də, hesab edirəm ki, bütövlükdə cəmiyyətin gələcəyinə hesablanıb.
"Televiziyalar narazı qalmasın deyə...”
Psixoloq Azad İsazadə də "Uşaq Hüquqları haqqında” qanuna edilən dəyişiklikləri müsbət xarakterizə etdi:
- Qadağalar öz yerində, amma gəlin görək, nəyi və necə qadağan etməliyik. Deyək ki, spirtli içkilər, siqaret, narkotik vasitələr, zorakılıq və s. birmənalı şəkildə zərərli təsirlərdir və onların hansısa formada təbliği qəbuledilməzdir. Amma elə reklam çarxları var ki, ilk baxışda heç bir zərərli təsir bağışlamır. Böyüklər də onu izləyir və zərərini görmədən təsiri altına düşürlər. Hətta yetişkin insanlarda da reklam olunan hansısa əşyanı, ərzağı almaq, əldə etmək həvəsi yaranır. Amma böyük adam, məntiqli davrana bilir, gəlirini-çıxarını hesablayır, ailə büdcəsinə göz gəzdirir və imkansızlığı gördükdə imtina edə bilir. Uşaq zehni isə fərqlidir. Təbii ki, uşaq büdcə məsrəfləri ilə tanış olmadığından, nəyin ziyanlı, nəyin ziyansız olduğunu bilmədiyi üçün gördüyünü tələb edir, istəyir. Və bunda hətta təkid də edir. Belədə əlbəttə, valideyn çıxılmaz vəziyyətdə qalır. Çox zaman da uşağın istəyini yerinə yetirir, hətta bilə-bilə ki, bu ərzaq, şirniyyat uşağa ziyanlıdır. Uşaqlar cizgi filmi ilə reklam arasında fərqli hallar sərgiləyir. Bəzi uşaqlar reklam çarxlarına cizgi filmindən də maraqla baxır. Uşaqlar reklam çarxlarını daha çox sevir və daha çox izləyir, nəinki cizgi filmləri və ya uşaq filmlərini, uşaq proqramlarını. Çünki müasir reklam çarxlarının əksəriyyəti çəkicidir. Burada kommersiya təşkilatının maddi maraqları var. Onlar reklamları məhz belə hazırlayırlar ki, diqqətçəkən olsun və marağa səbəb olsun. Məqsədlərinə də nail olurlar. Uşaqlar reklamlara daha çox baxırsa, onda nə etmək lazımdır? Reklamları onlar üçün ziyansız, müsbət hala gətirmək lazımdır. Buna da dövlət strukturları, komitə və təşkilatlar diqqət ayırmalıdır. Burada söhbət artıq sosial çarxlardan, sosial reklamlardan gedə bilər. Əlavə gəlir güdülmədən uşaqlar üçün müsbət xarakterli sosial çarxlar hazırlamaq lazımdır. Sosial çarxlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Televiziyalarda sosial reklamların öz vaxtı, öz yeri təyin edilməlidir, təyin edilmiş vaxtda da efirə verilməlidir. Əgər uşaqlar reklamlara meyl edirsə, reklamdakı ərzaqları, əşyaları tələb edirsə, bundan çıxış yolu uşaqlar üçün reklama oxşar, reklam formasında dərslər hazırlamaqdır. Reklamın üstünlüyü qısa məzmunlu, çəkici, maraqlı, cazibəli, rəngarəng olmasında deyilmi? Uşaqlar üçün də bu cür maraqlı dərslər, interaktiv dərslər hazırlanmalıdır. Belədə biz uşaqları zərərli təsirlərdən qoruya bilərik, televiziyalar da reklam itkisindən narazı qalmaz. Biz televiziyaları "valideynin nüfuzunu zədələyən reklamlar verməyin” deyib yükləyə bilmərik. Televiziyanın özünəməxsus missiyası var. Amma sırf uşaqlar üçün sosial çarxlar hazırlansa və bunlar da dövlət tərəfindən maliyyələşdirilsə, televiziyaların da işi yüngülləşər.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb